Dünya dini liderlərinin iqlim mesajı –Bakı Sammiti nə ilə yadda qaldı?

Azərbaycan neçə gündür dünyanın iqlim problemlərinin müzakirə edən mötəbər tədbirə ev sahiblyi edir.

BMT-nin COP29 Beynəlxalq Konfransına dünyanın 80-dən artıq ölkəsindən dövlət başçıları, Baş nazirlər, ictimai xadimləri, iqlim fəalları, dini liderlər, jurnalistlər gəlib.

Yüksək səviyyədə keçirilən tədbir bir daha ölkəmizin gücünü, mesajını və dayanıqlı inkişafın nəticələrini nümayişinə çevrilib.

Bu sırada COP29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti vacib çağırışların səsləndiyi platforma oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə noyabrın 5-6-da keçirilmiş zirvə görüşündə dünyanın 300-ə yaxın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimləri iştirak ediblər.

30-a yaxın dünyəvi və ənənəvi dinlərin liderlərinin, nüfuzlu dini mərkəzlərin başçılarının – patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimlərinin qatıldığı Sammit 55 ölkəni əhatə edib.

Azərbaycanda keçirilmiş sammit planetimiz üçün həyati önəm kəsb edən iqlim dəyişmələrinin mənəvi platformada müzakirəsinə həsr olunmuşdu.

Noyabrın 5-də Dini Liderlərin Qlobal Sammiti Azərbaycanın Dövlət Himni və müqəddəs “Qurani-Kərim”dən ayələrlə öz işinə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında qeyd edib ki, Azərbaycanda Böyük Zəfərdən sonra ilk dəfə keçirilən bugünkü Sammit dünyanı narahat edən iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi məramına xidmət edir.

Sammitdə iştirak edən Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciətini oxuyub.

Daha sonra BMT-nin baş katibi Antonio Quterreşin videomüracəti olub. O, dini liderlərin fəaliyyətinin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacib olduğunu bildirib.

Sammitdə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 – İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb.

Açılış mərasimində Türkiyə, Özbəkistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Misir və digər ölkələrin dini rəsmiləri çıxış edərək iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə dini çağırışların əhəmiyyətindən bəhs ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dini Liderlərin Qlobal Bakı sammitinin dünyaya verəcəyi mesajın gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacağını bildirib.

Şeyxülislam Allahşükür Paşazadə bir daha iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərdə qlobal dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. QMİ sədri bu baxımdan Prezident İlham Əliyev tərəfindən Yaşıl Dünya naminə Həmrəylik İlinin elan edilməsi dəyərli qlobal təşəbbüs və planetin gələcəyi naminə həmrəyliyə xidmət adlandırıb.

“Din xadimi kimi deyə bilərəm ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin, o cümlədən, qlobal istiləşmə və digər iqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulması, insanların ilahi qanunlardan, mənəvi-əxlaqi köklərindən ayrı salınmasıdır”-deyə Şeyxülislam vurğulayıb.

O bildirib ki, sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə – siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir.

Şeyxülislam sammitdə çıxışı zamanı Qlobal atəşkəsə çağırıb: “COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən biri də Qlobal atəşkəs təşəbbüsüdür və mən dünyamızın xilası, övladlarımızın gələcəyi naminə bütün dini liderləri bu təşəbbüsə dəstəyimizi ifadə etməyə çağırıram”.

QMİ sədri həmçinin COP çərçivəsində Dini liderlərin Məşvərət Şurasının yaradılmasını da təklif edib.

İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa çıxışında deyib ki, dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos hər kəsin təbiətlə sülh içərisində yaşamalı olduğunu deyib və iqlim dəyişikliklərinin həllini qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biri adlandırıb.

Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Əbdülsalam qeyd edib ki, ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş vurğulayıb ki, qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir.”Bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb” – deyə Ali Erbaş əlavə edib.

Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti bildirib ki, bu tədbir bizim planetimizi qorumağa hesablanıb. “İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur. Bəşəriyyətimizi qorumalıyıq”.

Tədbirdə, həmçinin Gürcüstan patriarx katolikosu II İliyanın müraciəti səsləndirilib. Azərbaycanın öz multikultural dəyərləri ilə tanındığını bildirən katolikos müraciətində, həmçinin bildirib ki, iqlim dəyişikliyindən danışarkən qlobal müharibələrdən bəhs etməmək mümkün deyil. “Bu gün bizim hər birimiz bu təhlükələrlə üz-üzəyik. Dünya böyük bir evə çevrilib, bu evdə münaqişələr var. Bu, qlobal təhlükəsizliyə də təsirini göstərir”.

Tədbirdə çıxış edən Əl-Əzhər Şeyxinin müavini, Əl-Əzhərin Böyük Üləmalar Heyətinin üzvü Mohammed Abdelrahman Muhamed EIDveny deyib ki dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar.

İclasda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsinin qürurverici olduğuna diqqət çəkib.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham Dayanıqlı İnkişaf Məqsədlərində dini icmaların rollarının xüsusi vurğulanmadığını bildirərək deyib ki, G20 Dinlərarası Dialoq Forumunun məqsədi də kökündən dəyişməlidir.

Dini Liderlərin Qlobal Sammitində Bakı Bəyannaməsi qəbul edilib.

Bəyannamədə Sammit iştirakçılarının müzakirələrin yekununda gəldiyi nəticələr, qlobal iqlim dəyişikliyi və digər ekoloji problemlərin həll yolları ilə bağlı müxtəlif fikirlər, bu istiqamətdə müxtəlif çağırışları və təklifləri öz əksini tapıb.

Din xadimləri dövlətlərə, beynəlxalq, regional, dini, ictimai təşkilatlara müraciət edərək  insan həyatının və təbiətin müqəddəsliyini tanımağa, bütün canlıları və təbiəti qorumaq dəyərlərinə hörmət etməyə, ekoloji bərabərlik və ədaləti müdafiə etməyə çağırıblar.

Onlar həmçinin süni intellekt texnologiyalarından düşünülmüş şəkildə istifadə olunmasını tövsiyə ediblər. Dini liderlər həmçinin dini, mədəni və etnik müxtəlifliyin qorunmasına, bunlara hörmət edilməsinə dəstək verməyə, dünya dinlərinin mənəvi-əxlaqi dəyərlərinə əsaslanan ekoetikanı təbliğ etməyə çağırıblar.

Daha sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

Bununla da iki gün davam edən Dünya dini liderlərinin qlobal Bakı Sammiti başa çatıb.

Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət ediblər.

Ağdama yollanan Cümə məscidində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın imamlığı ilə camaat namazı qılıblar.

Sammit iştirakçıları Xankəndiyə də səfər ediblər, “Zəfər” meydanında xatirə şəkli çəkilib. Səfər çərçivəsində Şuşaya yollanan heyət Cıdır düzündə olub. Qonaqlar Bülbülün, Natəvanın və Üzeyir bəyin ermənilər tərəfindən güllələnmiş büstlərini, ardınca Şuşa qalasını ziyarət ediblər. Səfər Yuxarı Gövhər ağa məscidində din xadimlərinin camaat namazı qılması ilə yekunlaşıb.

Dini liderlərin azad olunmuş ərazilərə səfər etməklə  Azərbaycanın öz ərazi bütövlyüyünün bərpası üçün apardığı ağır mübarizənin nəticələrini, düşmənin Qarabağ torpağında əl atdığı vəhşilikləri, dini mədəni abidələrə qarşı vandalizmi öz gözləri ilə gördülər.

COP29 çərçivəsində keçirilmiş bu zirvə görüşü dünyanın diqqətinin Azərbaycanda olduğu bir məqamda dövlətimzin tolerantlıq siyasətinin nümayişi üçün yaxşı bir fürsət oldu.

Tədbir ilk növbədə beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirdi, uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoydu, eyni zamanda, Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdim edə bildi.

Bakı Sammitinin əsas müzakirə mövzusu iqlim fəsadlarına qarşı din xadimlərinin dünyaya öz mesajını vermək oldu.

Azərbaycanı isə qlobal təhlükəyə qarşı birgə mübarizədə vacib tərəfdaş kimi təqdim edə bildi.

İqlim miqrantları, su qıtlığı, artan sosial gərginlik qlobal istiləşmənin dünya siyasəti üçün mümkün fəsadı sayılır.

İqlim dəyişikliyi və ona uyğun hərəkət qlobal yanaşmanı tələb edir. Ona görə, iqlim mühafizəsi ideyaları getdikcə daha çox ictimai rəyə nüfuz edir, buna qarşı birgə səylər həyati məsələyə çevrilir.

“Üçüncü dünya”, “qara qitə”, bir çox kasıb ölkələr ekoloji və sosial böhranlar üzündən “yaşamaq və ya inkişaf” dilemması ilə üzləşirlər. Bu baxımdan problemlərin öhdəsindən gəlmək üçün Yer kürəsinin bir hissəsi olduğumuzu anlamalı, yeni birlik mədəniyyəti üçün bağlar qurmalıyıq.

İqlim böhranı təkcə sosial problem deyil, eyni zamanda mənəvi böhrandır. Bu böhranın həlli üçün əlində mənəvi hakimiyyət olan dini liderlərin prosesdə iştirakı vacibdir.

Dini liderlərin qlobal istiləşməyə qarşı belə mötəbər toplantılarda iqlim dəyişikliyi probleminin konstruktiv həlli üçün mesajlarını verirlər. Bakı Sammiti də bu baxımdan yaddaqalan oldu.

Təbiəti, insan həyatını qorumaq üçün “yaşıl mücadilə” iqlim dəyişikliyinin təhlükələrini dərk etməyə, təbiətə ədalətli və hörmətlə yanaşmağa vadar edəcək.

COP29 çərçivəsində keçirilmiş zirvə görüşündə dini liderlər iqlim böhranının həlli üçün vacib amil olan etik məsuliyyəti müzakirə etdilər. Bu özündə iqlim dəyişikliyi ilə bağlı cəhaləti aradan qaldırmaq və ekoloji problemlər haqqında məlumatlılığı artırmaq üçün kollektiv səyi tələb edir.

Din bizə fani dünyada Allahın verdiyi nemətlərə insanın yanaşmasını öyrədir, “olar, olmaz” qadağalarını göstərir. Buna görə də iqlim dəyişikliyi problemi də dini problemdir. Müxtəlif olsaq da dünyaya xatırlatmaq vacibdir ki, ümumi evimizi müdafiə etməyə borcluyuq.

Azərbaycanda COP29 çərçivəsində keçirimiş dini liderlərin sammiti iqlimlə bağlı fəaliyyətin həyata keçirilməsində inanca əsaslanan əlaqəni və dinlərarası dialoqu təşviq etmək üçün mühüm toplantı hesab etmək olar. Bakı Sammiti həmçinin ekoloji problemlərin həlli ilə bağlı dini liderləri üçün müzakirə və mübadilə paltforması oldu.

 

A.ABBASOV

 

 

 

 

 

Əvvəlki məqalə

Tbilisidə müxalifət seçkinin nəticələrinə qarşı yürüş təşkil edib

Sonrakı məqalə

Bayden Kiyevə Rusiyanın dərin ərazilərinə raket zərbəsi endirməyə icazə verdi