Hikmət Hacızadə: “Bizim regionda demokratikləşmə ağır gedəcək”

Almazbek Atambayev, Petr Poroşenko, Mixail Saakaşvili, Robert Köçəryan… Onların öz ölkələrində həbsi, barələrində cinayət işi başladılması keçmiş SSRİ məkanında demokratik proseslərin açıq şəkildə “belini qırmaqdadır”. Sabiq prezidentlərin məhşər ayağına çəkilməsi bir dərs oldu ki, bu coğrafiyada seçkilərlə iqtidarı təhvil vermək “ağılsızlıqdır”.

Nəticə göz önündədir – Atambayev türmədə, Saakaşvili ölkəsinə qayıdarsa həbs oluna bilər, Poroşenkonun  üzərində cinayət işi var…

Və keçmiş sovet respublikalarında demokratiya istəyən xalqların arzularının üstündən bir qara xətt çəkilməkdədir.  Ola bilsin ki, demokratik proseslərin ləng gedişi bu mənada rol oynayıb. Lakin həqiqət göz deşir, yaxşılıq etmiş prezidentlər pis adamlara çevrilirlər, ölkələri onlara zindan olur.

Təbii ki, bu sözləri Köçəryan rejimi haqda söyləmək olmaz. Onun iqtidarı dövründə Ermənistanda heç bir siyasi-iqtisadi inkişaf olmayıb, demokratiya irəliləməyib.

Amma sabiq prezidentlərdən biri kimi onun da yolu mühakimədən keçməkdədir. Bu, qisasçılıq ənənəsinin təməlinin qoyulması və hakimiyyətin dinc, seçki yolu ilə ötürülməsi prosesinin demontaj edilməsidir. Çünki bundan sonra gələcək hakimiyyət də adekvat davranacaq, sələfini dar ağacına çıxaracaq.

Necə ki, Yanukoviçi Ukraynadan didərgin salan Poroşenkonun özünə Zelenski ölkəsinin dörd bir yanını zindan edib, barəsində istintaq gedir.

Gürcüstanı ağ günə çıxarmış, aşağıları rüşvət bəlasından xilas eləmiş, radikal islahatlar həyata keçirmiş, ölkəni tam bir oturuşmuş vəziyyətə gətirmiş, relsə salmış Saakaşvili də vətəninə qayıda bilmir, üzərində korrupsiya ittihamı ilə cinayət işi var.

Halbuki “Mişa”nın xidmətlərinə görə ona heykəl qoymalıydılar, Gürcüstanda sərbəst hərəkətinə, yaşamasına dövlət özü şərait yaratmalıydı.

Azərbaycanın Rusiyada səfiri vəzifəsində işləmiş, “Demokratiya: Gediləsi uzun bir yol” kitabının müəllifi Hikmət Hacızadə hesab edir ki, məsələ sovet irsindən qaynaqlanır. Onun “Yeni Müsavat”a dediyinə görə, bu irsdən az yiyələnən Şərqi Avropa ölkələrində belə hallar olmadı: “İslahat aparmaq çətindir. 100 liderdən biri uğur qazanır. Məsələn, Atatürk, I Pyotr kimi…

Amma əksəriyyəti müqavimətlə qarşılaşır. Çünki sovet irsi axmaq bir ənənədir. Millətin nizam-intizamı, iş praktikası pozulmuşdu. İndi islahatçı  oğurlama deyəndə müqavimətlə üzləşir, ondan soruşurlar ki, 3 nəsildir dağıdırıq, niyə talan etməyək?”

Politoloqun fikrincə, yeganə yol seçkidir ki, məsələni nisbətən yüngülləşdirir: “Əgər seçkisiz hakimiyyətə gəlsən, onu ötürən zaman varis məsələsi çətin olacaq. Seçki isə islahatçını qoruyur.  Məsələn, Saakaşvilini xeyli dərəcədə qorudu. Əgər o, diktatorluq eləsəydi, onu dünya dəstəkləməzdi.  İndi Saakaşvili dünyada sərbəst gəzir.

Gürcüstanda islahat sevməyən qüvvələr iqtidara gəldi, onu günahkar elan etdilər. Amma dünya bu ittihamları qəbul eləmədi və hər bir islahatçı onu işə dəvət edir”.

H.Hacızadənin sözlərinə görə, bizim regionda demokratikləşmə ağır gedəcək: “Rusiyanın rolunu görməliyik. Rusiya ətrafında ondan asılı ölkələr var. Onlar strateji maraqlara görə Rusiya ilə bir yerdədir. Rusiya çöksəydi, ətrafındakı ölkələr düzələrdi. Amma Rusiya güclüdür. Hətta Çin belə onun kimi siyasət aparmır. Yəni başqa ölkələrin işinə qarışmır, üsyanlar qaldırmır”.

musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sahil” stansiyası işıqsız qalıb

Sonrakı məqalə

Ekspert: ““Relax” yeddi ayda cəmi 70 qəpik vergi ödəyib”