General Rövşən Əkbərov məhkəmədə son söz dedi, bəraət istədi

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Vəkil Rüstəm Zülfüqarov çıxışında müdafiə etdiyi Rövşən Əkbərovun cinayət işi ilə əlaqəsi olmadığını bildirərək ona məhkəmədən bəraət istəyib.

Daha sonra məhkəmədə təqsirləndirilən şəxs son söz deyib. Rövşən Əkbərov hadisə baş verən gün sözügedən kafedə olmadığını bildirərək məhkəmədən bəraət istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2300 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

ABŞ səfiri Gəncənin raket atəşinə tutulduğu ərazilərə baş çəkib