“Miss World-2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi polşalı Karolina Belyavska boş vaxtlarında evsiz insanlara kömək edir.
Azpost.info xəbər verir ki, Karolina doğma şəhəri Lodzda xeyriyyə layihəsi həyata keçirir. Layihə iştirakçıları hər bazar günü evi olmayan insanlara isti yemək, paltar və tibbi maska paylayır, onlara hüquqi və tibbi yardım göstərirlər: “Fiziki gözəllik keçicidir. Bu gün var, sabah yox. Bizim başqalarına olan davranışlarımız isə heç bir yerə getmir. Bu, heç kimin bizdən ala bilməyəcəyi gözəllikdir”.
Karolina özünə inamın gözəllikdən daha vacib olduğuna inanır: “Sizin diplomunuz, biliyiniz, təcrübəniz, gözəlliyiniz, pulunuz və əlaqələriniz ola bilər. Amma özünüzə inamınız yoxdursa, məqsədinizə çata bilməyəcəksiniz. Çünki özünüzə inanmasanız, insanlar sizə inanmayacaq. Özünə inam cazibənin təməlidir”.
22 yaşlı dünya gözəli anasını həyatda əsas ilham mənbəyi hesab edir: “Heç kim məni onun kimi motivasiya etmir. Mən istənilən vəziyyətdə ona arxalana bilərəm. O, mənə həqiqətən vacib olanı göstərir və hər gün ondan yeni bir şey öyrənirəm”.
Dünyanın yarısını gəzib-dolaşdığını deyən Karolina Yeni Zelandiya, Avstraliya, Fransa, Kanada, Vyetnam, İrlandiya və İslandiyanın ən sevdiyi ölkələr olduğunu deyib.
Azpost.info

