Gələcəyimiz bu gün –Təhsil islahatları nə vəd edir?

Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirib, elmi və texnoloji nailiyyətlər isə təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoyub.

Qloballaşmanın geniş vüsət aldığı hazırkı mərhələdə, informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrindəki rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu artmaqdadır.

Birləşmiş Millətlər Təşkilatı XXI əsri “təhsil əsri” elan edib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında xüsusilə ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə ediblər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub təxminən 70 faiz təşkil edir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda təhsil sahəsində islahatlar haqqında bir çox müzakirələr aparılsa da, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığı üçün bu istiqamətdə işlər sistemli, planlı şəkildə aparılmamış və epizodik xarakter daşıyıb.

Yalnız 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü və planauyğun aparılmasına başlanılıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub.

Təhsil müəssisələrinə xeyli müstəqillik və geniş səlahiyyətlər verilib, bir sıra ali məktəblər öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurub. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir.

İslahatlar hər bir ölkənin tarixində nəcib niyyətlərin reallaşdırılması ilə bərabər, müxtəlif yanaşmaların, baxış və dünyagörüşlərin antaqonizmi dövrü kimi yadda qalır.

Aparılan təhsil islahatının əsas məqsədi yeni yanaşmalar əsasında təhsilin səmərəliliyini yüksəltmək, beynəlxalq təcrübədə olan müsbət cəhətlərin milli təhsilə tətbiqini sürətləndirmək, bütövlükdə təhsilin səviyyəsini yüksəltməkdən ibarətdir. Dünya təcrübəsi də göstərir ki, iqtisadi cəhətdən qüdrətli ölkələr sürətli inkişafa yalnız təhsil səviyyəsini yüksəltmək, insan kapitalını inkişaf etdirmək yolu ilə nail ola bilmişlər.

Bu Proqramda islahatların zəruriliyi müasir tələblər baxımından əsaslandırılıb, islahat hədəfləri dəqiqləşdirilib və onların mərhələlərlə həyata keçirilməsinin sistemi təsbit olunub.

Proqrama görə, islahatların ümumi təhsilin ən vacib sahələrində aparılması nəzərdə tutulub. Bura bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi, maddi-texniki və informasiya bazasının, kadr, maliyyə təminatının yaradılması, ümumi təhsilin məzmununun yeniləşdirilməsi və digər aktual məsələlər daxil edilib.

Ümumi təhsil sahəsində yerli və beynəlxalq ekspertlərin birgə apardıqları tədqiqatların nəticələrində isə Azərbaycandakı mövcud tədris proqramlarının hazırkı tələbləri ödəmədiyi, əsasən fənlər üzərində qurulduğu, bunların təfəkkür və düşüncə tərzini lazımi səviyyədə inkişaf etdirmədiyi, şagirdlərin dərs yükünün ağırlığı, dərsliklərin lüzumsuz materiallarla yükləndiyi, uşaqlarda həyati bacarıqların, tədqiqatçılığın, müstəqilliyin formalaşdırılmasına zəif diqqət yetirildiyi, əzbərçiliyə üstünlük verildiyi və sair bu kimi məsələlər xüsusi vurğulanıb.

Bugün ölkdə aparılan təhsil islahatlarının mərkəzində konseptual xarakterli çərçivə sənədi kimi Milli kurikulumun tətbiqi dayanır.

Əslində, kurikulum konseptual xarakterli bir sənəddir və bu sənəd özündə təhsil fəaliyyətinin nizamlanmasını təmin edən əsas istiqamətləri əhatə edir. Konseptuallığı ilə yanaşı, nəticəyönümlülük, şəxsiyyətyönümlülük, tələbyönümlülük, şagirdyönümlülük, inteqrativlik kurikulumların mahiyyətini şərtləndirən əsas cəhətlərdir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir.

Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsidir. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.

Aparılan islahatların başlıca məqsədlərindən biri ölkəmizin təhslini, dünya, o cümlədən Avropa təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir. 2006-cı ildən Azərbaycan Respublikasının ali məktəbləri Boloniya prosesinə qoşulub. Bununla da ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Bolonya prosesinin əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir.

Ölkəmizin Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb.

Bundan əlavə xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyində Daimi Komissiya yaradılıb.

Sosial-praktiki və iqtisadi sahədə mövcud vəziyyətin təhlili göstərir ki, ali təhsilin məzmunu ilə tələb olunan biliklər arasındakı uyğunsuzluq dünyada qlobal böhran səviyyəsi kimi xarakterizə olunur, hətta bir çox inkişaf etmiş ölkələrdə ən yaxşı halda kadr hazırlığı iqtisadiyyatın keçmiş mərhələsinə uyğun aparılır. Bununla əlaqədar ali təhsil sisteminin inkişafı üçün bütün mümkün innovasiya potensialını və resursları zəruri inkişaf istiqamətlərinə səfərbər etmədən mövcud vəziyyətin dəyişdirilməsinə nail olmaq qeyri-mümkündür.

Ekspertlər nə deyir?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə ali təhsil müəssisələrinin məzunları əmək bazarının tələblərinə kifayət qədər cavab vermir. Müəssisə standartlarından uzaq kadr hazırlığı həyata keçirilir. Bunun əsas səbəbi ali təhsil müəssisələrinin idarə edilməsindəki boşluq, eyni zamanda ali təhsil müəssisələrinin texniki bazasının zəif olmasıdır.

Siyasi elmlər doktoru Vüqar Rəhimzadənin fikrincə, Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə paralel addımlayır. O, təhsilin  inkişafı üçün məktəb binalarının   tikintisinin və yenidən bərpasının prioritet məsələ olduğunu vurğulayıb.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın  da əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaradır. Bu proqramın məqsədi gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun açıqlamasına görə, 10 il ərzində təhsil xərcləri 2,5 dəfə artırlıb. Bu da təhsil infrastrukturunun müasirləşməsi, yenilənməsi baxımından çox vacibdir. Onun fikrincə, vacib islahatlardan biri də 5 yaşlı uşaqların islahatlara cəlb edilməsidir ki, bu da məktəbəqədər təhsildə əhatəliliyi və əlçatanlığın təmin olunmasını reallaşdırır. Müəllimlərin işə qəbulunda şəffaflığın və obyektiviyin təmin edilməsi, mərkəzləşdirilmiş qəbul imtahanların məhz bu məqsədlə keçirilməsi, yerdəyişmə ilə bağlı müraciətlərin elektronlaşdırımasının vahid mərkəzdən idarə edilməsi həyata keçirilib.

Bundan başqa, müəllimlərin İT bacarıqlarına hədəflənən böyükmiqayaslı işlər görülüb. Təhsilin çox vacib elemnetlərindən biri də dərslik siyasətinə yeni baxış idi ki, bu baxımdan da çoxsaylı işlər görülüb. Bu sahədə həm təhsilin keyfiyyəti yüksəldilib, eyni zamanda da məzmun islahatları dərinləşdirilib. Yeni çağırışlara cavab verən dərsliklər hazırlaınb.

Təhsil üzrə eksperti Elşən Qafarovun fikrincə, təhsil islahatlarının dövlət staretgiyasına uyğun olaraq aparılması vacib olsa da, bu, tam olaraq həyata keçirilmir. Bir sıra məsələrlə bağlı ləngimələr olub. Onun sözlərinə görə, bəzi layihələrin həyata keçirilməsi heç başlamayıb. Məsələn biz 12 illik təhsilə keçidlə bağlı heç bir addım atılmayıb. Göstərilirdi ki, 2018-ci ilə qədər orta təhsil səviyyəsində hər bir təhsil alana planşet veriləcək. Bu da sənəd üzərində qalmaqda davam edir.

Bundan başqa, istedadlı uşaqlarla işləmək üçün iş metodologiyaları hazırlanmalı idi. “Bu, o demək deyil ki, təhsil sahəsində islahatlar həyata keçirilmir, elə deyil. Hesab edirəm ki, təhsil sahəsində uğurlu istalahtlar da həyata keçirilib. Regional təhsil idarələrinin yaradılması nazirliyin ayrı-ayrı agentliklərə bölünməsi, məktəbəqədər elm və təhsil agentliyinin yaradılması, təhsil tələbə krediti fondu, təhsilin inkişafı fondu və sair. Müəyyən müsbət addımlarımız çoxdur”.

Elşən Qafarovun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrində bakalavr təhsili olanlara ümum təhsildə işləməyə icazə verilmir, ancaq bizdə vəziyyət bir qədər fərqlidir: “Çünki ümumtəhsil artıq ali məktəblərdə olduğu kimi, elmi-pedaqoji təhsil sayılır. Bizdə hələ də orta ixtisaslı şəxslərin işləməsinə icazə verilir. Orta ixtisas təhsillərdə şəxsin müəllim kimi işləməsi və işə qəbulu dayandırılmalıdır. Hazırda orta ixtisaslıların, subbakalavrların bakalavr dərəcəsi almaq üçün dövlət qanunu elan olunmalıdır. Onların qiyabi və ya onlayn formada təhsili təmin olunmalıdır ki, onlar bakalavr diplomu ala bilsinlər. Ali təhsil proqramlarımız 70-ci illərin proqramları ilə keçirilir. Ali təhsil müəssisələrində nəzəriyyəni öyrənirik, nəticə etibarı ilə ali təhsili bitirən şəxslər əlavə kurslara, repetitor yanına getmədən hardasa işləyə bilmirlər. Ali təhsil müəssisələri nəzəri və praktik işlər görməlidir. İxtisas üzrə praktik dərslər olmalı və onların sayları artmalıdır. Məktəbəqədər təhsillə bağlı dövlət proqramı qəbul edilməlidir. Məktəbəqədər və özəl təhsil müəssisələrində qaydalar yumşaldılmalı və maliyyə dəstəyi göstərilməlidir.

Ekspertlərin fikrincə təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdırır və öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərməyə başlayacaq.

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün təhsilin inkişafı həyata keçirilən dövlət proqramları fonunda təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük xidmətləri var. 2022-ci ildə də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda və regionlarda məktəblər inşa edilib. Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Həmçinin il ərzində Ağstafa, Xaçmaz, İmişli, Şamaxı, Masallı, Daşkəsən, Saatlı, Oğuz və paytaxtın qəsəbələrində də yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları əsaslı təmir olunaraq istifadəyə verilib.

Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir.

Bəs hansı məsələlər həllini gözləyir?

Milli Məclisin deputatı Ceyhun Məmmədovun açıqlamasına görə,  təəssüf ki, ildən-ilə təhsildə problemlər azalmaq əvəzinə daha da artır. Hələ də ümumtəhsil sahəsində bir çox vacib islahatlar bizi gözləyir. Müəllimlərin işə qəbul edilməsi, direktorların təyin olunması, dərsliklərin yazılması sahəsində problemlər tezliklə həll olunmasa, növbəti illərdə təhsilimiz daha ciddi problemlərlə üzləşəcək.

Ali təhsil sahəsində də problem çoxdur. Əksər universitetlərdə hələ də təhsilin keyfiyyəti və məzmunu arzuolunan səviyyədə deyil. Bəzi universitetlərdə neqativ hallar qalır. Uzun illər keçməsinə baxmayaraq hələ də universitetlərimiz dünya reytinqlərinə irəliləyə bilmir.

Təhsil üzrə mütəxəssis Nadir İsrafilovun sözlərinə görə,  stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasındadır.

“Təəssüf ki, biz Strategiyadan irəli gələn bu mühüm vəzifəni lazımınca yerinə yetirə bimədik. Keçən 10 il ərzidə təhsili idarəetmə sisteminin yenidən qurulması sahəsində yaranan boşluqlar müəllim peşəsinin nüfuzunun artırılmasına lazımı zəmin yarada bilmədi. Müəllimin nüfuzu nəinki artdı, əksinə bir az da sarsıldı. Ən əsası isə müəllimin nüfuzunun artırılmasını strateji hədəf kimi önə çəkməkdir”.

Dosent İlham Əhmədovun fikrincə, təhsilimizin problemləri sistematik xarakter daşıyır: “Bu problemlərin həlli üçün yol xəritələri olmalıdır. Bu məsələlərin kompleks həlli ilk növbədə Elm və Təhsil Nazirliyində təhsil üzrə peşəkar kadrların olmasını tələb edir. Ümumiyyətlə təhsilimizin son 10 ildəki ən ciddi problemi komandanın zəifliyidir. Yəni bu işləri peşəkar səviyyədə dərk edən, sistemləşdirən, təhlil edən, ideyalar irəli sürən, layihələndirən təhsilşünas alimlərə ehtiyac var. Bu gün Elm və Təhsil Nazirliyində belə təhsilşünas kadrlar təəssüf ki, azdır”.

2022-ci il İyulun 28-də Prezident İlham Əliyev ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Bu Fərmanla həm elm, həm də təhsil sahəsində yeni islahatlara start verilib. Fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu Nazirliyə həvalə edilib.

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişir. Təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq maraqlı tərəfə çevrilməlidir.

Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə təhsil sahəsində görülən işlər tədrisin keyfiyyətində böyük rol oynayıb. Dövlət başçısı Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunmasında təhsilin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

“Ukraynanın əks-hücumu barədə məlumat dezinformasiyadır”

Sonrakı məqalə

Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılışı olub