“Heç kim bilmir nə baş verəcək…” –PREZİDENT RUSİYA-UKRAYNA MÜHARİBƏSİ HAQQINDA DANIŞDI

“Azərbaycan həmişə ölkələrin ərazi bütövlüyünü dəstəkləyib və bu mövqeyə sadiqdir”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda Rusiya-Ukrayna münaqişəsi barədə suala cavab verərkən deyib: “Fikrimcə, heç kim bilmir nə baş verəcək. Biz buna qarışmırıq. Biz məlumatları açıq mənbələrdən alırıq. Amma  görürük ki, beynəlxalq hadisələr bu münaqişəyə münasibətdə tamamilə qeyri-müəyyəndir. Ən başlıca sual odur ki, bu  nə vaxt və necə bitəcək. Dünyada bir çox məsələlər bundan asılı olacaq. Ona görə mənim hadisələrin necə inkişaf edəcəyi barədə şərh verməyim doğru olmaz. Bu bir sıra faktorlardan-Rusiya hökumətlərinin siyasətindən, Ukrayna hökumətinin və Ukrayna ordusunu dəstəkləyən Qərb müttəfiqliyindən asılıdır”.  

İ.Əliyev bildirib ki, ən mühüm olanı müharibənin başa çatmasıdır.  “Azərbaycan bütün beynəlxalq platformalarda ölkələrin ərazi bütövlüyünü dəstəkləyib, bu mövqeyimizə sadiqik. Biz özümüz də ərazi bütövlüyümüzün pozulmasından əziyyət çəkmişik. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Digər tərəfdən isə ölkələrin ərazi bütövlüyünə seçici yanaşma mövcuddur”.

Prezident deyib ki, Azərbaycan torpaqları işğal altında olanda ölkə həmişə postsovet məkanında münaqişələrə yanaşmadan məyus olub: “Gürcüstan, Moldova, Ukraynada münaqişələrə münasibətdə bu ölkələrin ərazi bütövülüyünə açıq dəstək ifadə edilib. Azərbaycana gələndə isə biz vasitəçilərdən belə açıq bəyanatlar eşitmədik. Bizə sadəcə deyirdilər: “Siz razılığa gəlməlisiniz”. Biz soruşanda ki”Bəs BMT TŞ-nin qətnamələri necə olsun?” -cavabında -sükut. “Helsinki Yekun Aktı bəs?”- yenə cavabında sükut. Və biz dedik: “Yaxşı! Bu reallıqdır. Biz bu reallığı dəyişdirəcəyik”. Və buna hazırlaşmağa başladıq”.

Prezident deyib ki, vəziyyəti beynəlxalq hüquq, BMT, Ermənistanın konstruktiv yanaşması deyil, ordu, xalq, Azərbaycanın siyasi iradəsi dəyişdirdi: “Beləliklə, reallıq dəyişdirilməlidir. Bunu edəcək güc varmı? Əgər varsa bunu edirsən, yoxdursa gücünü toplayırsan. Əgər sakit həyat istəyirsənsə o zaman bu gerçəkliklə barışmalısan. Biz başqa yolu seçdik. Məndən yuxusuz gecələr barədə soruşmuşdular. Bəli, mənim işğal dövründə qəzəbdən çoxlu yuxusuz gecələrim olub. Ona görə yox ki, nəsə baş verə bilər, o anlamadan ki, bu ədalətsizlik dünyanın necə idarə olunmasının əksidir. İnam və ədalət müharibədə qələbə çaldıqdan sonra mənə qayıtdı. Mən yenidən ədalətə inanmağa başladım. Odur ki, yenə deyirəm, sonun necə olacağını bilmirəm. Ərazi bütövlüyünün bərpasına bizim yanaşmamız məlumdur. Yəni, güclü olmaq lazımdır”-deyə Prezident şərhində bildirib.

 

Əvvəlki məqalə

SOCAR prezidenti Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Sonrakı məqalə

HHQ-nin sabiq komandan müavini ,”Qarabağ” ordenli polkovnik Mais Orucəliyev vəfat edib