Əsəb sizi idarə etməsin- Qəzəbi nəzarətə almağın təsirli yolları

Qəzəbli insanlar
Qəzəbli insanlar

Qəzəb insanın təbii emosiyalarından biridir və adətən haqsızlıq, hörmətsizlik və ya şəxsi sərhədlərin pozulması zamanı ortaya çıxır.

AzPost xəbər verir ki, mütəxəssislər bu hissin nə tam boğulmasının, nə də idarəsiz şəkildə ifadə olunmasının düzgün olmadığını bildirirlər. Əsas məqsəd qəzəbi təhlükəsiz və şüurlu şəkildə idarə etməkdir.

Mütəxəssislərin sözlərinə görə, qəzəb anında orqanizmdə adrenalin artır, əzələlər gərginləşir və insan daha impulsiv davranır. Bu vəziyyətdə qısa müddətli fiziki hərəkətlər faydalı ola bilər. Bir neçə dəfə çömbəlmək, yerində sürətli hərəkətlər etmək və ya əlləri möhkəm sıxıb açmaq gərginliyi azaltmağa kömək edir.

Qəzəbi azaltmağın digər təsirli yolu düzgün nəfəs alma texnikasıdır. Burunla qısa və güclü nəfəs alıb, dodaqları sıxaraq uzun-uzadı nəfəs vermək sinir sistemini sakitləşdirir. Bu üsul bir neçə dəfə təkrarlananda emosional gərginlik xeyli azalır.

Psixoloqlar həmçinin reaksiyanı gecikdirməyi tövsiyə edirlər. Cavab verməzdən əvvəl zehnində onadək saymaq və ya diqqəti neytral bir əşyaya yönəltmək qəzəbin böyüməsinin qarşısını ala bilər. Saat, qələm və ya ətrafdakı hər hansı detalı diqqətlə müşahidə etmək beynin fokusunu dəyişir.

Qəzəbi ifadə edərkən ittihamdan uzaq durmaq da vacib sayılır. “Sən həmişə belə edirsən” demək əvəzinə, “mən özümü belə hiss edirəm” formasında danışmaq qarşıdurmanı yumşaldır. Bu, həm münasibətləri qoruyur, həm də problemin həllini asanlaşdırır.

Mütəxəssislər vurğulayırlar ki, qəzəbin altında çox vaxt yorğunluq, qorxu və ya dəyər verilməmək hissi dayanır. Bu səbəbi anlamaq emosiyanı yox, problemi aradan qaldırmağa imkan verir. Əsas hədəf hissləri itirmək deyil, qəzəbi vaxtında tanıyıb onu sağlam və konstruktiv istiqamətə yönəltməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.