Honkonq qripi bəzi insan qrupları üçün daha ciddi təhlükə yarada bilər. AzPost xəbər verir ki, tibb elmləri doktoru, infeksionist Yelena Malinnikova bu xəstəliklə bağlı risk qrupuna daxil olan şəxsləri açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, Honkonq qripi zamanı ən yüksək risk qrupuna xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlər, uşaqlar, hamilə qadınlar və immun çatışmazlığı olan şəxslər daxildir. Xüsusilə xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan pasiyentlərdə infeksiya daha ağır keçir və ölüm halları əsasən bu qrupda qeydə alınıb.
Viroloq qeyd edib ki, hamilə qadınlar da immun sistemində baş verən dəyişikliklər səbəbindən Honkonq qripinə qarşı daha həssas hesab olunur. Bu səbəbdən onlar üçün xəstəliyin ağırlaşma riski daha yüksəkdir.
Malinnikovanın sözlərinə görə, immun çatışmazlığı yalnız xroniki xəstəliklər fonunda deyil, müvəqqəti olaraq da yarana bilər. Soyuqdəymə, güclü stress, həmçinin həddindən artıq fiziki yüklənmə orqanizmin müdafiə qabiliyyətini zəiflədir. Belə hallarda Honkonq qripi daha ağır keçir və sağalma prosesi çətinləşə bilər.
Mütəxəssislər risk qrupuna daxil olan şəxslərə profilaktik tədbirlərə ciddi əməl etməyi, həkim tövsiyələrinə riayət etməyi və ilk simptomlar zamanı vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edirlər.