“Həsən bəy Zərdabi SSRİ xalq artisti Rauf Hacıyevin babası sayılır…” –Professor Zəminə Hacıyeva (MÜSAHİBƏ)

SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin oğlu və gəlini, tanınmış rejissor və pedaqoqlar, Konya Səlcuk Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasının yaradıcıları, hazırda isə Fəxri Müəllimləri  olan Professorlar Fuad Hacıyev və Zəminə Hacıyeva.

Azərbaycanın görkəmli sənət xadimləri olan Fuad  Hacıyev və Zəminə Hacıyeva uzun illərdir Türkiyənin Konya şəhərində yaşayır. Sonuncu dəfə 2019-cu ildə Bakıda görüşüb, həmsöhbət olduğum dəyərli sənət xadimlərimizlə vaxtaşırı danışıram.

Bu dəfəki söhbətimizin mövzusu Fuad Hacıyevin 80 illik yubileyi ilə bağlı oldu. Hərçənd yubiley tədbirləri ötən ay qeyd olunsa da, Zəminə xanımla həmin günlərdən danışmaq çox xoşdur.

– Zəminə xanım, necəsiniz? Fuad müəllimin səhhəti qaydasındadır?

– Çox sağ olun, babatıq. Yaşımıza və keçirdiyimiz xəstəliklərə görə, şükür Allaha ayaqdayıq. Fuad müəllimin səhhəti o qədər də yaxşı deyil. Xəstədir. Əvvəlki kimi hərəkət edə bilmir. Təbii ki, yaş öz sözünü deyir. Hərdən zarafatla Fuada deyirəm ki, “Hamısı (80) həşdaddandır”. Yəni, 80 yaş özünü göstərir.

– Fuad müəllimin 80 yaşı ötən ay tamam oldu. Sizdən eşitdiyim qədəri ilə yubiley mərasimi gözəl keçib

– Elədir. Bizim yubiley mərasimlərimiz evdə baş tutdu. Sözün düzü bu qədər adamın gələ biləcəyini düşünməmişdik. Üç gün evimiz qonaqlarla dolub, daşdı. Sağ olsunlar, Fuadı unutmadılar. Ailə üzvlərimizin yanımızda olması köməyimə çatdı. Yoxsa, o qədər adamı evdə müsafir etmək, hər kəslə ayrı-ayrılıqda məşğul olmaq mənim üçün çətin olardı. Nə yaxşı ki, qızım Qəribsoltan yubileydən sonra da, uzun müddət bizimlə qaldı. Mənə çox kömək oldu.

İlk gün Fuadın tələbələri, müəllim dostları təbrikə gəldi. İkinci gün Türkiyədə yaşayan azərbaycanlılar qonağımız oldu. Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı da gəlmişdi. Fuadı TÜRKSOY adından təbrik etdi. İnşallah, üzü payıza Universitetdə böyük tədbir olacaq. Yubileyin davamı səhnədə baş tutacaq. TÜRKSOY adından mənə və Fuad müəllimə Fəxri Fərman təqdim ediləcək. Təbii ki, Fuadın səhhəti qaydasında olsa. Çünki hazırki durumda evdən çıxa bilmirik. Həm də Universitetdə hələ dərslər başlamayıb. Dərslər başlayıb, tələbələr, müəllimlər gəldikdən sonra böyük tədbir baş tutacaq.

– Zəminə xanım, bu il Fuad müəllimin 80, Rauf Hacıyevin isə 100 illik yubileyidir. Rauf müəllimin yubileyi Dövlət səviyyəsində qeyd ediləcək. Yubiley tədbirlərində iştirak etmək üçün Bakıya gələcəksiniz?

– Sözün düzü, çoxdandır Bakıya gəlmək istəyirik. Rauf Hacıyevin 100 illik yubileyi ərəfəsində, yəni aprel-may ayında gəlməliydik. Amma Fuad müəllimin səhhəti yaxşı deyil. O qədər uzun yolu necə gələcək, bilmirəm. Pilləkən qalxmaq, uzun müddət ayaqda qalmaq Fuad üçün çətinləşib. Ona görə də apreldə Bakıya gəlmək istəsək də, baş tutmadı. Amma sağlıq olsa üzü payıza Vətənə gəlmək istəyirik. Bakı üçün çox darıxmışıq. Xəzər üçün darıxmışıq. Bütün dostlarımız, doğmalarımız üçün darıxmışıq. İnşallah, Fuadın səhhəti uzun yola çıxmaq üçün əlverişli olsa, yaxın aylarda gəlmək istəyirik.

– Zəminə xanım, Fuad Hacıyev iyulun 22-də doğulub. 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Fuad müəllimin ailəsinin Həsən bəy Zərdabi ilə qohumluq əlaqələrini nəzərə alsaq, doğum günü əlamətdar tarixə təsadüf edir.

– Çox doğru deyirsiniz. Son zamanlar Həsən bəy Zərdabi ilə qohumluğumuzdan çox yazırlar. Həsən bəy haqqında yazılar, məqalələr yazan jurnalistlər bizimlə çox maraqlanırlar. İlk müsahibəmizdə sizə danışmışdım. Yəqin ki, yadınızda qalıb. Həsən bəy Zərdabi Rauf Hacıyevin babası sayılır. Çünki Həsən bəyin qızı Qəribsoltan xanım Raufu uşaqlıqdan himayəsinə alıb, böyüdüb. Qəribsoltan Həsən bəyin ən kiçik qızı olub. Həsən bəy və Hənifə xanımın oğlu Safvet (Səffət) Türkiyədə yaşayıb. Biz onun ailəsi ilə sonralar görüşmüşdük. Onlar Ankarada yaşayırdılar. Təəssüf ki, biz onlarla görüşəndə Həsən bəyin oğlu Safvet həyatda yox idi.

Sizə deyim ki,  Rauf müəllim ömrünün sonuna qədər Həsən bəyi, Qəribsoltan xanımı, Safveti unutmadı. Hər zaman onlar haqqında yüksək minnətdarlıqla danışardı. Ona görə də qızının adını Nanə qoymuşdu. Nanə, Həsənbəyin qardaşı qızı olub. Yəni, Qəribsoltan xanımın əmisi qızı idi. Bizim də qızımızın adı Qəribsoltandır.

-Zəminə xanım, Konyaya səfərə gələn sənət xadimlərimiz sizə baş çəkirlər?

– Yerimizi, ünvanımızı bilənlər baş çəkirlər. Əvvəllər hər gün Universitetdə olardıq. Yaşımız və səhhətimiz buna imkan verirdi. Son illər evdən az-az çıxırıq. Xüsusilə də, iki illik pandemiya bizi evə məhkum etmişdi. Burada qanunlar sərt idi. Yaşımıza görə, küçəyə, bayıra çıxa bilmirdik. İndi şükür Allaha vəziyyət düzəlib. Bizimlə Cahangir Novruzov tez-tez əlaqə saxlayır. Sonuncu dəfə iyun ayında tələbələri ilə birlikdə Konyaya, teatr festivalına gəlmişdilər. Həmin günlərdə Cahangir bizə qonaq gəldi. Fuadı ziyarət etdi, yubileyi münasibətilə təbriklərini çatdırdı. Fuadla mənim şəkillərimizi çəkdi. Danışdı, zarafatlaşdı. Cahangir çox vəfalı, pozitiv insandır. Xətrini çox istəyirik.  Ümumiyyətlə, bizimlə maraqlanan hər kəsə, o cümlədən sizə də təşəkkür edirik. İnşallah, sağlıq olsa Bakıda yenidən görüşmək ümidi ilə.

– Sağlıq olsun. Zəminə xanım sizə və Fuad müəllimə təşəkkür edirəm.

Ülviyyə Həsənqızı

Azpost.info

 

 

 

 

Əvvəlki məqalə

“Əcnəbilərin Rusiyaya gəlişi və qalma şərtləri haqqında qanun hazırlanır”

Sonrakı məqalə

Bakıda bu yollarda sıxlıq var