Dünyada son sutkada 85 minədək insan koronavirusa yoluxub

26 Aprel 2020 - 23:17

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 85 minədək insan yoluxub ki, bu da ötən günlə müqayisədə 8 min nəfər azdır. Son bir gündə 6 mindən çox insan isə bu virusun qurbanı olub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda deyilir.

26 aprel, Bakı vaxtı saat 12:00-a olan statistikaya görə, dünyada 2 804 796 nəfər yeni növ koronavirusa yoluxub, 193 722 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 84 900 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 6018 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 341 851 yoluxma və 122 218 ölüm. Sutka ərzində burada yoluxanların sayı 27 185, ölənlərin sayı isə 2756 nəfər artıb.

Şimali və Cənubi Amerikada virusa yoluxanların ümumi sayı 1 094 846 nəfər təşkil edir, indiyədək 56 063 nəfər də ölüb.

ÜST-ün məlumatına görə, ən çox yoluxanlar ABŞ-dadır – 899 281 nəfər. Onun ardınca İspaniya (219 764), İtaliya (195 351), Fransa (154 175), Almaniya (154 999) və Böyük Britaniya (143 381) gəlir.