Facebook Rusiya, Pakistan və ABŞ-a bağlı şəbəkələri bloklayıb

Facebook bildirir ki, ötən ay Rusiya, Pakistan və Birləşmiş Ştatlarda yerləşən üç saxta hesab şəbəkəsini öz platformasından silib.

ABŞ-ın sosial media nəhəngi sentyabrın 1-də bildirib ki, Rusiyada 13 saxta hesabdan ibarət “kiçik bir şəbəkə” ləğv edilib. Bundan başqa Rusiyada “troll fabriki” kimi tanınan İnternet Tədqiqatları Agentliyinə (ITA) bağlı adamlara aid iki səhifə də bloklanıb.

ABŞ-da 2016-cı il prezident seçkisinə Rusiyanın iddia edilən müdaxiləsini araşdıran xüsusi prokuror Robert Muller 2019-cu ildə bu nəticəyə gəlmişdi ki, Sankt Peterburq şəhərində yerləşən ITA saxta hesablar vasitəsilə Amerika seçkisinə müdaxiləyə cəhd edib.

FTB-dən siqnal

Facebook bunu da bildirib ki, onun Rusiya şəbəkələrini təhqiq etməsi ABŞ Federal Təhqiqatlar Bürosundan (FTB) alınmış siqnaldan sonra başlanıb. FTB-nin siqnalında söhbət əsasən bu şəbəkəyə daxil insanların internetdən kənar həyatdakı real fəaliyyətindən gedirdi. Bu qrupun əsas hədəfi Birləşmiş Ştatlar, Britaniya, Əlcəzair, Misir, habelə Yaxın Şərq və Şimali Afrikada yerləşən bir sıra ingilisdilli ölkələr idi.

ITA-nın sahibi olduğu düşünülən oliqarx Yevgeni Prigojin Kremlin yaxın çevrəsinə daxil şəxsdir. Onun özəl hərbi şirkətinin muzdluları Suriya, Liviya və Afrikanın bir sıra yerlərində gedən münaqişələrdə iştirak edirlər.

Moskva Rusiya hökumətinin bu qrupla hər hansı əlaqəsinin olduğunu inkar edir. Sözü gedən “troll fabrikinə” bağlı iki nəfər ötən il Liviyada həbs olunub. Bəzi xəbərlərə görə onlar ölkədə keçirilən seçkiyə təsir göstərməyə çalışırdılar.

Tora düşən jurnalistlər

Facebook bildirir ki, 2017-ci ildən bəri ITA-ya bağlı onlarca şəbəkə silinib. Onların əsas məqsədi seçkilərə müdaxilə etmək idi.

Eyni müddət ərzində bütün dünyada 100-dən çox şəbəkə bloklanıb.

Sosial media nəhəngi əlavə edib ki, o “təsir əməliyyatlarını” getdikcə daha erkən aşkarlamağa başlayıb və bu, belə qrupların özlərinə auditoriya qurmasına imkan vermir.

Facebook bildirir ki, onun avqust ayında bağladığı ITA-ya məxsus şəbəkə özünü xəbər agentliyi aparırdı və ilk baxışdan legitim təsir bağışlayırdı. Bu da xəbər verilir ki, sözü gedən şəbəkə onun əsl məqsədindən xəbəri olmayan jurnalistləri cəlb etməsinə baxmayaraq uğur qazana bilməyib. Facebook bu jurnalistləri şəbəkənin əsl məqsədləri barədə məlumatlandırmışdı.

Ötən ay bloklanmış Pakistan şəbəkəsi daha böyük idi. Buraya 453 Facebook hesabı, 103 səhifə, 78 qrup və 107 Instagram hesabı daxil idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məktəbəhazırlıq qruplarında şagird sıxlığı müəyyənləşib

Sonrakı məqalə

Beşqat dünya çempionu Ehram Məcidov iki maddə üzrə bəraət alıb