“Ermənistan jurnalistlərinin Azərbaycana səfəri mümkündür”

Mətbuat Şurası və XİN Ermənistan jurnalistlərinin Azərbaycana səfərinin mümkün olduğunu açıqlayıb

Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz.

Bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən brifinqdə APA-nın sualına cavab olaraq Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

Rəşad Məcid deyib ki, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: “Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsə, bu sahədə problem olmaz”.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də olur: “Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.

Əvvəlki məqalə

Müharibə başlayandan 135 rusiyalının Litvada yaşayış icazəsi ləğv edilib

Sonrakı məqalə

Bu ilin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 5 mindən çox müraciət daxil olub