Heybətli “Əmir Teymur”, “məmləkətin Şairi” və cahanın “İblis”i –Görkəmli aktyor Hamlet Xanızadənin doğum günüdür

Görkəmli teatr və kino aktyoru, Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin dünyaya göz açdığı gündür. Yaşasaydı 82 yaşını qeyd edəcəkdi.
Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Burada orta təhsil almışdı. Atası Bəbir kişi heç onu aktyor görmək istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi. İncəsənət Universitetini bitirən Hamlet 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə qəbul olunub.
Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar qalereyası yaradır. Həsən Səbbah (“Xəyyam”), İblis (“İblis”), Qacar (“Vaqif”), Molla Abbas (“Dəli yığıncağı”), Nizami (“Atabəylər”), Doktor (“Şöhrət və ya unudulan adam”), Antonino (“Fırtına”) və s. tamaşalarda oynadığı rollar ona böyük tamaşaçı sevgisi qazandırıb.
Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və b. aktyorun ən sevdiyi dramaturqlar sırasında yer alıb.
Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi ustadlarla bir yerdə çalışan Hamlet Xanızadə üçün Milli Dram Teatrı bir məktəb olub.
H.Xanızadənin həyat və yaradıcılığında önəmli məqamlardan birini də kino tutur. Onun Sadıq “Möcüzələr adası”, kapitan “Bizim Cəbiş müəllim”, Dadaş Salayev “O qızı tapın”, Xəlifə Mötəsim “Babək”, Gizir “Yeddi oğul istərəm”, bolşevik “Qatır Məmməd”, Talıbov “Axırıncı aşırım”, Məcidov “Bircəciyim”, raykom katibi “Köhnə bərə”, Raki “Qərib cinlər diyarında”, Qiyas “İmtahan”, Xəstə; Sədi Əfəndi; Şair “Qətl günü” və b. filmlərdə yaratdığı müxtəlif xarakterli obrazlarda onun özünəməxsus orijinal yozumu hiss olunur.
Teatrla, kinoyla yanaşı, eyni zamanda dublyaj redakasiyasında çalışır, radioda, televiziyada da fəaliyyət göstərib.
Xüsusilə Azərbaycan kinosu üçün onun xarici görünüşü, dərin və mənalı baxışları və bütün bunları tamamlayan xarakteri rejissorlar üçün əsl tapıntı idi. Hətta maraqlı fakturası müsbət obrazlar üçün olduğu qədər də, mənfi rollarda da maraqlı alınırdı.
İlk dəfə 1967-ci ildə Anarın ssenarisi əsasında Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” filmində neftçi rolunda çəkilib. 4 novelladan ibarət filmdə torpaq, dəniz, od , səma adları rəmzi məna kəsb etdiyi kimi, filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən 4 nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası vardır.
1969-cu ildə aktyor görkəmli rejissor Həsən Seyidbəylinin diqqətini çəkir. Rejissorun yazıçı Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Bizim Cəbiş müəllim” filmində kapitan obrazını yaradır.
Filmdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir və qələbə naminə hər cür çətinliklərə dözüb, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
1970-ci ildə yenə də Həsən Seyidbəylinin ssenari və rejissor işi olan “O qızı tapın” filmində kiçik bir rola çəkilir. Detektiv janrında çəkilən film milis işçilərinə, onların dövlət mülkiyyətini dağıdanlara qarşı mübarizəsinə həsr olunub.
Kİçik həcmli rollar onun üçün kinoda təcrübə rolunu oynayır və beləliklə də onun əsas kino yaradıcılığı başlayır.
1970-ci ildə Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında yazıçı Yusif Səmədoğlunun ssenarisini yazdığı, görkəmli rejissor Tofiq Tağızadənin çəkdiyi “Yeddi oğul istərəm” filmində Gizir obrazına çəkilir.
Filmdə inqilabın qələbəsinə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci illərin komsomolçularından bəhs olunur.
H.Xanızadənin filmdə oynadığı Gizir mənfi obrazdır və mənfi keyfiyyətlərlə yanaşı, sakit xisləti ilə diqqəti çəkir ki, bu da onun daxili aləmində olan qəddarlığın, amansızlığın üzə çıxmasına mane olur. Sakit görünüş, ancaq baxışlar arxasında gizlənən qəddarlığı aktyor məharətlə ifa edir.
Aktyorun oynadığı mənfi rollar çoxluq təşkil etsə də, sənət həyatı boyunca öz xarakterinə uyğun rollar da oynayıb.
1971-ci ildə yazıçı Fərman Kərimzadənin ssenarisi əsasında rejissor Kamil Rüstəmbəyovun “Axırıncı aşırım” filmində oynadığı Talıbov məhz xarakterinə uyğun obrazlardan biridir.
Rejissor Eldar Quliyev də çəkiliş meydançasında bir neçə dəfə aktyorla qarşılaşıb, onu 1979-cu ildə çəkdiyi “Babək” filmində Xəlifə Mötəsim obrazına, 1982-ci ildə çəkdiyi “Nizami” filmində isə Əbu Bəkr roluna çəkib.
Əslində aktyorun “Babək” filmində yaratdığı Xəlifə Mötəsim rolu onun kino yaradıcılığında zirvə hesab olunur. Bəlkə də ona görə ki, H.Xanızadənin obraza yanaşma tərzi fərqli olduğu qədər də obrazda olan xüsusiyyətləri özünə xas səpgidə ifa etməsi, onu özününküləşdirməsi, xüsusilə, Xəlifənin Babəklə üz-üzə gəldiyi səhnələrdə olan baxışları, əsəbi gülüşü, hərəkətləri o qədər kəskin və təsirlidir ki, tamaşaçı uzun müddət bu təsirdən çıxa bilmir.
Onun maraqlı ekran qəhrəmanlarından biri də “Arxadan vurulan zərbə” filmindəki İmaş obrazı, eləcə də “Qızıl uçurum” filmindəki Lütfəli bəy obrazıdır.
Yusif Səmədoğlunun eyniadlı romanı əsasında Gülbəniz Əzimzadənin çəkdiyi “Qətl günü”ndə yaratdığı Sədi Əfəndi rolu isə maraqlı, düşündürücü ekran qəhrəmanlarından hsab olunur.
Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir, elə özü sevdiyi kimi. Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış “Qətl günü” filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazıdır. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.

1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı. Şəhidlər Xiyabanını ziyarəti zamanı bu qanlı cinayətə dözməyən aktyorun səhhəti psiləşir. Həmin il fevralın 3-də dünyasını dəyişir.

Vətənpərvər, millətini sevən, insani keyfiyyətləri ilə seçilən, teatrda, kinoda yaratdığı obrazlarla dərin iz qoyan dəyərli sənətkarımız Hamlet Xanızadəni doğulduğu gündə böyük hörmət və ehtiramla yad edirik!
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyilik”-