“Ermənistan artıq münaqişənin tərəfi deyil, ona ehtiyac qalmayıb” –

Tofiq Zülfüqarov
10 Yanvar 2021 - 16:04

“Beynəlxalq qanunlara, həmçinin BMT nizamnaməsinə görə, Azərbaycan Qarabağın erməni əhalisi ilə bağlı qərar vermə səlahiyyətinə sahib tək ölkədir. Çünki Qarabağ Azərbaycanın qanuni torpağıdır və orada yaşayan insanlarla bağlı qərar vermək hüququ da rəsmi Bakıya aiddir. Yəni Azərbaycan erməni vətəndaşlarına mədəni muxtariyyət verə də bilər, verməyə də bilər.

Azpost.info bildirir ki, bu sözləri axar.az-a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının Moskvada sabah keçirləcək görüşünü şərh edərkən deyib.

T.Zülfüqarovun sözlərinə görə, İrəvanda bu görüş  narahatlıqla gözlənilir. Çünki Azərbaycan Prezidentinin iradəsini yaxşıca gördülər. Anlayırlar ki, bundan sonra da onların xeyrinə nələrinsə olmaması üçün tələblər olacaq.

Azərbaycan 44 günlük müharibə zamanı beynəlxalq hüquqla tanınan torpaqlarını öz gücü hesabına 27 illik işğaldan azad etdi. Bu, həm də BMT-nin keçmiş Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin icrası demək idi. Nə 44 günük müharibədən əvvəl, nə də müharibə zamanı Minsk Qrupunun aktiv fəaliyyətini hiss etdik. Bundan sonra da bu format bizə lazım deyil.

Sabiq nazirin sözlərinə görə, onun yerində üçtərəfli (Rusiya, Ermənistan və Azərbaycan) və ya dördtərəfli (Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan) danışıqlar formatı yaradılması bizə lazım deyil: Məsələ ondadır ki, Ermənistan artıq münaqişənin tərəfi deyil. Dolayı yolla onun adı keçən heç bir formata bizim ehtiyacımız yoxdur. Hazırda rus sülhməramlıları regiondadır və rus-türk müşahidəçiləri də işlərini görürlər. Bundan sonra aparılacaq danışıqlar yalnız Rusiya, Türkiyə və Azərbaycan arasında ola bilər. Azərbaycanın razılığı olmadan heç bir ölkə onun daxili məsələsinə müdaxilə edə bilməz.