Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərar qəbul edib.
Qərarda müəlliflik hüquqlarının kollektiv idarəetmə təşkilatları ilə elektronika və digər avadanlıqların idxalçıları arasında yaranan mübahisələrə aydınlıq gətirilib. Ali Məhkəmə hesab edib ki, qanunda nəzərdə tutulan hallarda tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qonorar almaq hüququnu və idxalçının həmin ödənişi həyata keçirmək öhdəliyini aradan qaldırmır.
Mübahisə nədən yaranıb?
İşin hallarına görə, audiovizual əsər müəlliflərinin əmlak hüquqlarını kollektiv şəkildə idarə edən təşkilat – Gildiya – şirkətlərdən birinin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün, gəlir əldə edilmədən surətinin çıxarılmasında istifadə oluna bilən avadanlıq və maddi daşıyıcıları ölkəyə idxal etdiyini bildirib.
Gildiya məhkəmədən şirkətin onunla müqavilə bağlamasını və qanunvericilikdə nəzərdə tutulan müəllif qonorarının tutulmasını tələb edib.
Şirkət isə iddiaya etiraz edib. Bildirib ki, idxal etdiyi məhsullar qanunda göstərilən surətçıxarma avadanlıqları və maddi daşıyıcılar kateqoriyasına daxil deyil. Şirkət yalnız elektronika və məişət texnikası idxal edib satdığını və buna görə də müəllif qonorarını ödəmək və Gildiya ilə müqavilə bağlamaq öhdəliyinin olmadığını bildirib.
Aşağı instansiya məhkəmələri nə qərar verib?
İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin etməyib.
Məhkəmələr hesab ediblər ki, Gildiya şirkətə müqavilə bağlanması ilə bağlı təklif göndərsə də, şirkət həmin müqaviləni qəbul etməyib. Məhkəmələrin mövqeyinə görə, müqavilə tərəflərin qarşılıqlı və könüllü razılığı əsasında bağlanır və şəxsi müqavilə bağlamağa məcbur etmək olmaz.
Bundan başqa, məhkəmələr şirkətin idxal etdiyi məhsulların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu Gildiyanın mötəbər sübutlarla təsdiqləyə bilmədiyi qənaətinə gəliblər.
Ali Məhkəmə: əsas öhdəlik müqavilədən yox, qanundan yaranır
Ali Məhkəmə isə məsələyə fərqli hüquqi yanaşma ortaya qoyub.
Məhkəmənin mövqeyinə əsasən, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17.3-cü maddəsində audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün, gəlir əldə edilmədən surətinin çıxarılması zamanı müəlliflərin, ifaçıların və audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ nəzərdə tutulur.
Bu qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilməlidir.
Ali Məhkəmə vurğulayıb ki, həm müəllifin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçının həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan yaranır.
Məhkəmənin yanaşmasına görə, tərəflər arasında bağlanması nəzərdə tutulan müqavilə bu hüququ yaradan əsas deyil. Müqavilə yalnız həmin hüququn həyata keçirilməsi mexanizmlərindən biridir.
Yəni müqavilə tərəflərə qonorarın məbləğini və ödənilməsi qaydasını qarşılıqlı razılaşma yolu ilə müəyyən etmək imkanı verir. Lakin tərəflər razılığa gələ bilmədikdə bu, idxalçının ümumiyyətlə ödənişdən azad olması demək deyil.
“Müqavilədən imtina etməklə öhdəlikdən yayınmaq olmaz”
Ali Məhkəmə xüsusi olaraq bu məsələyə diqqət çəkib.
Əgər müqavilənin bağlanmaması müəllif qonorarını ödəməmək üçün əsas kimi qəbul edilsəydi, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanuni ödəniş öhdəliyindən yayına bilərdilər.
Məhkəmə hesab edir ki, belə yanaşma müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla qorunan əmlak hüquqlarının faktiki həyata keçirilməsinə mane olar və qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini faktiki olaraq əhəmiyyətsiz vəziyyətə gətirərdi.
Bu səbəbdən Ali Məhkəmə bildirib ki, tərəflər arasında müqavilənin olmaması müəllif qonorarının ödənilməsi öhdəliyini avtomatik aradan qaldırmır.
Hansı avadanlıqlara qonorar tətbiq olunur?
Qərarda daha bir mühüm məqama aydınlıq gətirilib.
Ali Məhkəmənin mövqeyinə görə, qanunda sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısı məhdud deyil. Qanunda işlədilən “başqa avadanlıqlar” və “digər maddi daşıyıcılar” anlayışları texnologiyanın inkişafı nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməlidir.
Bu o deməkdir ki, konkret cihazın müəllif qonorarına tabe olub-olmaması yalnız onun adına və ya məhsul kimi təsnifatına əsasən müəyyənləşdirilməməlidir.
Əsas meyar həmin texniki vasitənin audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanına malik olub-olmamasıdır.
Qonorarın məbləği necə müəyyənləşdirilir?
Ali Məhkəmə qeyd edib ki, tərəflər müqavilə bağlayaraq qonorarın məbləğini və ödənilmə qaydasını qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla razılaşdıra bilərlər.
Razılıq əldə edilmədikdə isə qonorarın məbləği müvafiq qanunvericilik normaları əsasında müəyyən edilir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğ nəzərə alınır.
Beləliklə, Ali Məhkəmənin qərarı müəlliflik hüquqları sahəsində mühüm hüquqi mövqe formalaşdırır: qanunda nəzərdə tutulan hallarda müəllif qonorarının ödənilməsi müqavilənin bağlanıb-bağlanmamasından asılı deyil.
İş üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilib.