BMT-nin bazar ertəsi verdiyi açıqlamada bildirilir ki, Somali, Konqo, Əfqanıstan və Suriya uşaqlar üçün ən təhlükəli münaqişə bölgələri siyahısına başçılıq edir. Həmçinin bu bölgələr uşaqların ağır istismara məruz qaldığı ölkələrin illik qara siyahısına daxildir və dünyadakı bu tip pozuntuların təxminən 60 faizi bu ölkələrin payına düşür.
BMT-nin silahlı münaqişəli uşaqlar üzrə xüsusi nümayəndəsi Virciniya Qamba bazar ertəsi jurnalistlərə deyib ki, uşaqlar artıq beynəlxalq gündəmin son prioriteti və planetdəki ən az qorunan bir qrup şəxs ola bilməzlər.
“Uşaqların şiddət və istismarına alternativ tapmağımız lazımdır. Sülh, uşaq hüquqlarına hörmət və demokratiya lazımdır” – deyə, o bildirib.
Qamba 2020-ci ildə ən çox yayılan qanun pozuntuları arasında uşaqların təhlükəsizlik qüvvələri və silahlı qruplara cəlb olunması, uşaqların öldürülməsi və şikəst edilməsi olduğunu bildirib.
“Əvvəlki illərlə müqayisədə uşaqların qaçırılmasının 90 faiz artması, eyni zamanda təcavüz və digər cinsi zorakılıq məsələlərində əvvəlki illərlə müqayisədə 70 faiz artım qeydə almağımız bizi olduqca narahat edir” – deyə, Qamba əlavə edib.
Hesabatda bildirilir ki, 2020-ci ildə münaqişə bölgələrində 3200-dən çox uşağın qaçırıldığı təsdiqlənib və ən az 1268 nəfər isə cinsi zorakılığın qurbanı olub.
Qamba ən pis cinayətlərin ilk növbədə Somalidəki Şəbab terrorçuları tərəfindən törədildiyi bildirir. Pozuntuların üçdə ikisini isə Əfqanıstandakı Taliban, qalan hissəsini isə hökumət və hökumət tərəfdarı silahlı qruplaşmaların həyata keçirdiyi vurğulanır.
Myanma isə işə cəlb və istifadə edilən ən çox uşaq daxil olmaqla, ciddi pozuntular siyahısında ən yüksək sıralarda yer alarkən, Yəmən öldürülən və ya şikəst olan uşaqlara görə ən yüksək göstəricilərə sahibdir.
Əsasən Əfqanıstan, Konqo, Suriya və Burkina Fasoda məktəblər və xəstəxanalara hücumlar keçən il yüksək olaraq qalmaqdadır – 856 hücum.
“Qızların təhsil alması məsələsi xüsusi ilə hədəf alınır” – deyə, Qamba bildirib.
Hesabatda nisbətən yaxşı xəbərlər də yer alıb. Belə ki, vəkillik səyləri nəticəsində silahlı qruplar və təhlükəsizlik qüvvələri 12643 uşağı sərbəst buraxıb. Və Qabmabının ofisi ilə əlaqə saxlayıb, fəaliyyət planlarını imzalayan, uşaqlara qarşı yeni öhdəliklər götürən qrupların sayı artmaqdadır.
Lakin bununla yanaşı, insan haqları qrupları bir neçə ildir bu hesabatı tənqid edərək, qara siyahının yaradılmasında ikili standartların tətbiq olunduğunu və bəzi ölkələrin məsuliyyətdən qaçdığını bildirir.
“Biz (BMT) Baş katibin qərarına yenidən baxmağa və bütün dünyada münaqişə tərəflərini eyni standartda saxlamaq üçün qəti çağırış edirik” – deyə, Save the Children International təşkilatının baş icraçı direktoru İnqer Ashinq bildirib.
“Baş katib (Antonio) Quterreş İsrail, Səudiyyə Ərəbistanının (Yəməndə) rəhbərlik etdiyi koalisiya və digər pozucuları “utanc siyahısından” uzaq tutmaqla uşaqların ölümü və şikəst qalmasına səbəb olan tərəfləri məsuliyyətdən azad edir” – deyə, Human Rights Watch-un uşaq hüquqları üzrə vəkillik direktoru Co Beker bildirib.
“BMT-nin öz dəlillərinə əsaslanan siyahısını əsas götürməməsi uşaqlara xəyanətdir və cəzasızlıq mühiti yaradır” – deyə, o əlavə edib.
Tənqidlərə cavab olaraq Qamba İsrail ilə bağlı Qəzzadakı son döyüşlər zamanı baş vermiş qanun pozuntularının gələn ilin hesabatında araşdırılacağını deyib. O, həmçinin siyahı hazırlanarkən heç bir siyasi partiyalar tərəfindən təzyiqə məruz qalmadığını bildirib.