Prezident Ərdoğan Məsud Pezeşkiyanla telefonla danışıb.
Azpost.info Sabah nəşrinə isinadən bildirir ki, İran prezidenti Məsud Pezeşkiyan Prezident Rəcəb Tayyib Ərdoğanla danışığında ABŞ və İsrailin media orqanlarının İranın Türkiyəyə raket hücumu təşkil etdiyinə dair iddialar yaydığını bildirib.
İran prezidenti Məsud Pezeşkiyan Ərdoğana İrandan Türkiyəyə raket zərbələri endirilməsi ilə bağlı iddiaları araşdırmaq üçün birgə araşdırma qrupu yaratmağı təklif edib.
Pezeşkian İranda baş verən son hadisələrlə əlaqədar Türkiyə hökumətinin göndərdiyi başsağlığı və həmrəylik mesajlarından məmnunluğunu ifadə edib və Türkiyəyə bölgədə sülh və sabitliyin təmin edilməsi səylərinə görə təşəkkür edib.
Prezident Ərdoğan İranın Ali Lideri Əli Xameneyinin ölümü və Hörmüzqan əyalətinin Minab şəhərindəki ibtidai məktəbə edilən hücumda bir çox günahsız mülki şəxsin, xüsusən də uşaqların itkisi ilə bağlı kədərini bir daha təkrarlayıb. Ərdoğan həmçinin İranın yeni Ali Lideri Müctəba Xameneyiyə yeni vəzifəsində uğurlar arzulayıb.
Türkiyənin bölgədəki gərginliyin azaldılması üçün səylərini davam etdirdiyini vurğulayan Ərdoğan İranın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu və regional gərginliyin artmasının qonşu ölkələrin və ya İranın uzunmüddətli maraqlarına xidmət etməyəcəyini bildirib.
Türkiyənin İranla qarşıdurma qurmaq niyyətində olmadığını bildirən Ərdoğan İrandakı mürəkkəb vəziyyəti başa düşdüklərini və Türkiyənin öz imkanları daxilində bölgədəki gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu qeyd edib. Ərdoğan həmçinin mövcud prosesdə diplomatiya qapılarının həmişəkindən daha açıq olmalı olduğunu vurğulayıb.