Eldar Namazov biznesindən danışdı:“Bu şirkətin heç bir fəaliyyəti olmayıb”

Politoloq, Prezidentin sabiq köməkçisi Eldar Namazovun aktiv siyasi fəaliyyətə ara verdiyi və sahibkarlıq fəaliyyətinə başladığı haqda məlumat yayılıb.

E.Namazovun müsahibəsini təqdim edirik:

 – Avropda yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli sizin 2016-cı ilin avqust ayında Batumidə AMİNA INCORPORATED LTD-ni qeydiyyatdan keçirib sahibkarlığa başladığınızı iddia edib. Bu həqiqətdən belədir?

– Əvvəlcə onu deyim ki, Cavanşir Həsənlinin yaydığı informasiyada bir yanlışlıq var. Belə ki, 2016-cı ildə başlayan sahibkarlıq fəaliyyətim elə başladığı kimi də bitib. Mən 13 illik iş fəaliyyətimin ardından səhhətimlə bağlı bir müddət xaricdə müalicə almağa başladım. Onu da deyim ki, bu müalicə kifayət qədər uzun çəkdi. Müalicə üçün xaricə yollanmadan öncə bəzi mətbuat nümayəndələri ilə fikir mübadiləsi apardım ki, xaricə getmədən məsələni mediaya yansıdımmı? Nəticədə qərarlaşdırdıq ki, müalicənin sonunda məsələ ilə bağlı mətbuata məlumat vermək daha doğru olar.

Müalicəmin bir neçə ili Gürcüstanda keçdi, bir neçə dəfə isə Avropaya getməli oldum. Müalicə ilə əlaqədər 3 ilə yaxın Gürcüstanda qaldım. Həmin dövrdə belə bir fikrə gəldim ki, müalicə aldığım ölkədə sahibkarlıq fəaliyyətinə başlaya bilərəm. Başladım və qeydiyyatdan keçdikdən sonra bu fikrimdən daşındım. Yəni bu şirkətin heç bir fəaliyyəti olmayıb. Müalicəm bitdikdən sonra Bakıya qayıtdım.

– Sənədlərdə qeyd olunur ki, şirkətin 50 faiz pay hüququ sizə, 50 faiz pay hüququ isə Lalə Əlibəyliyə aiddir. Bilmək olarmı, adı çəkilən Lalə Əlibəyli kimdir?

– Lalə Əlibəyli uzun illər mənim köməkçim olub. Mən Gürcüstanda müalicə alarkən onun da işlərimdə müəyyən payı olub. Yəni uzun illər birlikdə işləmişik. Əslən gürcüstanlı olduğu üçün müalicə prosesində onun qohumları mənə müəyyən məsələlərdə yardımçı olublar. Özünüz də bilirsiniz, yad bir ölkədə tək müalicə almaq çox çətindir.

– Aktiv siyasi fəaliyyətə illərdir ara vermisiniz. Yenidən başlamağı düşünürsünüz?

– Bakıya qayıtdıqdan sonra həkimlərin məsləhəti ilə addım-addım əvvəlki fəaliyyətimə yenidən başladım. İlk növbədə politoloji işlə bağlı fəaliyyətimi, daha sonra isə Beynəlxalq Tədqiqatlar Mərkəzinin işini bərpa etdim. Bu gün artıq əvvəlki kimi öz fəaliyyətimə ara vermədən davam edirəm. (Axar.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Artıq Rusiya Azərbaycana heç nə edə bilməz” –

Sonrakı məqalə

Tovuz döyüşlərində yaralanmış erməni hərbçi xəstəxanada ölüb