Ermənistan seçkilərinin əsas nəticəsi –Paşinyan qalib gəldi, revanşizm uduzdu

Paşinyan bu dəfə də “kəfəni yırtdı“.
Seçki göstərdi ki, Qarabağ məsələsi qarşıdakı uzun dövr üçün erməni cəmiyyəti üçün aktual deyil. Müxalifət əsas seçki təzyiqi kimi bu “kartla” oynadı. Amma nəticə göstərir ki, bu “kozur” artıq arxivə keçib. Bu nəticə Koçaryana tərs şapalaq oldu.
Bu həm də onu göstərdi ki, İrəvanda sülhü Ermənistan üçün “Rusiyasız məkan”a çıxmaq üçün əsas “açar” sayırlar.
Bununla yanaşı seçkinin nəticələri göstərir ki, Ermənistanda Paşinyanın siyasətinin əlyehinə olan kifayət qədər vətəndaş da var.
MSK-nın nəticələrinə görə, seçkidə 1 milyon 500 min vətəndaş iştirak edib. Onun 727 mini Paşinyana, 550 mini müxalifətə, yəni “üçbaşlı müharibə partiyasına” səs verib.
Seçkilərə qatılmayan 1 milyon nəfəri də nəzərə alsaq demək olar ki, Ermənistan cəmiyyəti əslində iki yerə bölünüb.
Bu isə Paşinyanın qarşıda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsində problemlər yarada bilər.
Bizim üçün əsas olan Azərbaycanla sülh sazişinin imzalanmasıdır.
Paşinyan seçkidən sonra bu sazişlə bağlı qərarını verərkən erməni cəmiyyətinin mövqeyini nəzərə almalı olacaq.
Odur ki, sülh sazişi erməni cəmiyyətinə ayrıca sənəd kimi deyil, Ermənistanın rifahı üçün vacib olan “paket”də açıqlanacaq: Yəni, sülh sazişi+TRİPP dəhlizi+ logistik marşrut+ sərhəd demarkasiyası.
Bu baxımdan Bakı sentyabr ayından Paşinyan iqtidarı ilə sülh sazişinin beynəlxalq təminatlarını müzakirə edə bilər.
Rusiya bu seçkidə böyük təzyiqlər hesabına özünün 40 deputatını Ermənistan parlamentinə sala bildi. Bu, Ermənistanın gözlənilən beynəlxaq siyasətinin yeni vektorları üçün ciddi siqnaldır.
Bütün bunlara rəğmən Ermənistanda Paşinyanın qələbə çalması erməni cəmiyyətinin sülh trendinə üstünlük verdiyini göstərdi.
38 ildən sonra Ermənistan cəmiyyətində bu dəyişiklik Azərbaycanın Vətən Müharibəsində qələbəsi və ərazi bütövlyünün bərpa etməsi həlledici rol oynadı.
Seçki həmçinin Cənubi Qafqaz regionu üçün Avropanın “qapılarını” açdı. Burada Moskva və Qərb öz maraqları uğrunda savaşacaqlar.
Bu mübarizə meydanında əsas detal isə dəyişmə qalacaq: Regionda yürüdüləcək siyasətdə prezident İlham Əliyevin formalaşdıracağı paradiqma əsas rol oynayacaq.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.