Hökümənin vəfat pulunu oğurlayan Ayazın saxlanılma anı qeydı alınıb.
Xəbər verdiyimiz kimi, ötən gün Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq edən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.
AzPost-un məlumatına görə, onun kimliyi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunub.
Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.
Ayaz İsgəndərovun saxlanılması anını əks etdirən görüntüləri təqdim edirik:
Xatırladaq ki, AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökümə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
AzPost xəbər verir ki, bu barədə danışan H.Əliyevanın atası Cəlil Alıyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Alıyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb. “Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat Hökümənin vəfat pulu pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”.
Cəlil Alıyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “Qaynar xətt”inə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait Hökümə Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.