“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciətlə bağlı yekun qərar verilib.
Oxu.Az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə onlayn formatda keçirilən yekun prosesdə qərar elan edilərək, Əvəz Zeynallı azadlığa buraxılıb.
Xatırladaq ki, vəkil Rəşad Əliyev müvəkkilinin xərçəng xəstəliyi ilə əlaqədar müayinə olunub, diaqnozunun təsdiq olunması və bu səbəbdən onun cəzasının qalan hissəsindən azad olunması ilə bağlı qərar çıxarılmasını məhkəmədən istəyib.
Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və qərar verilməsini xahiş edib.
Müşavirədən sonra Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün tibbi şəhadətnamənin məhkəməyə verilməsinin təmin edilməsi ilə bağlı qərar qəbul olunub.
Qərarda bildirilir ki, tibbi şəhadətləndirilmə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılsın. Həmin rəylər ixtisaslaşdırılmış ekspertlər tərəfindən həyata keçirilməklə 1 ay ərzində təqdim olunmalıdır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdilər.
Birinci instansiya məhkəməsinin hökmü ilə bağlı apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Daha sonra Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılaraq şikayət qismən təmin edilib.
Əvəz Zeynallının cəzası iki ay, Elnur Şükürovun həbs müddəti isə bir il azaldılıb.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.