2020-ci ilin martında elan olunan qlobal pandemiya iqtisadiyyat üçün ciddi risklər yaratdı. Belə bir şəraitdə pandemiyanın ərzaq təhlükəsizliyində mühüm rol oynayan kənd təsərrüfatına təsirlərin öyrənilməsi istisnasız olaraq xüsusi maraq kəsb edir.
Bakı Araşdırmalar İnstitutunun ekspert qrupu Covid-19 koronavirus pandemiyasının Azərbaycanda aqrar sektora təsirini araşdırıb. Bu məqsədilə maraqlı tərəflərin təmsilçilərindən müsahibələr götürüb.
Azpost.info araşdırmanın maraqlı məqamlarını oxucularına təqdim edir.
Dövlət Statistika Komitəsinin 2020-ci ilin 11 ayının nəticələri üzrə hesabatına görə, aqrar sektorda böyümə tempi mənfi zonaya keçməsə də, əvvəlki ilə nisbətən artım tempi əhəmiyyətli dərəcədə yavaşıyıb.
Rəsmi statistikaya görə, 2020-ci ildə aqrar sektor üzrə artım tempi 3.5 dəfəyədək səngiməklə 2% təşkil edib. Bitkiçilik sektorunda hesabat dövründə qeydə alınan 11.3%- lik böyümə cəmi 1%-lik artımla əvəzlənib.
Statistikanın məlumatları heyvandarlıqda vəziyyətin daha sabit olduğunu göstərir. Yalnız bu məlumat fermerlərin təqdim etdiyi real şəraitlə uzlaşmır. Hesabata görə, dənli bitkilər istehsalında 8%-dən çox azalma, bostan bitkiləri istehsalında 0.2%, meyvə və giləmeyvə istehsalında 4%, kartof istehsalında 2%, ət istehsalında 2.6%, süd istehsalında 1.6% artım qeydə alınıb.
Kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı vəziyyətə gəldikdə, DSK-nın hesabatına görə, kolbasa məmulatlarının istehsalı 36.4%, pendir istehsalı 2.5%, kərə yağı istehsalı 1,7%, araq istehsalı 8,4% artmış, qaymaq istehsalı 3,4%, üzüm şərabı istehsalı 54,6% azalıb.
Xarici ticarət statistikasının təhlili göstərir ki, daxili satış həcmində olan azalmalardan fərqli olaraq kənd təsərrüfatı məshullarının və emal sənayesi məhsullarının ixrac həcmində dəyər ifadəsində nəinki azalma qeydə alınıb, əksinə az miqdarda da olsa artım baş verib.
Gömrük orqanlarının statistikasından göründüyü kimi, 2020-ci ildə meyvə- tərəvəz ixracı 607.5 mln. dollar təşkil edib və bu əvvəlki ilə nisbətən təxminən 2 mln. dollar (0.33%) çox olub. Öz növbəsində, qida sənayesi məhsullarının ixracı 5.4 mln. dollar (7,4%) artıb.
Müsahibəyə ümumilikdə 60 nəfər cəlb edilib. Onlardan 50 nəfəri fermerlər, 10 nəfəri isə aqrar sektoru istehsal vasitələrilə təchiz edən təchizatçılar, fermerlərə müxtəlif becərmə xidmətləri göstərən şəxslər, kənd təsərrüfatı məhsullarının topdansatışı və ixracı, həmçinin emal üzrə ixtisaslaşmış şəxslər olub.
Müsahibəyə cəlb olunan fermerlərin 74%-i əkinçiliklə, 6%-i isə heyvandarlıqla məşğul olduqlarını bildiriblər. Rəyi soruşulanların 20%-i hər iki sahədə çalışdıqlarını vurğulayıblar. Öz növbəsində, əkinçiliklə məşğul olduğunu bildirən fermerlərin 20%-i meyvə və giləmeyvə, 45%-i tərəvəz, 15%-i dənli və ot bitkilərinin istehsalı üzrə ixtisaslaşdıqlarını, yerdə qalan hissəsi isə qarışıq istehsalla məşğul olduqlarını qeyd ediblər. Müsahibəyə cəlb edilən fermerlərin 82%-i kişilər, 18%-i isə qadınlar olub.
Müsahibədə 7 iqtisadi rayona daxil olan 14 rayon təmsilçisi cəlb edilib. Gəncə-Qazax iqtisadi rayonunda Şəmkir, Şəki-Zaqatala iqtisadi rayonunda – Şəki və Balakən, Lənkəran–Cəlilabad iqtisadi rayonunda Lənkəran və Masallı, Quba-Xaçmaz iqtisadi rayonunda Xaçmaz, Dağlıq-Şirvan iqtisadi rayonunda İsmayıllı, Yuxarı Qarabağ iqtisadi rayonunda Ağdam, Aran iqtisadi rayonunda Ağcabədi, Bərdə, Saatlı, Sabirabad və Göyçay rayonlarının fermerləri müsahib qismində iştirak ediblər.
Müsahibədə fermerlərdən soruşulan ilk sual karantin dövründə əvvəlki dövrlərdən fərqli olaraq üzləşdikləri spesifik problemlərlə bağlı olub. Cavablardan məlum olur ki, fermerlərin əksəriyyəti (65%) spesifik, yəni bilavasitə pandemiya və sərt karantin tədbirlərinin tətbiqi nəticəsində yaranan problemlə üzləşməyiblər.
Ancaq hər dördüncü respondent (25%) məhsulunu satmaqda çətinlik çəkdiyini bildirib. Fermerlər arasında məhsulunu bazara çıxara bilməyənlər (12%), karantin dövrünün tələblərinə görə sahədə/fermada işləməyə, işçi cəlb etməyə məhdudiyyətlər olduğunu (9%) və qiymətin aşağı düşməsini (21%) qeyd edənlər də olub.
Fermerlər məhsul satışının çətinləşməsinə səbəb olan hallar kimi sərt karantin dövründə iri topdansatış bazarlarının fəaliyyətini dayandırmasını və bu səbəbdən topdansatıcıların xüsusilə həftə sonları məhsul alışı üçün regionlara gəlməməsini, iri kollektiv istehlak obyektlərinin (turizm və istirahət obyektlərinin, restoranların, yas mərasimi evlərinin və şadlıq saraylarının) fəaliyyətini tam dayandırmasını qeyd ediblər.
Qeyd olunan səbəblər bir tərəfdən zamanında tarladan yığıla bilməyən məhsulların (əsasən yetişmiş tərəvəz, meyvə və giləmeyvə) xarab olması və ya keyfiyyətini itirməsi ilə nəticələnib.
Digər tərəfdən isə istehlakın azalması məhsul bolluğunun yaranması qiymətlərin aşağı düşməsinə, fermerlərin gəlirlərinin azalmasına öz təsirini göstərib. Qiymətlərin azalmasından itkilərlə əsasən kökəltmə üsulu ilə heyvanların satışı ilə məşğul olan fermerlər, quşçuluq təsərrüfatları, içki və şirə emalı müəssisələrinə məhsul istehsalı üzrə ixtisaslaşmış meyvə və giləmeyvə bağlarının sahibləri, südlük maldarlıq təsərrüfatları, tərəvəz məhsullarını becərənlər üzləşdilər. Heyvanların kökəldilməsi yolu ilə satışı üzrə ixtisaslaşan fermerlər bildiriblər ki, pandemiya dövründə ətin pərakəndə qiymətləri ucuzlaşmadığı halda məhsul bolluğunun yaranması, tələbin azalması səbəbindən qoyun və mal ətinin topdan alış qiyməti orta hesabla 10-20% intervalında ucuzlaşıb.
Böyük baş heyvan satışı ilə məşğul olan fermerlər daha ciddi problemlərin olduğunu vurğulayıblar. Çünki böyük baş heyvanlara tələbat əsasən şadlıq evləri və yas mərasimlərinin təşkili üzrə xidmət göstərən obyektlərdir. Tələbatın azalması quş ətindən də yan keçməyib və nəticədə həm sənaye üsulu ilə quş əti istehsal edən müəsssisələr, həm də kiçik təsərrüfatlarda ətlik quşlar saxlayan fermerlər istehsal həcmini azaltmağa məcbur olublar.
Yaxud uzun illərdir emal zavodları üçün texniki üzüm becərən fermerlər müsahibə zamanı bildiriblər ki, pandemiya dövründə onlar öz məhsullarını satmaqda çox ciddi problemlərlə üzləşiblər. Əvvəla, emal zavodları onların məhsulları üçün ixrac imkanlarının məhdudlaşması və daxili istehlakın azalması səbəbindən məhsul qəbulundan, ümumiyyətlə, imtina edirdilər. Günlərlə bağlarda qalan məhsul isə çürümə və yağışlı hava şəratində xeyli itkiyə məruz qaldı.
Digər tərəfdən, emal zavodlarını çox çətinliklə məhsul qəbuluna razı saldıqda isə, daha aşağı qiymətlə alış həyata keçirirdilər. Fermerlər qeyd edib ki, ötən illə müqayisədə emal zovodları üzümün hər tonunu orta hesabla 40-50% ucuz qəbul ediblər. Məhsulun vaxtında təhvil verilməməsi səbəbindən orta hesabla 15-20% itkiyə məruz qaldığını bildirən fermerlər də olub. Eyni vəziyyət süd emalı müəssisələrinə məhsul satan südlük təsərrüfatlarda da müşahidə edilib.
Sərt karantin rejiminin tətbiqi ilə bağlı hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının da aqrar sektora təsiri olduğunu bildirən fermerlər olub. Müsahiblərin dediyinə görə, iri topdansatış bazarları üçün fermerlərdən məhsul alan vasitəçi-alıcıların xeyli hissəsi vergi uçotunda olmayan şəxslərdir. Rəsmi fəaliyyət göstərmədikləri üçün onların karantin postundan keçməsi mümkünsüz olurdu və bazarlara məhsul daşımaq imkanını itirirdilər. Yaxud fermerlərin istehsal vasitələri (toxum, ehtiyat hissələri, yem, pestisidlər və s.) üçün rayon mərkəzinə, bəzən zərurət olduqda qonşu rayon və ya şəhərlərə getmək ehtiyacı yarandıqda SMS-lə icazə əsasında qısa vaxtda problemləri həll etmək mümkün olmurdu.
Karantin dövründə resurslarla təminata gəlincə, fermerlərin 63%-i problem olmadığını qeyd ediblər. Əsas problem qismində isə işçi qüvvəsinin çatışmazlığı (20,4%) göstərilib. Respondentlər müsahibə zamanı problemlər sırasında toxum (6,1%), gübrə (6,1%), texnika (6,1%) və maliyyə (13%) çatışmazlıqlarını da açıqlayıblar.
Müsahibəyə cəlb olunan təchizatçı şirkətlərin təmsilçiləri istehsal vasitələrinin (istər gübrə, dərman vasitələri və toxum, istərsə də texniki vasitələr) idxalında, eləcə də satışında hansısa problem və ləngimələrin olmadığını qeyd ediblər. Onlar qeyd edib ki, dərman və gübrə satışında avqust ayına qədər azalma tempi müşahidə edilsə də, avqust ayından etibarən bu tendensiya tədricən artımla əvəzlənib.
Fermerlər qeyd etdikləri problemlərlə bağlı dövlət tərəfindən hər hansı dəstək almadıqlarını bildiriblər. Ancaq onların pandemiya və sərt karantin rejiminin tətbiqi dövründə dövlətdən gözləntiləri də olub. Əsas gözləntilərinin su təminatı ilə bağlı problemlərin həlli (24,5%) olduğu göstərilib. İkinci vacib gözlənti maliyyəyə çıxışın asanlaşdırılması ilə bağlı olub (18,4%). Fermerlər hesab edir ki, dövlət onlara güzəştli kreditin verilməsində dəstək olmalıdır. Cəmi 2% respondent dövlətdən toxum dəstəyi gözləntisini ifadə edib. Fermerlərin 1/3-i (30,6%) problemin olmadığını və hər şeyin yaxşı olduğunu bildirdiyi halda, 20,4%-i bu suala cavab verməkdən çəkindiklərini qeyd ediblər.
Müsahiblərdən bəzilərinin məhsul satışı ilə bağlı dövlətdən gözləntiləri olub. Onlar ümid edirmiş ki, tələbatın azaldığı şəraitdə hökumət yoxsul ailələrə ərzaq dəstəyi vermək üçün birbaşa fermerlərdən dövlət satınalmaları həyata keçirəcək. Daha bir gözlənti müntəzəm olaraq pandemiyanın təsirlərini qiymətləndirmək və çevik qərar qəbulu üçün yerli Aqrar İnkişaf Mərkəzləri vasitəsilə fermerlərin rəyinin öyrənilməsi ilə bağlı olub. Müsahiblər onların bu gözləntilərinin də doğrulmadığını vurğulayıblar.
Fermerlərə müsahibə zamanı problemlərlə bağlı sual verdikdə onların 40,8%-i hər şeyin qaydasında olduğunu bildirib. Yerdə qalanlar karantin dövründə ortaya çıxmış həll edə bilmədiklərindən bunun bir sıra fəsadlar yaradığını açıqlayıblar. Respondentlərin 42%-nin fikrincə, karantin nəticəsində onların gəlirləri azalıb. Müsahibədə iştirak etmiş fermerlərin 22,4%-i məhsuldarlığın aşağı düşdüyünü, 14,3%-i böyük zərərə düşdüyünü, 10,2%-i götürdüyü borc öhdəliklərini yerinə yetirə bilmədiyini fəsad olaraq qeyd edib.
Müsahibə zamanı fermerlərə verilən suallardan biri də maliyyə təminatı ilə bağlı idi. Cavablardan məlum olur ki, respondentlərin böyük əksəriyyəti (67,3%) maliyyə təminatını öz vəsaitləri hesabına həll ediblər. Müsahibə zamanı aydın olur ki, fermerlər şəxsi vəsaitləri maliyyə təminatı üçün kifayət etməyib və onlar həm də əlavə vəsait cəlb etməyə də məcbur olublar. Müsahibə götürülənlərin 34,7%-i bank kreditlərinə, 28,4%-i eyni zamanda dost-tanış borcuna üstünlük veriblər. Respondentlərin 2%-i Aqrolizinq xidmətindən yararlandığını bildirib.
Heyvandarlıqla məşğul olanlar əsasən istehsal vasitələrinin, xüsusilə arpa və ot bağlamalarının qiymətinin artımından əziyyyət çəkdiklərini qeyd ediblər.
Quşçuluq təsərrüfatları xərclərin artımının xüsusilə hiss ediləcək səviyyədə olduğunu qeyd ediblər. Bu təsərrüfatlarda əsas qida kimi istifadə olunan soyanın qiyməti il ərzində 40%-dək (1250-1300 manatdan 1700 manatadək), dənli bitkilərin qiyməti 25%-dək (25 qəpikdən 32-35 qəpiyədək), günəbaxan tullantılarının qiyməti 15-20%, qarğıdalı yeminin qiyməti 50%-dək bahalanıb. Yumurtalıq quşçuluq təsərrüfatları bildirir ki, onlarda istehsalın təşkili üçün zəruri olan 20-dən artıq komponentin yalnız 2-si (su və duz) daxildə formalaşır. Yerdə qalan bütün istehsal vasitələri xaricdən alınır və pandemiya ilində demək olar ki, bütün idxal komponentlərində bu və ya digər səviyyədə bahalanma qeydə alındı.
Kənd təsərrüfatı üçün nəzərdə tutulan istehsal vasitələri əsasən idxal olunur. Bu baxımdan karantin dövründə idxalda problemin olub-olmadığını dəqiqləşdirmək üçün müsahibə zamanı fermerlərə müvafiq sual yönləndirilib. Fermerlərin əksəriyyəti (63,3%) hər hansı qıtlığın olmadığı cavabını veriblər.
Müsahibədə iştirak edən fermerlərin təxminən yarısı (51%) məhsullarının bazarlara sərbəst hərəkəti zamanı hansısa məhdudiyyətlərlə üzləşmədiklərini bildiriblər.
Fermerlərin 18,4%-nin fikrincə, emal müəssisələri fermerlərdən məhsulu daha ucuz almağa üstünlük veriblər. 2% müsahib emal müəssisələrinin pul ödənişində daha ağır şərtlər təklif etdiklərini, 6,1%-i isə heç bir problem yaşanmadığını bildiriblər.
Müsahibə zamanı fermerlərə verilən suallardan biri də dövlət ehtiyacları üçün satınalma təcrübəsinin olub-olmaması ilə bağlı idi. Sualda həmçinin fermerlərdən pandemiya dövründə bu satış kanalının imkanlarının genişlənməsi və ya daralmasına toxunulub. Cavablardan məlum oldu ki, dövlət tərəfindən məhsul tədarükü sahəsində problemlər mövcuddur. Belə ki, rəyi soruşulanların 67,3%-i, ümumiyyətlə, belə təcrübənin olmamasını bildirib.
Müsahibənin sonuncu sualı pandemiyanın aqrar sektora təsirlərini azaltmaq üçün hökumətin atmalı olduğu addımlarla bağlı olub.
Müsahibədə iştirak edən fermerlər aşağıdakı təklifləri veriblər:
-Kredit şərtlərinin yüngülləşdirilməsi və faiz dərəcələrinin aşağı salınması və ya faizsiz kreditlərin verilməsinin təmin edilməsi;
-Dövlət tərəfindən dəymiş zərərin qarşılanması mexanizmlərinin yaradılması.
-Subsidiyalara müdaxilənin aradan qaldırılması;
-Subsidiyaların nağd veriliş məbləğinin artırılması;
-Respublika daxilində satışlar üçün icazə verilməsinin asanlaşdırılması;
– Ölkədaxili fermer bazarlarına çıxışın asanlaşdırılması;
– Məhulların ixracına şəraitin yaradılması;
– Daxili bazarın qorunması məqsədilə idxal məhsullarına məhdudiyyətlərin tətbiqi;
– Kənd təsərrüfatı məhsullarının dövlət alışının tətbiqi;
– Keyfiyyətsiz toxumların satışının qarşısının alınması;
– Toxumların qiymətinin ucuzlaşdırılması;
– Vergi güzəştlərinin tətbiqi;
Bakı Araşdırmalar İnstitutu COVİD-19 pandemiyasının fermerlərə təsirinin qiymətləndirilməsi ilə bağlı araşdırmasında həlli mühüm olan məsələlər diqqəti cəlb edir.