Dubayda cəmi 10 günlük ərzaq ehtiyatı qalıb

İrandakı müharibə və onunla bağlı yaranan vəziyyət Yaxın Şərqdəki bütün sahələrə təsirini göstərib.

Müharibə nəticəsində hərbi iqtisadi məsələlərlə yanaşı, bir qədər gözlənilməz şəkildə region ölkələrinin ərzaqla təminatı məsələsi də meydana çıxıb.

Dubay və ümumilikdə Körfəz regionunun ərzaq təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Son günlər beynəlxalq logistika şirkətlərinin və analitiklərin açıqlamalarında Dubayda təzə ərzaq ehtiyatlarının cəmi təxminən 10 günə yetə biləcəyi barədə xəbərdarlıqlar səslənib.

Qlobal logistika nəhəngi «Kühne+Nagel» şirkətinin baş direktoru Stefan Paul bildirib ki, regionda hava və dəniz daşımalarının pozulması nəticəsində Dubayda təzə ərzaq məhsullarının ehtiyatı təxminən 10 günə kifayət edə bilər. Onun sözlərinə görə, hava məkanının bağlanması və logistika marşrutlarının dəyişməsi qlobal hava yük daşımalarının həcmini təxminən 18% azaldıb. Bu isə xüsusilə meyvə, tərəvəz və digər tez xarab olan məhsulların çatdırılmasını çətinləşdirir.

Logistika problemlərinin əsas səbəbi isə region üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yaranan təhlükəsizlik riskləridir. Körfəz ölkələrinin böyük hissəsi qida məhsullarını məhz bu marşrut vasitəsilə idxal edir. Bu səbəbdən hərbi gərginliklər və daşımaların ləngiməsi təchizat zəncirində ciddi narahatlıqlar yaradır. Analitiklər bildirirlər ki, bu marşrutda fasilələr davam edərsə, logistika xərcləri artacaq və ərzaq qiymətlərinə də təsir göstərə bilər.

Məsələ bundadır ki, böyük neft ehtiyatlarına, gəlirlərə və var-dövlətə baxmayaraq körfəz ölkələri ərzaq təminatında idxaldan ciddi şəkildə asılıdırlar. Müxtəlif hesablamalara görə, regionda istehlak olunan ərzağın təxminən 80–90%-i xaricdən gətirilir. Buna görə də beynəlxalq ticarət marşrutlarında baş verən istənilən hadisə qısa müddətdə körfəzin ərzaq təminatına da təsirini göstərir.

Bununla yanaşı, BƏƏ hökuməti ölkənin ərzaq ehtiyatlarının tükənmədiyini, aylarla kifayət edəcəyini bildirərək bazarda panika üçün əsas olmadığını vurğulayır.

BƏƏ İqtisadiyyat Nazirliyi ölkənin strateji ərzaq ehtiyatlarının 4–6 ay ərzində daxili tələbatı qarşılamaq üçün kifayət etdiyini açıqlayıb. Nazirlik bildirib ki, supermarketlərdə və distribütorlarda ehtiyat səviyyəsi gündəlik monitorinq edilir və hazırda bazarda ciddi çatışmazlıq əlamətləri müşahidə olunğur.

Dubay və digər əmirliklərdə fəaliyyət göstərən iri pərakəndə satış şəbəkələri də bu mövqeni təsdiqləyir. Onların məlumatına görə, supermarketlərdə əsas ərzaq məhsulları üzrə ehtiyatlar aylıq tələbatı qarşılamaq üçün kifayət qədərdir və logistika gecikmələri hələlik ciddi defisit yaratmayıb.

Bununla yanaşı, indiki vəziyyət Körfəz ölkələrinin ərzaq təhlükəsizliyində problemləri üzə çıxarıb. Bu regionun dövlətləri uzun illərdir ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün xarici ölkələrdə kənd təsərrüfatına investisiya yatırır və anbarlarda böyük ehtiyatlar saxlayırlar. Məsələn, Dubayda yerləşən dünyanın ən böyük liman tipli şəkər emalı müəssisələrindən biri olan «Al Khaleej Sugar» elan edib ki, anbarlarda iki illik xammal ehtiyatı saxlayır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.