“Ermənistan Azərbaycana təzminat verə bilmirsə, torpaq verməlidir” –FƏZAİL AĞAMALI /MÜSAHİBƏ

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Azpost.info-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Sizin rəhbəri olduğunuz partiya da təkrar qeydiyyata alınan təşkilatlar siyahısındadır. Ana Vətən Partiyasının bundan sonrakı fəaliyyətinin istiqaməti nədir?

-“Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq partiyamızın işini qurmağa çalışdıq və bu yanaşma davam edir. Ana Vətən Partiyası yeni qanunun tələblərinə daha diqqətlə yanaşdı, Ədliyyə Nazirliyinin göstərdiyi nöqsanları aradan qaldırdıq, sənədləri təqdim etdik. Bundan sonra partiyamız dövlət qeydiyyatına alındı. Əslində bu,  bizim üçün ona görə əhəmiyyətli oldu ki, özümüzü saf-çürük etdik, təşkilatımızın cəmiyyətdə rolu, gücümüz, üzvlərimizin sayı kimi məsələləri özümüz üçün də dəqiqləşdirdik. Partiya strukturlarını aktivləşdirməyə də yeni qanun imkan verdi. Bundan sonra hər altı aydan bir hesabat verməliyik, nə qədər yeni üzv qəbul olunub, nə qədəri çıxıb, fəaliyyətimiz nədən ibarət olub və s. özümüz üçün aydınlaşacaq. Bu baxımdan, işimizi yüksək məsuliyyətlə qurmalıyıq ki, vermiş olduğumuz hesabatlarda nöqsanlarımız olmasın. Bir sözlə, fəaliyyətimizi gücləndirməyə çalışırıq.

Bizim partiyanın siyasi baxışları bəllidir. Ənənələrə, təməl prinsiplərə söykənərək siyasi fəaliyyətimizi davam etdiririk. Vətən müharibəsində və ondan sonra keçən 3 il ərzində fəaliyyətimizi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda cənab Prezident, Ali Baş Komandanın aparmış olduğu siyasətə dəstək nümayiş etdirmişik. Bu siyasətin doğruluğunun təbliğatını apardıq, antimilli qüvvələrə qarşı prinsipial mövqeyimizi ortaya qoyduq. Bu gün də bu prosesin içərisindəyik, fəaliyyətimizi davam etdiririk. Ümid edirəm ki, qarşıdan gələn seçkilərdə Ana Vətən Partiyası yenə də özünün potensialını ortaya qoyacaq, uğurlu nəticələr əldə edəcək.

-Amma “Siyasi partiyalar haqqında” qanun bəzi siyasilər tərəfindən birmənalı qarşılanmadı, bunun siyasi fəaliyyətin məhdudlaşdırdığı barədə iddiaları oldu…

-Bu fikirdə olanlar siyasi gücləri, resursları, cəmiyyətdə nüfuzu olmayanlardır. Yeni qanun son seçkilərdən sonra cənab Prezidentin həyata keçirmiş olduğu siyasi islahatların bir qoludur. Qanun siyasi partiyaların yeni konfiqurasiyasının mahiyyətinə və məntiqinə uyğun qanundur. İslahatlar qanunda yenilənmə tələb edirdi. Qanun ciddi müzakirələrdən, eyni zamanda, beynəlxalq təşkilatlardan alınmış müsbət rəylərdən sonra qəbul olundu. Sözügedən qanun siyasi partiyaların cəmiyyətdə rolunun  artırılmasına kifayət qədər imkanlar açır. Eyni zamanda, bununla təşkilatların üzərinə məsuliyyət də qoyulur. Partiyaların özlərini təsdiq etməsi üçün qanunda kifayət qədər ciddi şərtlər var. Siyasi təşkilatların niyyəti hakimiyyət uğrunda mübarizədirsə, bu, sıradan məsələ deyil. Ona görə də yeni qanun partiyaları daha məsuliyyətlə işləməyə vadar edir.

-Bundan sonra iqtidar-müxalifət münasibətləri necə qurulmalıdır?

-İqtidar-müxalifət münasibətləri yeni qanunun qəbulundan əvvəl qurulmağa başladı və bu, müsbət nəticələrini verdi. Cənab Prezidentin Sərəncamı ilə Prezident Adminstrasiyasının Siyasi partiyalarla iş şöbəsinin yaradılması, bu şöbəyə cəmiyyətdə yetərincə müsbət imici olan hörmətli Ədalət Vəliyevin rəhbər təyin olunması, onun da ətrafına tamamilə yeni, savadlı, milli insanları, gəncləri cəlb etməsi şöbənin işini yaxşı qurmağa imkan verdi. Bu fəaliyyət ona da imkan verdi ki, dağınıq vəziyyətdə olan, illərdir ki, iqtidarla münasibətləri qura bilməyən, qurmaq istədikdə də lazımi reaksiyalar ala bilməyən siyasi qüvvələr iqtidarla münasibətlərini qura bilsin. Bu, gərgin əməyin nəticəsidir. Adminstrasiyanın müvafiq şöbəsi tərəsindən siyasi partiyaların rəhbərləri ilə çoxsaylı görüşlər keçirildi, müzakirələr oldu, fikirlər dinlənildi. Hətta pandemiya şəraitində belə, görüşlər, müzakirələr onlayn formatda həyata keçirildi. Bu müzakirələr şəxsən Ədalət Vəliyevin moderatorluğu ilə aparıldı. Bütün bunlar iqtidar-müxalifət dialoqunun formalaşmasında əhəmiyyətə malik idi. İndi əminliklə demək olar ki,  iqtidarla müxalifət arasında sağlam siyasi münasibətlər yaranıb. Bu münasibətlər də iki partiya – Müsavat və AXCP istisna olunmaqla, Vətən müharibəsində siyasi qüvvələrin Ali Baş Komandanla, xalqımızla və ordumuzla bərabər, həmrəy olması ilə nəticələndi. Bu, çox böyük uğur idi ki, uğurun da təməli Prezident Adminstrasiyasının Siyasi partiyalarla iş şöbəsinin həyata keçirdiyi gərgin fəaliyyətin nəticəsi idi. İndi də iqtidar-müxalifət dialoqu davamlı olaraq həyata keçirilir. “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi zamanı biz dialoqun intensiv getdiyinin şahidi olduq. İndi Azərbaycanda sivil siyasi münasibətlər var ki, bundan da qazanan Azərbaycan xalqı, Azərbaycan dövlətidir.

Milli Azadlıq Hərəkatı Qarabağ münaqişəsi ilə başlamışdı. 35 illik problemi Prezident İlham Əliyev siyasəti və ordumuzun gücü ilə həll etdi. Hərəkatçı olaraq, bu 35 illik dövrü necə xarakterizə edərdiniz?

-Həqiqətən də möcüzəli zamanda yaşayırıq. Cənab Prezidentin son üç ildə müəllifi olduğu hadisələrin əsl mahiyyətini dərk etmək üçün zamana ehtiyac var. Tək bizim yox, bizdən əvvəlki və sonrakı nəsillərin də xəyallarını və arzularını Müzəffər Ali Baş Komandan İlham Əliyev 3 ildə yerinə yetirdi. Amma 2020-ci ilədək cənab Prezidentin özünün də dediyi kimi, addım-addım biz qələbəyə doğru gəlirdik. 2003-cü ildən başlayan bu addımlar 2020-ci ilin 8 noyabrında Zəfərlə başa çatdı. Müəyyən səbəblərə görə Qarabağ problemi öz həllini tapmamışdı. Çoxları belə düşünürdü ki, məsələ belə də qalacaq, Rusiya ordusu gəldi, sülhməramlılar getməyəcək, Xankəndidə Azərbaycan bayrağı dalğalanmayacaq, separatizmin kökünü qazımaq mümkün olmayacaq və s. Bədbin fikirləri yayanlar, hətta bundan istifadə edib iqtidarın üzərinə gələn antimilli qüvvələr dayanmadan anti-təbliğat aparırdılar. Onlar qərəzli fikirlərini, böhtanlarını ən müxtəlif platformalarda səsləndirirdilər. Cənab Prezident isə səbr nümayiş etdirdi, zamanı gəldikdə qətiyyətini ortaya qoydu. 8 noyabr Zəfərindən sonra 23 aprel 2023-cü ildə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz təmin olundu. Erməni separatçıları, Qarabağda qalmış məğlub Ermənistan ordusunun tör-töküntüləri “isti qazan”a salındı. Artıq onlara silah-sursat gəlişinin qarşısı alındı, ayrı-ayrı ölkələrdən separatçılara təlim keçmək üçün təlimatçılar gələ bilmədilər. Separatçılar demək olar ki, tükəndilər. Son üç ildə Azərbaycan Fərrux əməliyyatı ilə, digər əməliyyatlarla, 2022-ci ilin sentyabrında ermənilərin sərhəddəki təxribatının qarşısını qətiyyətlə almaqla nə qədər güclü olduğunu göstərdi. Nəhayət, cənab Prezident çoxlarının gözləmədiyi, amma proqnozlaşdırılan əməliyyata əmr verdi. Bu ilin sentyabr ayının 19-da qəhrəman Azərbaycan Ordusu hər kəsin böyük təəccübünə səbəb olan, dünyanı heyrətləndirən 24 saatlıq əməliyyatla Qarabağda separatizmin kökünü kəsdi. Bu əməliyyat zərgər dəqiqliyi ilə həyata keçirildi, heç bir mülki erməni sakinlərə zərər dəymədən əməliyyat uğurlu oldu. Qarabağdakı separatçı tör-töküntü “ağ bayraq” qaldırdı, təslim oldu. Bununla artıq Azərbaycanın bütün ərazisində suverenliyi təmin olundu. Oktyabrın 15-də cənab Prezident, hakimiyyətə gəlişinin 20-ci ildönümü günündə qürurlu və möhtəşəm görkəmlə Xankəndidə Azərbaycan Dövlət Bayrağını ucaltdı.

Ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycana qarşı meydan oxunan, hədyanlar yağdırılan, təhqirlər səslənən  Xankəndidəki həmin meydan 2023-cü ilin oktyabrının 15-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının ayaqları altında oldu. Meydanın mərkəzində isə Azərbaycan bayrağı dalğalandı. Bu, həqiqətən də çox möhtəşəm görüntülərdir. Bununla Azərbaycan dünya erməniliyinin belini qırdı. Əsrlərdir dedikləri dənizdən-dənizə “Böyük Ermənistan” mifi dağıdıldı, “Miatsum” kimi axmaq düşüncə tarixin zibilliyinə atıldı. Qarabağdakı iblis yuvası, qan yuvası, qan çanağı dağıdıldı, məhv edildi. Bununla yanaşı, Ermənistan dövlətinin özünün çöküşünün əvvəldən qoyulan əsasları daha da sürətləndi. Qarabağdakı qondarma rejimlə “Böyük Ermənistan” ideyasının təməli qoyulmuşdu, hansı ki, uğur qazansaydı, o zaman Azərbaycanın digər ərazilərinin işğalına cəhd edəcəkdilər, Gürcüstanın Cavaxetiya bölgəsində separatizmi alovlandırılacaqdı. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, onun formalaşdırdığı Azərbaycan Ordusu bu ideyanı məhv etdi. Baxın, Azərbaycan Prezidenti və ordusu hansı tarixi missiyanı yerinə yetirib?! Bu, sıradan bir iş deyil.

-Ölkəmiz üçün bundan sonrakı vacib prioritetlər nələr olmalıdır?

-Birincisi, ən vacib prioritet işğalda qalmış kəndlərimizin qaytarılması olmalıdır. Bütün danışıqlarda Qazaxın Ermənistanın işğalında olan 7 kəndinin və Naxçıvanın Kərki kəndinin azad edilməsi məsələsi qəti şərt kimi qoyulmalıdır. Bu, vətəndaş mövqeyimdir. Ermənistana konkret vaxt qoyulmalıdır ki, kəndlərimizi boşaltsınlar. Əgər Ermənistan həmin vaxt kəsimində bu tələbi yerinə yetirməsə, işğalda saxladıqları kəndlərdən rədd olub getməsələr, lokal əməliyyatla o kəndlərimizi azad etməliyik. İkinci məsələ azad ərazilərə qayıdış məsələsidir. Düşünürəm ki, cənab Prezident 2024-ci ildə də əsas diqqəti Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işlərinə yönəldəcək ki, bu, çox doğru yanaşmadı. Məcburi köçkünlərimizin öz doğma yurdlarına kütləvi qayıdışı əsas prioritetlər sırasında olmalıdır. Prioritetlərdən biri də ölkənin iqtisadi-sosial islahatların davam etdirilməsidir.

Qarabağı tərk edən erməni sakinlərin qayıdışı nə qədər inandırıcıdır və onların reinteqrasiyasına baxışınız necədir?

-Qayıtmaq istəyən Qarabağın erməni sakinləri Azərbaycanın reinteqrasiya şərtlərini qəbul etməlidirlər, Azərbaycan bayrağı qarşısında diz çökməli, onu öpməli, vətəndaşlığı qəbul edib yaşamalıdırlar. Hansı ki, həmin insanların terrorla, separatizmlə bağlılıqları olmasın. Azərbaycan onların hüquqlarını, təhlükəsizliklərini qoruyacaq. Qarabağdakı mülklərinə də toxunulmayacaq, çünki Azərbaycan hüququn aliliyinə əməl edən bir ölkədir. İstəməyənlər də çıxıb gedə bilərlər. Azərbaycan sivil ölkədir, qanunlarımıza uyğun mülklərini sata, vəsaitlərini götürə və hara istəyirlərsə, gedə bilərlər.

Bir həftə qabaq Ermənistanın Baş naziri Nikol Paşinyanın özü dedi ki, gedən Qarabağ ermənilərinin üç mindən çoxu artıq Ermənistanı da tərk ediblər. Hesab edirəm ki, ermənilər Qarabağa qayıtmaqda heç maraqlı da deyillər. Ümumiyyətlə, Ermənistanda da erməni qalmayacaq.

Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş baş tutmadı. Burada Parisin ölkəmizə yönəlik qərəzli və açıq təxribatçı mövqeyi də mühüm rol oynayır. Bunu necə qiymətləndirirsiniz?

-Cənab Prezident çox ağıllı siyasət aparır. Bundan əvvəl Qranadada görüşdən imtina etdi. Bu günlərdə isə Prezident Brüsselə getməkdən imtina etdi. Bu, çox doğru siyasətdir. Çünki Ermənistan sülh sazişində maraqlı görünmür, Fransa Prezidenti Emmanuel Makronun tapşırığı ilə Paşinyan Azərbaycanın ünvanına hədyanlar yağdırır. Eyni zamanda, Ermənistanın havadarları, Azərbaycana qarşı qərəzli bəyanat verənlərdən vasitəçi olmaz. Bu baxımdan, hesab edirəm ki, cənab Prezident “master-class” addımlar atır.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, sanki Zəngəzur dəhlizi məsələsi gündəmdən çıxmaqdadır…

-Zəngəzur dəhlizi açılmırsa, Ermənistan buna razı deyilsə, özü bilər. Ermənistan bu gün getsin Rusiya ilə münasibətlərini aydınlaşdırsın. Çünki Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın problemi əsasən Rusiyayladır. Zəngəzur dəhlizi Azərbaycan üçün vacibdir, amma Ermənistan istəmirsə, bizim üçün fərqi yoxdur. Azərbaycanı Naxçıvanla birləşdirən həm avtomobil, həm də dəmir yolu İran ərazisindən keçəcək.

-Ermənistanla Azərbaycan arasında sülh sazişinin perspektivi nə qədərdir?

-Sülh sazişi məsələsində tələskənlik lazım deyil. Bu gün sülh sazişi Azərbaycana yox, Ermənistana lazımdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunub, sərhədçilərimiz mövqelərində dayanıblar. Ermənistan inkişaf etmək istəyirsə, o zaman Azərbaycanın şərtlərini qəbul etməli, özü bizə yalvarmalıdır ki, saziş imzalansın.

Azərbaycan şərtlərinə uyğun şəkildə sülh sazişinin bağlanmasını tələb edir. Ermənistanın Azərbaycana şərtlər qoymasının, bəhanələr gətirməsinin, erməni qadınlar kimi naz etməsinin heç bir mənası yoxdur. Azərbaycan qalib dövlətdir, şərtləri də Azərbaycan irəli sürür, diktə edir. Bu şərtlər daxilində sülh sazişi imzalana bilər, başqa vatiant yoxdur.

Bununla yanaşı, sülh sazişində Ermənistanın böyük təzminatlar ödəməsi əksini tapmalıdır. Çünki onlar həm Qarabağı, həm də Şərqi Zəngəzuru yerlə bir ediblər, böyük vəhşiliklər törədiblər, insanların mülkiyyət hüquqlarını, ali hüquqlarını, insani hüquqlarını kobudca pozublar. Bu əməllərinə görə Ermənistan dövləti təzminat ödəməlidir. Təzminatı maliyyə vəsaiti ilə ödəmək imkanları yoxdursa, o zaman Azərbaycana torpaq verməlidir.

Anar ABDULLA

Azpost.info

Əvvəlki məqalə

“Qəzzada iki milyondan çox insan acınacaqlı vəziyyətlə üzləşib”

Sonrakı məqalə

HƏMAS-ın əsas komanda qərargahı Qəzzadakı mərkəzi xəstəxana ərazisində yerləşir