“Ermənilərin Xocalıda törətdiklərinin soyqırımı olduğu sübuta yetirilib”

- Nazir müavini
26 Fevral 2020 - 12:40

“Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rəsm sərgisində deyib.

Nazir müavini bildirib ki, hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul edib.

X.Xələfov bildirib ki, Azərbaycan istintaq orqanlarının apardığı araşdırma nəticəsində ermənilərin Xocalıda törətdiklərinin cinayət, soyqırımı olması sübuta yetirilib: “Azərbaycan tərəfi bu cinayəti, soyqırımını törədənlərin layiqli cəzasını alması üçün beynəlxalq səylərini davam etdirir. Bununla yanaşı Xocalıda törədilmiş məlum cinayət əməlləri bu cinayəti törədənlərin fərdi məsuliyyətə cəlb edilməsini tələb edir”.

X.Xələfov qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilən tədbirlər nəticəsində bir çox dövlət tərəfindən Xocalı soyqırımını qınayan sənədlər qəbul edilib: “Xocalı soyqırımı dünyada baş verən ən ağır soyqırımları ilə eyni sırada dayanır. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Xocalı soyqırımına dünya birliyi tərəfindən lazımi qiymət verilməyib”.