Göyçayda narkotacirlər və oğrular ələ keçdi-FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini- əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov saxlanılıb. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib. Tanışlar birlikdə Malik İsgəndərova məxsus avtomobillə Bakı şəhərinə gedərək onlara əvvəlcədən göndərilən ərazidən narkotik vasitəni və psixotrop maddəni götürüb geri qayıdarkən Göyçayda polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə üzərində narkotik daşımaqda şübhəli bilinən Natiq Abdullayev və əvvəllər də analoji əməllərinə görə məhkum olunmuş Bəhruz Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Abdullayevdən heroin, B.Məmmədovdan isə marixuana və yaşadığı evin həyətyanı sahəsindəki istixanadan çətənə kolu aşkarlanıb.

Daxil olmuş müraciətlər əsasında rayonun Yalman kəndində yerləşən firmadan dəyəri 30 min manat olan qurğunu oğurlayan keçmiş məhkum Kənan Şəfizadə və fərdi yaşayış evindən məişət əşyaları oğurlayan Anar İsmayılov polis əməkdaşlarının keçirdikləri istintaq- əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Ölkəmizə elektrik avtomobillərinin idxalı 6 dəfə artıb