Etiqad istəyi və məmur möhürü –Dini icmalarla bağlı yeni dəyişiklik nə vəd edir?

Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilən yeni dəyişiklik bir sıra müzakirələrlə yol açıb. Yeni dəyişikliyə əsasən bundan sonra islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.

Bundan əvvəl isə məscidlərə və ziyarətgahlara rəhbər QMİ tərəfindən təyin olunurdu.

Bu dəyişiklik müzakirəyə çıxarılan kimi QMİ din xadimlərinə çağırış etdi. Müraciətin mətninin tonundan məlum olurdu ki, QMİ bu dəyişikliklə bağlı yayılmış müxtəlif fikir və şərhlərdən narahatdır.

QMİ öz bəyanatında din xadimlərindən İdarənin mövqeyini nəzərə almalarını, cəmiyyətimizdən isə bu mövzuda sui-istifadə hallarına yol verməmək xahiş olunurdu. Qafqaz Müsəlmanları İdarəsi qanuna edilən dəyişikliyi din-dövlət münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə aparılan islahatların davamı kimi qiymətləndiririb, dindarları və din xadimlərini yeni dəyişikliklərə birmənalı şəkildə əməl etməyə çağırıb.

Təzəpirdən verilən açıqlamada dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inandıqları vurğulanıb.

Qanuna dəyişikliklə bağlı çıxış edən deputatların bir qismi bu addımı  ölkədə dini təhlükəsizliyin təmin edilməsi baxımından vacib olması ilə əsaslandırıb. Dəyişikliyi dəstəkləyənlər buna əsas olaraq dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirdiyini vurğulayırlar. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərirlər.

Amma eyni zamanda bu dəyişikliyin Konstitusiyaya zidd olduğunu iddia edən deputatlar isə fərqli mövqe sərgiləyirlər. Məsələn BAXCP-nin sədri, deputat Qüdrət Həsənquliyev müsahibəsində qeyd edib ki,  Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycanda din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda 58-ci maddə bütün birliklərin sərbəst fəaliyyətinə təminat verir.

Deputat hesab edir ki, qanuna təklif edilmiş dəyişiklik digər maddə ilə ziddiyyət təşkil edir. Çünki həmin qanunun 5-ci maddəsində deyilir ki, dövlət dini qurumların işinə qarışmır. Dinin dövlətdən ayrı olması Ali Qanunda əks olunsa da təklif olunan dəyişikliyə əsasən, dövlət dini qurumlara rəhbər təyin edəcək.

Əslində belə müzakirələr faydalıdır və məsələ ilə bağlı müxtəlif baxış bucaqları açıq qalmış suallara aydınlıq gətirməyə xidmət edir.

Dünyada bu gün inancı silaha çevirən, dövlətdaxili çaxnaşmalarda bundan istifadə edən geopolitik güclər son onillikdə çox ağır mənzərəni ortaya qoyublar. Xüsusən yeni intişar tapan, dövlətçiliyin fundamental əsaslarını bərkidən dövlətlər üçün dini-etnik problemlər qorxulu röyaya çevrilib.

Azərbaycan bu baxımdan son 30 il ərzində müəyyən cəhdlərə tuş gəlsə də dövlətin gücü, cəmiyyətin dəstəyi və dini icma rəhbərlərinin qətiyyəti sayəsində belə mənfur cəhdlər baş tutmayıb. Ölkənin tarixə söykənən tolerantlıq prinsipləri, birgə yaşam, mədəniyyətlərarası əməkdaşlıq platforması bunun qarşısında sipər kimi durub.

Amma zaman-zaman bu qüvvələr Azərbaycanın dini kəsiminin əsas təşkilatı işlərini aparan Qafqaz Müsəlmanları İdarəsinə, onun sədri Şeyxülislam Allahşükür Paşazadəyə qarşı qarayaxma kampaniyalarını təşkil etməkdən çəkinməyiblər.

Xüsusən nəzir qutuları və məscidə verilən ianələr mövzusu bu dairələrin əlində spekuliyasiya üçün bir vasitəyə çevrilib. Süni şəkildə şişirdilmiş bu məsələ neçə illərdir ki, və daha çox Şeyxülislama qarşı gözdənsalma kampaniyası kimi gündəmdə qalır.

Əslində gerçək vəziyyət necədir?

TV efirlərinə, sosial şəbəkə səhifələrinə baxmaq kifayət edir ki, məscid qapısı pusanların, “nəzir qutusu” davası döyənlərin subyektiv mövqeyinin şahidi olaq.

Bu gün əksər məscidlərdə nəzir qutuları artıq simvolik xarakter alıb. Allah evlərində kütləvi ibadət mərasimlərinin yalnız dini bayramlarda və təziyə günlərində baş tutduğunu nəzərə alsaq məscidlərdə ianə toplanışı ilə bağlı vəziyyət heç də ürəkaçan sayılmaz.

Burada digər amil də var: Bu gün artıq hansısa niyyət üçün məscidə gedib qutuya nəzir atamağa ehtiyac da qalmayıb. Sosial şəbəkələrdə xəstə, şikəst, müalicəyə ehtiyacı olanların ürək dağlayan saysız müraciətləri, yardım xahiş edən bank hesabları durmadan artır.

Telekanalların əksər reytinqli proqramları mərhəmət çağırışları üzərində qurularaq nəzirə, yardıma , müalicəyə ehtiyacı olanlara sponsor tapmaqdan ibarətdir.

İnsanların yardım üçün qapı döyənlərə, küçədə yaxınlaşan yoxsullara, köməksizlərə verdikləri pulları da bu sıraya əlavə etsək ortada QMİ-siz də nə boyda bir “qutu”nun mövcud olduğunun şahidi olarıq.

Bütün bunları gözardı edib məscidlərin boş qalmış nəzir qutularından guya milyonların yığıldığını, bunu QMİ sədrinə, din xadimlərinə baş qaxıncı etmək qarayaxma kampaniyasının ucuz elementi sayılmazımı?

Apardığımız bir araşdırma nəticəsində məlum oldu ki, Şeyxülislam Allahşükür Paşazadə ona qarşı əsassız hücumların  əsas “arqumentinə” çevrilən  nəzir qutuları məsələsinin həlli ilə bağlı bir neçə dəfə ölkə rəhbərliyinə,  3 dəfə isə Daxili İşlər Nazirliyinə müraciət edib.

Bu baxımdan ianə və nəzirlərin onlayn qəbulu ilə bağlı təklif bu məsələnin həlli üçün imkanlar yaradacaq və QMİ rəhbərliyinə, din xadimlərinə qarşı bundan sonra böhtanlara son qoya biləcək.

Qanuna dəyişiklikdə ən həssas məsələ məscidlərə, ibadət yerlərinə təyinatla bağlıdır.

Yeni dəyişikliklə bağlı müzakirələrdə bu təyinatlarda əsas söz sahibinin kim olması önə çəkilir. Dəyişiklikdən sonra bu səlahiyyət Dini Məsələlər üzrə Dövlət Komitəsinə veriləcək. QMİ isə yalnız məlumatlandırılacaq. Bunu Şeyxülislamın “vurulması”, QMİ-nin səlahiyyətlərinin əlindən alınması kimi izah edənlər əsas məsələdə yanılırlar.

Öncə qeyd edək ki, molla təyinatının QMİ-dən alınması ucqar yerlərdə, rayonlarda din xadimlərinin hansısa səhvindən  yapışıb idarənin ünvanına söylənilən ucuz dedi-qodulardan da sığortalayacaq.

Bununla yanaşı təyinat səlahiyyətlərinin QMİ-dən alınması yeni qanunun tətbiqi ilə bağlı bəzi məqamları aydınlaşdırmağı zəruri edəcək.

Şeyxülislamın burada şəxsi planda itirəcəyi bir şey yoxdur. Allahşükür Paşazadənin sovet dövründən bu yana 40 illik fəaliyyəti yaddaşlarda və göz önündə olub. Ölkənin taleyüklü vaxtlarında, siyasi böhranlarda Şeyxülislam xalqın maraqlarının ardıcıl müdafiəçisi olub. Onun bu illərdə ölkə və region üçün missiyası böyük ölçüdə məqsədinə çatıb. Məzhəb təfriqələrinə qarşı qətiyyətlə mübarizə aparıb, böyük güclərin əlində alət olan radikal-ehkamçı “saf din” dəllalarına qarşı sipər olub, Azərbaycanda tolerantlıq, digər səmavi dinlərə məxsus icmaların birgə əməkdaşlığının uğurlu platformasını yaradıb.

Məscidlərdə yad “səs”lərin gəlməməsi üçün dini ibadətgahlara savadlı, hazırlıqlı, vətənpərvər din xadimlərinin təyini, dövlət üçün güvənli dini kadrların yetişməsi Şeyxülislamın xidmətlərindəndir. Bu gün Azərbaycanda mövcud olan dini vəhdət dünyanın bütün ölkələri üçün nümunə olacaq bir təcrübədir.

Digər tərəfdən Qanuna edilən bu dəyişiklik heç də şəxslərlə, onların fəaliyyəti ilə bağlı deyil.

Olduqca ciddi və həssas məsələ ətrafında açıq qalan suallar nədən ibarətdir?

Bu suallardan birini artıq millət vəkilləri gündəmə gətiriblər. Əgər bu dəyişiklik Konstitusiya ilə uyğunsuzluq təşkil edəcəksə onun qəbulu necə olacaq? Ali Qanuna görə, din dövlətdən ayrıdır. Odur ki, bu suallarla bağlı hüquqi şərhlərin verilməsi, peşəkarların iştirakı ilə izahatın aparılması zəruridir.

Əgər dəyişiklik qəbul olunarsa o zaman müxtəlif təriqətlərə etiqad edən dini icmaların maraqları, onların icma rəhbərləri məscidlərə hansı qaydada təyin olunacaq? Dövlət Komitəsinin bununla bağlı siyasəti necə qurulacaq?

Dövlət qurumunun belə səlahiyyəti gələcəkdə dindarların siyasi proseslərdə iştirakını qadağan edən maddənin təftişinə gətirməyəcək ki?

QMİ-nin səlahiyyətləri olan zamanlarda məscidlərə dini rəhbərin təyinatında heç vaxt ciddi problemlər yaşanmayıb. Azərbaycan üçün sabitqədəm sayılan dini məzhəblərin vəhdəti bu məsələnin tənzimlənməsində unikal rol oynayıb, “yad təsirlərin” ibadətgahlara ayaq açmasına imkan verməyib.

Amma  sabah bu səlahiyyəti əldə etmiş yerli icra hakimiyyəti prosesi idarə etməyi bacaracaqmı? İmam təyinatı dövlət məmuru postuna təyinatdan fərqli yanaşma tələb edir. Çünki dini icma, ibadətgah idarəçiliyi  dövlət məmurunun rəsmi təyinatından savayı, həm də icma üzvlərinin könül və etiqad istəyindən doğan nufuza bağlı məsələdir. Burada inzibati rıçaq ikinci dərəcəli məsələ kimi çıxış edir.

Ötən il Sədərək bazarında fəaliyyət göstərən məscidlə bağlı qalmaqal bu məsələnin necə incə oldğunu nümayiş etdirdi. Ora ibadətə gələnlər bazar rəhbəri tərəfindən təyin olunan imamı qəbul etmədilər. Problem hələ də tam həllini tapmayıb.

Odur ki, təyinat məsələlərinin həlli ilə bağlı Dini Komitə və QMİ arasında çevik münasibətləri qura biləcək operativ mexanizmin tapılmasına ehtiyac yaranır.

Əks təqdirdə dini ritualların, moizələrin yenidən evlərə, gizli ünvanlara daşınması təhülkəsi ilə üzləşə bilərik.

Yeni dəyişiklik ölkədə ənənəvi olmayan dini icmaların fəaliyyəti ilə bağlı məsələni də açıq qoyur. Kənardan din ixrac etməyə çalışan qüvvələrin, “yad” ideologiyaların bundan faydalanmaq istəklərinin yarada biləcəyi risklərin hesablanması mühümdür.

Bu illərdə QMİ sədrinin avtoriteti belə problemlərin yaranmasına imkan vermirdi. Heç kimə sirr deyil ki, QMİ Azərbaycanın ən ağır, böhranlı dönəmlərində xalqın yanında olmaqla dövlətin ən etibarlı tərəfdaşı kimi çıxış edib.

Dini inanc çox həssas məsələdir və burada təkcə məmurun inzibati rıçaqlarına güvənməklə iş aşmır. Dini rəhbərlərlə sağlam və dövlət maraqlarına söykənən əməkdaşlıq prinsipial əhəmiyyət daşıyır. Belə əməkdaşlıq müstəvisi qanunla bağlı yeni dəyişikliklərin tətbiqi zamanı yalnız fayda verəcək.

Analitik” Təhlil Mərkəzi

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyavuş Novruzov Ramiz Mehdiyevi istefaya çağırdı:

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Ağdamda səfərdə olub