Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa verildi –RƏSMİ

Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən ayrılaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidməti Trend-ə faktı təsdiqləyib. Qurumdan bildiriblər ki, vəkil Adil İsmayılovun yaydığı məlumat doğrudur: “Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır”.

Xatırladaq ki, DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Atəşkəs 45 dəfə pozulub

Sonrakı məqalə

DSMF-nin Ağdaş rayon Şöbəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb