“Gözəllik ondur, doqquzu dondur”-Yüngül sənayemiz nə vəd edir?

 Hazırda dünya tekstil, geyim və geyim aksessuarları istehsalının illik həcmi 4 trilyon dolları ötməkdədir.

Bunun böyük bir hissəsi Asiyada istehsal olunur. İstifadə olunan xammala əsasən tekstil sahəsi bir neçə yerə bölünür: pambıq, yun, ipək, kətan, kimyəvi saplardan toxunan və trikotaj. Ötən əsrdən etibarən tekstil sənayesində kimyəvi xammalın rolu artmağa başlayıb. Belə ki, dünya tekstil sənayesi hər il 45 milyon ton civarında əsas xammaldan istifadə edir.

Azərbaycanda yüngül sənayenin inkişafı ən qədim vaxtlardan məlumdur. Ölkəmizdə xalçaçılığın tarixi XIII əsrə təsadüf edir. Yüngül sənaye – toxuculuq, tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir.

1913- cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 milyon ton yun istehsal edilib. Bu da ümumrusiya istehsalının müvafiq olaraq 79%, 10% və və 2%- ni təşkil edirdi.

Azərbaycanın böyük əmək ehtiyatlarına malik olmasına baxmayaraq, o iri xammal ixrac edən ölkə hesab edilirdi.

SSRİ  zamanı Azərbaycanda pambığın ilkin emalından başlayaraq, bu xammaldan hazır məhsul istehsalına qədər texnoloji prosesi özündə cəmləşdirən müəssisələr kompleksi fəaliyyət göstərirdi. Yüngül sənaye məhsullarının istehsalı ilə məşğul olan müəssisələr respublikamızın bir çıx şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə, Yevlaxda, Xankəndidə, habelə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda fəaliyyət göstərirdi.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dövlət müstəqilliyimizin bərpasının ilkin mərhələsində yüngül sənaye müəssisələrinin əksəriyyəti öz fəaliyyətini dayandırmalı oldu. 1990-2005-ci illər dövründə respublika iqtisadiyyatında müşahidə olunan ən ciddi geriləmələr də məhz yüngül sənayedə idi. Həmin illər ərzində yüngül sənaye məhsulu 10 dəfə aşağı düşdü, burada işləyən insanların sayında isə 97,4 min nəfərdən 14 min nəfərə qədər azalma müşahidə olundu.

Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan), heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır.

Azərbaycanda yüngül sənaye mallarına olan daxili tələbatın 90 faizi idxal hesabına ödənilir. Ölkəmizə yüngül sənaye, xüsusən də geyim malları əsasən xaricdən – Türkiyə, İran, Çin və bəzi Avropa ölkələrindən gətirilir.

Bu sənayenin inkişafı əhalinin sahə məhsullarına olan tələbatının ödənilməsi, sahibkarların daha çox gəlir əldə etməsi, regionlarda əhalinin iş yerləri ilə təmin olunması və digər sosial-iqtisadi problemlərin həllində əhəmiyyətli rol oynayır.

İqtisadçıların fikrincə, yüngül sənaye ağır sənayedən fərqli olaraq daha az kapital intensivlidir. Yüngül sənayeyə qoyulan vəsaitlər tezliklə qayıdır, istehsal edilən məhsulun çeşidi az miqdarda vəsait qoyuluşu nəticəsində asanlıqla dəyişdirilə bilir. Sənaye üzrə istehsal xərcləri də aşağıdır.

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda son vaxtlar sənayeləşmənin inkişafı ilə əlaqədar müəyyən işlər görülür, kiçik sənaye müəssisələri açılır, onların inkişafına dəstək verilir. Amma ölkəmizdə çox sayda iri sənaye müəssisələrinin yaradılmasına ehtiyac var: “Hər bir ölkənin iqtisadiyyatının inkişafında iki amil əsas rol oynayır: bank sisteminin normal işləməsi və rentabelli sənayeləşmənin mövcudluğu. Yüngül sənaye də elə bir sahədir ki, burada həm ilkin xammal emalı, həm hazır məhsulun istehsalı ilə məşğul olmaq mümkündür. Azərbaycanda yüngül sənayenin inkişafı üçün pambıq, barama və sair bu kimi xammal sahələri var”.

Deputat qeyd edib ki, Azərbaycan sənayesinin inkişafı müəyyən diqqət tələb edir. Həm xarici, həm daxili investisiya cəlb etməklə bu sahələri inkişaf etdirmək lazımdır. “Açığı yüngül sənaye bir qədər diqqətdən kənarda qalıb. Bu sahəyə müəyyən güzəştlər edilməlidir ki, yüngül sənaye məhsulları üzrə ölkə idxaldan asılılıqdan azad olsun”.

İqtisadçı –ekspert Azər Mehtiyevin sözlərinə görə, Azərbaycanda yüngül sənayenin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur: “Bu gün Türkiyə, Çin dövlətləri tekstil və toxuculuq məhsulları üzrə dünyada tanınıblar, onların məhsulları Azərbaycan bazarlarında da populyardır. Halbuki Azərbaycanın özündə yüngül sənayenin inkişafı üçün kifayət qədər imkanlar var.

Xammal istehsalı üçün işçi qüvvəsi də yetərincədir. Ölkəyə müasir texnologiyalar gətirməklə bu sahənin inkişafına şərait yaratmaq olar. Çox sayda kiçik müəssisələrimiz var, amma bu sahənin inkişaf etməməsi ölkədə sahibkarlıq mühitinin, rəqabət mühitinin vəziyyətindən asılıdır”.

İqtisadçı hesab edir ki, yüngül sənayenin inkişafı naminə yaradıcı təşəbbüskar mühitin yaradılması zəruridir: “Bu sahədə inhisarçılıq, məmur sahibkarlığı yüngül sənayedə rəqabət mühitinin intişar tapmasına imkan vermir. Təşəbbüskar insanların da bu sahədə fəaliyyəti məhdudlaşır. Sağlam rəqabət mühiti yaradılarsa, müəyyən təşəbbüs göstərən insanlara güzəştli kreditlərlə yardım göstərilərsə, Azərbaycanda bu sahə tez bir zamanda inkişaf edə bilər”.

İşğaldan azad olunmuş regionların yüngül sənaye xammalının əsasını kənd təsərrüfatı məhsullarının təşkil etdiyini nəzərə alsaq, bu sahənin inkişafı böyük perspektivlər vəd edir.

İqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Vəliyev açıqlamasında həmin ərazilərdə yaşayışın bərpa edilməsi üçün yüngül sənayenin əhəmiyyətini vurğulayıb. Məsələn, baramaçılığın inkişafı müvafiq yüngül sənayemüəssisələrinin açılmasına əlverişli şərait yaradacaq.

Bu sahədə tarixi təcrübə də var. XX əsrin əvvəllərində Şuşa və Cəbrayıl qəzalarında 17 ipəkəyirən fabrik (12-si Şuşada, 5-i isə Cəbrayılda) fəaliyyət göstərib. Bunlarla yanaşı, Şuşada 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabrikdən ibarət səhmdar cəmiyyət də fəaliyyət göstərib.

Sovet dövründə də Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayılda olub. Qarabağda xalçaçılıq sənətinin zəngin ənənələri var. Xalçaçılığı inkişaf etdirməklə həm daxili bazarın tələblərini ödəmək, həm də beynəlxalq bazarda ənənəvi Qarabağ xalçalarının satışını təşkil etmək mümkündür. Bu, dünyada Azərbaycan mədəniyyətinin təbliği baxımından da perspektivlidir.

Müasir texnologiyalara əsaslanan yüngül sənaye avadanlıqları çox bahalı olduğuna görə bu sektora iri həcmdə investisiyaların cəlb edilməsinə ehtiyac var. Ona görə də işğal edilmiş ərazilərimizdə yüngül sənayenin yaradılması və inkişaf etdirilməsi güclüdövlət dəstəyi və xarici investisiya qoyuluşları ilə həyata keçirilə bilər.

2015-ci ildən bəri Azərbaycanda yüngül sənaye sahəsinin inkişafına yönəlik addımlar atılmaqdadır. Belə ki, bu sənayenin təbii xammal bazası olan pambıq istehsalının artırılması üçün genişmiqyaslı tədbirlər görülür. Ancaq buna baxmayaq hələ də Azərbaycanın geyim sənayesi qonşu ölkələrlə müqayisədə geridə qalıb. Onu da qeyd edək ki, bu sahə üzrə müəssisələr yaransa da, onlar nəinki xarici bazara, heç daxili bazarda da öz yerini tuta bilməyib.

İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, miqyas baxımından Azərbaycan bazarı rəqabətli, keyfiyyətli məhsul istehsalı üçün lazım olan həcmdə deyil. Ona görə də investisiyanın qoyulmasını iqtisadi cəhətdən qeyri-səmərəli edir.

Həmsöhbətimizin sözlərinə görə, geyim üçün lazım olan xammalın idxal olunması daxildə həmin sənayenin inkişafına imkan vermir. Çünki sapdan tutmuş parçaya, düyməyə, istifadə olunan texnoloji avadanlıqlara qədər demək olar əksər xammal idxal olunur. Bu da məhsulun maya dəyərinin baha olmasına gətirib çıxarır.

Yüngül sənaye məhsullarının həcminin yüksəlməsi üçün qəbul edilən Azərbaycan hökumətinin qərarları sahənin və daxili bazarın müdafiəsinə xidmət edir. Belə tədbirlər qismində kredit orqanlarından alınmış kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması, Azərbaycanda texnoloji avadanlıqlara görə gömrük töycülərinin faiz dərəcələrinin sıfıra endirilməsi hesab edilə bilər. Digər tərəfdən ölkəmizdə yüngül sənayenin yenidən canlanmasına xidmət edən müəyyən tədbirlərin də həyata keçirilməsi məqsədəuyğun olardı.

Mütəxəssislərin fikrincə, həmin tədbirlər bilavasitə hökumət proqramlarına daxil edilməlidir. Onlar içərisində aşağıdakıları xüsusi ilə qeyd etmək lazımdır: Vəziyyətin yaxşı olmadığı xammal bazasının inkişaf etdirilməsi; keyfiyyətsiz, insan sağlamlığına zərərli olan məhsulların ölkəyə gətirilməsinin qarşısının alınması; ancaq yüngül sənaye sahəsində fəaliyyət göstərən kadrların hazırlanması, ixracın stimullaşdırılması və s.

Qeyd edək ki, tekstil-toxuculuq, gön-dəri-ayaqqabı sahəsində fəaliyyət göstərən şirkətlər hökumətin adekvat sənaye siyasəti qərarlarını qəbul edəcəklərinə ümid bəsləyirlər. Buraya aşağıdakılar daxil edilməsi məqsədə uyğundur: üç il ərzində yüngül sənaye müəssisələrinin əmlak vergisindən azad edilməsi, avadanlıq və xam malın idxalı üçün gömrük vergisinin ləğvinin saxlanması, ƏDV-nin qaytarılmasının sürətləndirilməsi, qərb ölkələrindəki kreditlərdən istifadə edilməsi imkanlarının yaxşılaşdıdırılması, gömrükdə nizam intizamın yaradılması

İqtisadiyyatın idxala yönümlü istiqamətdə inkişaf etməsi hələ də müşahidə olunmaqdadır. Məhz bu səbəbdən yüngül sənayedə istehsal edilən əmtəələrin idxalına bəzi məhdudiyyətlərin tətbiq edilməsi, əvəzində milli istehsalın inkişafı və həcminin artırılması iqtisadi siyasətinin əsas məsələlərindən biri olmalıdır.

Nə qədər paradoksal olsa da, idxal əməliyyatlarının artımı həmin əmtəələrin istehsalı üçün ölkədə bütün zəruri obyektiv imkanların mövcudluğu şəraitində baş verir. Məsələ ondadır ki, pambıqçılığın, ipəkçiliyin, yun və gön-dəri istehsalının, xalçaçılığın və bu kimi digər istehsal sahələrinin inkişaf etdirilməsi üçün hər cür şərait var.

Qeyd etdiyimiz məhsullar sırasında pambıq məmulatlarının idxalı və ixracı çoxluq təşkil edir. Bu istiqamətdə ixrac əməliyyatlarının çoxluğu həmin istehsal növlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycanda xeyli imkanların olmasını göstərir. Eyni zamanda, ölkəmizin milli iqtisadiyyatı üçün son dərəcə vacib olan valyuta, gəlir əldə etməyin əhəmiyyətli bir mənbəyidir.

İdxal həcminin bu qədər üstünlüyü müsbət hal deyil. Azərbaycanın idxalında xarici ölkələrin payı ötən illərdə 52,4 faiz təşkil edib. Bu hal Azərbaycan üçün müsbət və faydalı vəziyyət kimi dəyərləndirilə bilməz.

İqtisadiyyatda daha az investisiya qoyuluşu tələb edən sahələrdən biri də məhz yüngül sənayedir. Ağır sənayedən fərqli olaraq, burada daha kiçik kapital yatırımı ilə istehsal sahələrini xeyli inkişaf etdirmək olur. İqtisadiyyatın bu sferasına yatırılan maliyyə vəsaitləri az müddət ərzində qayıdır, buraxılan məhsul çeşidi kiçik investisiyaların yatırılması sayəsində kifayət qədər asanlıqla genişləndirilə yaxud ümumiyyətlə dəyişdirilə bilir, sənaye üzrə istehsal xərcləri də kiçikdir.

Respublikamızda yüngül sənayenin inkişafı üçün münbit şərait və bütün imkanlar mövcuddur. Hər şeydən əvvəl, yüngül sənaye üçün müvafiq xammal bazası Azərbaycandadır. Yəni,  respublikamızda yüngül sənaye məhsullarını istehsal edən müəssisələr fəaliyyətə başladıqda onların buraxdığı məhsulların maya dəyəri yüksək olmayacaq.

Yüngül sənayenin hərtərəfli inkişaf etdirilməsi nöqteyi-nəzaərdən daha mühüm bir faktor yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Azərbaycanda tarixən yüngül sənaye müəssisələri fəaliyyət göstərib. Bu sahə bizim üçün ənənəvidir.

Azərbaycanda son dövrdə yeni yüngül sənaye müəssisələri istismara verilir. Onların sayəsində yerli istehsal az da olsa inkişaf edir. Yüngül sənayenin ixrac potensialının yüksəldilməsi üçün Azərbaycan dövləti tərəfindən ciddi tədbirlərin və islahatların reallaşdırılmasına start verilib.

2022-ci ildə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 299,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Yüngül sənayenin canlanmasına nail olmaq lazımdır. Çünki bu, respublikamızın tələb olunan miqdarda istehlak malları ilə təminatına, idxalın aşağı salınmasına və bu sahədə xaricdən asılılığı minimuma endirməyə imkan verəcək. Bununla yanaşı, iş qabiliyyətli əhalinin xeyli hissəsinin iş yerlərilə təmin lunmasına imkan yaranacaq. Odur ki, yüngül sənaye kimi mühüm bir sahənin inkişaf etdirilməsi dövlət başçımızın ölkəmizin milli iqtisadiyyatının inkişafına istiqamətləndirilən daxili siyasətin prioritetini təşkil edir.

 

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

 

 

 

 

 

 

Əvvəlki məqalə

Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir

Sonrakı məqalə

Sabah hava necə olacaq?