Gürcüstanda dövlət çevrilişi hazırlayan qrup ifşa edilib.
Azpost.info xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti açıqlama yayıb.
Məlumata görə, qrup həm ölkə daxilində, həm də xaricdə hərəkət edib.
“Dağıdıcı proseslərin başlanması üçün seçilən dövr bu ilin oktyabr-dekabr aylarıdır. Bu zaman Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi və ya verilməməsi ilə bağlı qərarı ictimaiyyətə açıqlanmalıdır”, – xüsusi xidmət orqanı bildirir.
“Qrup üzvləri ümid ediblər ki, Avropa Komissiyası Gürcüstana namizəd statusu verməyəcək və onlar bu qərardan istifadə edərək Tbilisi hakimiyyətini rusiyayönlü siyasət yürütməkdə ittiham edə biləcəklər. Təşkilatçılar Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili, onun keçmiş müavini Gia Lordkipanidze, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin keçmiş mühafizəçisi Mixail Baturin, eləcə də Ukraynada fəaliyyət göstərən gürcü legionunun komandiri Mamuka Mamulaşvilidir”, – məlumatda deyilir.
O da qeyd olunur ki, qrup öz planlarını xaricdən maliyyə dəstəyi, eləcə də Ukraynada döyüşən, “Kanvas” və “Otpor” təşkilatlarına yazılan gürcü əsilli gənclərin böyük bir qrupunun köməyi ilə həyata keçirmək niyyətində olub.
Müxalifətdə olan Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası çevriliş hazırlamaqla bağlı bütün ittihamları rədd edib. Partiyadan bildirilib ki, bu cür ittihamlarla Tbilisinin hazırkı hakimiyyəti ictimaiyyəti Aİ-nin Gürcüstanın rusiyayönlü hakimiyyətinə namizəd statusu verməkdən imtinasına hazırlayır.
Mamuka Mamulaşvili də Gürcüstan mətbuatına müsahibəsində ittihamları “saxta” adlandırıb.
Azpost.info