Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb

Hökumə Əliyeva

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

AzPost xəbər vrir ki, bu barədə APA-ya DİN Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

“Kapital Bank”dan isə APA-ya bildirib ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma başlanılıb.
“Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”- bankdan əldə edilib.

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib.

Xatırladaq ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinə qarşı oğurluq faktı qeydə alınıb. Barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Alıyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Alıyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb: “Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”.

Cəlil Alıyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait Hökümə Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.