FHN Xaçmazda qəbiristanlıqda tapılan hərbi sursatlarla bağlı məlumat yayıb

-VİDEO
21 May 2021 - 11:32

Mayın 19-da Xaçmaz rayonunun Üryanoba kəndində xidmət aparan polis əməkdaşları tərəfindən qəbiristanlıq ərazisində hərbi sursatlar aşkar olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat FHN-nin “112” qaynar telefon xəttinə ötürülüb və dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri cəlb olunub.

Sursatlara birgə baxış keçirilərkən 1290 ədəd 7,62 çaplı güllə, 134 ədəd 5,45 çaplı güllə, 6 ədəd avtomat darağı, təlim üçün nəzərdə tutulmuş 70 ədəd UZRQM zapal, təlim üçün nəzərdə tutulmuş 20 ədəd “F-1” əl qumbarası, təlim üçün nəzərdə tutulmuş 4 ədəd “TM-62” tank əleyhinə mina, təlim üçün nəzərdə tutulmuş 7 ədəd TM partladıcısı, təlim üçün nəzərdə tutulmuş 3 ədəd “KOMZ” piyada əleyhinə mina, 3 ədəd döyüş tətbiqinə yararsız “TEREM 7m” işıq bombası və 2 ədəd “ŞOAB” aviabombanın bombacığının olduğu müəyyən edilib.

Təlim üçün nəzərdə tutulan sursatlar aidiyyəti üzrə təhvil verilib, 2 ədəd “ŞOAB” bombacığı isə zərərsizləşdirilməsi üçün təhlükəsizliyi təmin edən xüsusi texnika vasitəsilə pirotexniklər tərəfindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınıb.