Hay ver mənə, cənab leytenant…

Şəhid Vüsalın Şuşada qalan müqəddəs ruhu (FOTO)
30 Noyabr 2020 - 13:13

Qələbə … Dilimizdə  ən şirin söz, yaşadığımız  ən möhtəşəm ilahi hiss. Amma  qələbə  həm də  məğlubedilməz igidlərin qanıdır, qurban gedən canıdır, ölümün özünü sarsıdan  cəsarətidir, hünəridir və buna görə …ağırdır! Vətən yanğısıdır, Vətən sevgisidir Qələbə! Erməni qəsbkarlarından  azad edilən hər qarış torpağımız ölümün gözünə dik baxan, şəhidlik şərbətini könüllü içən  igidlərimizin qanına boyanıb.

Qələbənin ağır yükünün  altına çiyinlərini cəsarətlə verən, döyüşün ilk günündən cəhbəyə könüllü  yollnan və şəhadət anına qədər mətanətlə döyüşən  igidimizdən – 30 yaşlı  Şuşa qəhrəmanı , şəhid Vüsal Kazımovdan  söz açmaq istəyirəm .

Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində , cənub bölgəsinin tanınmış ziyalısı , LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri namizədi, dosent  Kamran Kazımovun ailəsində dünyaya göz açmışdı. Vüsal  həm Lənkəran Dövlət Universitetinin məzunu, həm tələbəsi idi. Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi iqtisadiyyat ixtisasını seçmişdi, sonuncu- V kurs tələbəsi idi. Bu ilin əvvəlindən Lənkəran şəhər uşaq gənclər və idman məktəbinin direktoru təyin edilmişdi. Rayonda , universitetdə vətənpərvərlik mövzusunda keçirilən bütün tədbirlərin ön sıralarında idi. Onun sosial şəbəkə üzərindən  paylaşımlarına diqqət etsəniz bir gəncdə bu qədər Vətən təəssübkeşliyinin, sevgisinin  olmasına həsəd aparacaqsınız. Belə ailədə doğulmuşdu, belə böyümüşdü, belə  tərbiyə almışdı Vüsal.

Müharibənin ilk günündən könüllü olaraq cəhbəyə gedəndə nikbin ovqatda “yaxın günlərdə qələbə ilə qayıdacağam” demişdi, amma iki körpə qızını həm həyat yoldaşına, həm anasına əmanət etmişdi, atasından həya etmişdi. Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilan işğaldan azad olunması xəbərlərini atası ilə hər  paylaşanda  ürəkdən sevinirdi Vüsal.Amma bu sevincli xəbərlərin davamı oktyabrın 26-da kəsildi. Bir də noyabrın 29-da şəhid olma xəbəri gəldi …Şuşa  ətrafındakı  döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu baş leytenant Vüsal Kazımov.

Qəhrəmanlıq –içərək

Acı ölüm tasından

İrəliyə atılmaq və

Sonra dönməməkdir!

Vüsal   3 rəngli bayrağımıza bükülü tabutda döndü ata ocağına… “Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan” deyən oğlanı son məzara bütün Lənkəran yola saldı. 30 yaşlı gəncin şəhadəti bütün tanıyanlarını qəlbən sarsıtdı. Vüsalı hicrana dönən igid

Səndən təsəlli bir zabit mundiri,

Bir cüt ulduzlu, aylı paqonlar

Və bir də ata yolu gözləyən iki körpə qız övladı yadigar qaldı … Hələ dil açmayan körpə Aynurun sənə ata deməyə macalı olmadı, 6 yaşlı Nurayı ovutmaq isə çox ağırdır…Yeganə oğlunu itirən Kamran müəllimə təsəlli verəcək qədər ağır… Qələbənin çəkisi qədər ağır…

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.