Avropa İttifaqı dünyanın dayaqlarından biri kimi mövqeyini itirə və çökə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus xalqına və parlamentinə ünvanladığı müraciətində bildirib. “Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ. Əslində, Avropa İttifaqını da dördüncü dayaq hesab edirəm. Lakin onların daxili parçalanmasını və isterik tələblərini nəzərə alsaq, bu qütb çökə bilər”, – deyə dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, yeni cazibə mərkəzi kimi Hindistan da formalaşmaqdadır.
A.Lukaşenko qeyd edib ki, Belarus ilə ABŞ arasında dialoq bəzən sərt və israrlı xarakter daşıyır, lakin bu, güclünün güclü ilə apardığı danışıqlardır.
Belarus sanksiyalara baxmayaraq, ötən beşillik dövr ərzində ixrac üzrə qarşıya qoyulan hədəfə nail olub.
“Biz razılaşdıq ki, sanksiyalara istinad edilməyəcək. Bu mövzuları uzadıb müzakirə etməyə vaxt yox idi, hər bir ixrac rublu uğrunda mübarizə aparmaq lazım idi. 2020-ci ildə ixracın artırılması üzrə plan göstəricisini 50 milyard dollar səviyyəsində müəyyən etdik. Nəticədə biz təkcə bu rəqəmə çatmadıq, eyni zamanda, dünyanın təxminən 190 ölkəsi ilə ticarət əlaqələrini davam etdirdik”, – deyə Belarus lideri vurğulayıb.