Gələcəyə qurulan körpü –Uşaqların müdafiəsi

Dünyanın əksər ölkələrində olduğu kimi 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.

Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. Azərbaycanlı qadınlardan Liza Muxtarova, Sona Tağıyeva və başqaları cəmiyyətin ən fəal üzvləri sırasına daxil idilər.

Uşaq hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olub. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunda deyilir ki, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

1992-ci ilin iyulun 21-də Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub. Ölkəmiz uşaq hüquqlarının müdafiəsi və təmin olunmasına dair üzərinə  öhdəlik götürüb.

Uşaq hüquqları Konvensiyası dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.

İnkişaf hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və  uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları da təmin edir.

Konvensiya uşaqlar üçün müəyyən edilmiş hüquqları təsbit  və yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uşaq siyasətinin əsasında kompleks qanunvericilik, institusional və praktiki tədbirlər durur. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, onlar üçün təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycanda “Uşaq hüquqları haqqında” qanunun qəbul edilməsindən ötən illərdə qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilir, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatlarına görə, ğlkəmizdə 10-dan çox sosial təminat növü məhz uşaqların sosial müdafiəsinə yönəlib.  Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları aylıq müavinətlə təmin olunurlar.

Ailə başçısını itirməyə aylıq sosial müavinət və ya pensiya ödənilən ailə üzvlərinin 95 faizdən, ünvanlı sosial yardım alan ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları (himayəçiləri), üç yaşınadək uşaqlara qulluğa görə onların sığortaolunan valideynləri aylıq müavinətlə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər aylıq təqaüdlə təmin edilirlər.

Ümumilikdə, hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə müavinət də ödənilir.

Uşaqların reabilitasiya yönümlü, səmərəli sosial xidmətlərlə təminatı da aparılan işlərdən biridir. Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı 1 və 2 saylı sosial xidmət müəssisələri Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun yenidən qurulub. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi də istifadəyə verilib. Nazirliyin 1 və 2 saylı uşaq reabilitasiya  mərkəzlərində hər il minlərlə uşaq reabilitasiya xidmətləri ilə təmin olunur və cari ildə bölgələrdə (Şəmkir, Qəbələ) daha iki belə mərkəzin açılması nəzərdə tutulur.

Hər bir uşağın müdafiə olunmaq hüququ var. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.

Bir çox hallarda uşaqların çətin həyat şəraitinə düşməsinin və riskə məruz qalmasının əsas səbəbləri onların üzləşdiyi problemlərin düzgün təhlil edilməməsi ilə əlaqədardır. Əsas məqamlar gözdən qaçdıqda və düzgün təsvir olunmadıqda problemlərin səmərəli həlli mümkün olmur, nəticədə, risk altında olan uşaqların təcrid olunması daha da dərinləşir.

Riskə məruz qalan ailənin üzvü olan uşağın qanuna zidd davranma ehtimalı böyük olur. Azərbaycan yuvenal ədliyyə sistemi uşaq hüquqlarının təmin olunmasını öz üzərinə götürüb. Ədliyyə orqanları qanun pozuntularına yol vermiş uşaqların azadlıqdan məhrum etməni nəzərdə tutmayan islah tədbirlərinin təşviq edilməsinə getdikcə daha çox yönəlir.

Müvafiq islah tədbirləri uşağın cəmiyyətə konstruktiv töhfələr vermək imkanını artırır, saxlanma və ya azadlıqdan məhrumetmə tədbirləri isə onun adətən yoxsulluq, sosial cəhətdən təcrid olunma və cinayətləri təkrar törətmə halları ilə yenidən üzləşməsinə gətirib çıxarır.

Milli Məclisin deputatı Əminə Ağazadənin fikrincə, uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.

“Son illərdə dövlətimizdə həyata keçirilən hüquqi islahatların təşəbbüskarı məhz dövlət başçısı cənab İlham Əliyev olub. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə hazırlanan və yetkinlik yaşına çatmayan şəxslərin cinsi toxunulmazlığına və cinsi azadlığına qarşı cinayətlərin törədilməsinə görə cəzaları sərtləşdirən qanun layihəsi Milli Məclisin payız sessiyasının 27 dekabr 2022-ci il tarixli iclasında 3-cü oxunuşda qanun qəbul edilib. Bu Qanunda əsas məqamlardan biri bu əməllərdən zərər çəkən uşaqların yaş kateqoriyasına görə cəzaların sərtləşdirilməsi oldu”.

Deputat qeyd edib ki, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.

“Təcrübə göstərir ki, təcavüzkar insanlara qarşı nə qədər sərt cəza tətbiq edilsə, təcavüzlərin sayında bir o qədər azalma müşahidə ediləcək. Dünya praktikasında uşaqlara qarşı zorakılıq edən təcavüzkarlar ən sərt şəkildə cəza alırlar. Bura ölüm hökmü də daxil olmaqla ömürlük azadlıqdan məhrum etmələr aiddir. Təbii ki, cəzaların tətbiqi prosesində törədilən cinayətin dərəcəsi də nəzərə alınır. Uşaqlar bizim gələcəyimizdir. Əgər bu gün uşaqlar sosial-psixoloji olaraq tam sağlam şəkildə böyüyürsə, bu, bizim gələcəyimizin sağlam olmasından xəbər verir. Cəmiyyət olaraq icazə verməməliyik ki, uşaqların təmiz, saf ruhları kimlərinsə mənfur əməlləri ilə çirklənsin”.

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdır.

Deputat Rauf Əliyevin sözlərinə görə, ölkəmizin 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulması ilə uşaq hüquqlarının müdafiəsi ilə bağlı zəngin qanunvericilik bazası formalaşıb: “Milli Məclisdə uşaqların hüquqların qorunmasına dair mühüm qanunvericilik aktları da qəbul olundu. Bu mənada “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunların qəbulunu xüsusi qeyd etməliyik”.

Deputat qeyd edib ki, bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. “Təəssüflə qeyd etməliyik ki, müəyyən qədər ailələrdə baş verən mənfi hallar da uşaqlara təsir göstərir. Bunun aradan qaldırılması üçün profilaktik tədbirlər görülür, uşaqlara hüquqi yardım göstərilir”.

Deputatın fikrincə, yetərincə normativ-hüquqi baza olsa da, cəmiyyətdə bu sahədə maarifləndirmə işləri yetərincə deyil. “Eyni zamanda, müxtəlif KİV-lərdə yazılarda, televiziya verilişlərində əsasən təhsil müəssisələrinin, müəllimlərin və tərbiyəçilərin tənqid olunduğu müşahidə olunur. Valideynlərin uşaqların vəzifələri və məsuliyyətləri barədə nədənsə az danışılır. Bu məsələyə birtərəfli yox, kompleks yanaşma lazımdır. Bütün vasitələrdən istifadə olunaraq cəmiyyətdə bu sahədə maarifləndirmə işlərini gücləndirmək lazımdır. Eyni zamanda, valideynlərlə bu sahəyə cavabdeh olan dövlət qrumları ilə, ictimai təşkilatlarla təhsil müəssiəyəri arasında işgüzar və səmərəli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir”.

Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlər daim diqqət mərkəzindədir. Uşaqların problemlərinin həllində onlarla dialoqun qurulması vacib amillərdəndir. Uşaqların danışmaq və dinlənmək hüququ təmin edilməlidir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda uşaq hüquqlarının pozulması əksər hallarda zehni və fiziki zorakılıq, təhsil almaq hüquqlarının pozulması ilə müşayiət olunur. Ən aktual problemlərdən biri uşaq əməyinin istismarıdır.

Azərbaycan ötən dövrdə BMT-nin «Uşaq hüquqları haqqında», BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin  ən pis formalarının  qadağan edilməsinə və onların  aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib.

Ölkə qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi isə 15 yaşdır və uşaqların həyat və sağlamlığına, onların   mənəviyyatına   təhlükə  törədə biləcək fəaliyyətə cəlb edilmələri də qadağandır.

Ekspertlərin fikrincə bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq, aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımı işlər görülməlidir.

Media eksperti Ələsgər Məmmədli hesab edir ki, telekanallar uşaq hüquqlarının qorunmasını daha çox zədələyir. Uşaq hüquqları media etikası-jurnalist etikasının əlifbası olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir. Kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ailə problemlərinə həsr olumuş verlişlərdə uşaqların verlişlərə çıxarılmasına qadağa qoyulmasını istəyir. Onun fikrincə, telekanallarda bu sayaq verlişlərdə dövlət qurumunun hüquqşünasının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir.

Hazırda ölkədə iki milyon altı yüz mindən çox uşaq var. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Yürüdülən dövlət siyasətinin əsasında dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyümələri durur.

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.