“Ermənistan təhlükəsizlik böhranı yaşayır” –PAŞİNYAN

Ermənistan təhlükəsizlik böhranı yaşayır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

Paşinyan ölkə müxalifətini tənqid edərək vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi ilə bağlı böhran vəziyyəti 2020-ci ildə deyil, ondan xeyli əvvəl yaranıb.

Baş nazir qeyd edib ki, bu da öz növbəsində ölkə vətəndaşlarını narahat edir:

“İlk növbədə söhbətin hansı təhlükəsizlik böhranından getdiyini anlamaq lazımdır. İndiki vəziyyət müstəqillik dövründə yaradılmış təhlükəsizlik arxitekturasının böhranıdır və 2020-ci ildə (red. – Qarabağda 44 günlük müharibəni nəzərdə tutur) yox, ondan əvvəl yaranıb”.

Paşinyan 27 oktyabr 1999-cu ildə parlamentdə baş vermiş terror aktını xatırladaraq deyib ki, həmin hadisə dərin və ciddi böhranın təzahürü idi.

Hökumət başçısı müxalifətə müraciət edərək qeyd edib ki, böhran indiki hakimiyyət dövründə yaranmayıb və hələ 2011-ci ildə Ermənistanın strateji müttəfiqi Rusiya Azərbaycanla 3 milyard dollarlıq silah müqaviləsi imzalayıb.

Paşinyan həmçinin müxalifət üzvlərinə müraciət edərək onların hakimiyyəti dövründə ehtiyatda olan hərbçilərin neçə dəfə hərbi təlimi keçirildiyini soruşub. Belə ki, təlimlərin keçirilməməsi 2020-ci ildəki müharibəyə təsir etdi, səfərbər olanların böyük hissəsi silahdan istifadəni bilmirdi.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra ölkənin hakimiyyət və müxalifət dairələri tez-tez bir-birinin ünvanına sərt tənqidlər səsləndirir və məğlubiyyətə görə bir-birini ittiham edirlər.

Əvvəlki məqalə

Mədəniyyət Nazirliyi xalq artisti Ramiz Məlikin səhhəti ilə bağlı açıqlama verdi

Sonrakı məqalə

”Anar Əsədli pulumu mənimsəyib” –