“Hörümçək toru”muza “düşənlər” –İnternet xidməti necədir?

network cables connected to switch

Dünyada bu gün internet insanlar üçün məlumat mənbəyinə çevrilib.

Planetimizin əhalisinin demək olar ki, 96 faizinin sosial şəbəkələrə çıxışı var. Alimlərin hesablamalarına görə, istifadəçinin gündə sosial şəbəkədə keçirdiyi minimum vaxt 3 saatdır.

Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlayıb. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılıb. İlk dövlət orqanının saytı olan Azərbaycan Prezidentinin saytı 1997-ci ildə yaradılıb.

1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.

2000-ci ilədək internet xidmət provayderlərin (İSP) fəaliyyəti xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilirdi. Lakin 2000-ci ildə lisenziyalaşdırma ləğv edildi. Bunun sayəsində hazırda ölkədə İSP kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs sərbəst olaraq fəaliyyətə başlaya bilər.

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılıb.  Ölkədə internet istifadəsi son illərdə sürətlə artıb, belə ki, 2021-ci ildə artıq ümumi əhalinin təxminən 80%-i internet istifadəçisidir. (Economist Intelligence Group 2020) və onların təxmini 42%-i sosial mediadan istifadə edir.

Azərbaycan Cənubi Qafqazda internetə çıxış nisbətinin ən yüksək olduğu ölkədir. Belə ki, evlərin 78%-dən çoxunun internetə çıxışı var. Eyni şey mobil internetə də aiddir. Mobil internet abunəçiləri son bir neçə ildə LTE (Long Term Evolution- uzunmüddətli təkamül) əhatə dairəsi yaxşılaşdıqca artdı. 2019-cu il göstəricisinə görə, Azercell LTE texnologiyası ölkənin 70%-dən çoxunu əhatə edir.

İstehlakçıların yüksək İnternet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC və “Baktelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli İnternetə keçidini təmin edib. Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülüb. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunub.

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib. Belə ki, fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.

Bakı şəhərinə gəldikdə isə, paytaxt mobil internetin sürətinə görə 3 pillə irəliləyərək 39,42 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerdə qərarlaşıb. Paytaxt sabit genişzolaqlı internetin sürətinə görə 30,07 MB/S sürətlə 1 pillə irəliləyərək 135-ci yerdə qərarlaşıb.

Bu sahədə həllini gözləyən problemlər az deyil.

İnternetə çıxış bölgədən asılıdır və hətta paytaxtda da internet sürəti yavaş və qiymətlər yüksəkdir. Məsələn, Azərbaycan İnternet Forumuna görə, 5 və 6 Mbit/s arasında dəyişən zəif internet çıxışı Azərbaycanda Gürcüstan və Rusiya ilə müqayisədə 20 dəfə bahadır.

İnternet provayderlərinin qiymət təyin etməsinə də məhdudiyyətlər gətirilib. Genişzolaqlı şəbəkə üçün bazarda 40 şirkət var, lakin evlərə olan bütün simli girişə nəzarəti AzerTelecom ilə Baktelecom edir. İnternet təmin etmək üçün heç bir xüsusi lisenziya tələb olunmasa da və əksər provayderlər özəl olsa da, bazara giriş qiyməti yüksəkdir. Şəxsi telekom provayderləri ümumi kommunikasiya infrastrukturundan istifadə etmək üçün yüksək tariflər ödəməlidir (Strategic Roadmap 2016). Bu şərtlər bazarda rəqabətin olmadığını göstərir.

Bölgələr arasında internetdən istifadə dərəcələri çox fərqlidir. Gözlənildiyi kimi, kənd yerləri mobil və ya sabit genişzolaqlı internetdən daha az istifadə edir. Bu bölgünün iki əsas səbəbi əhatə dairəsinin geniş olmaması və kənd yerlərində internet savadlılığının aşağı olmasıdır.

Azərbaycandakı İnternet istifadəçilərinin əsas kütləsi paytaxt Bakıda, şəhərin ətrafında birləşir. Xüsusən  regionlarda və kəndlərdə, o cümlədən, Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə vətəndaşlar İnternetin sürətinin zəif olması problemi ilə qarşılaşırlar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi açıqlamalarına görə, ölkə ərazisində İnternetin sürətinin zəif olması ilə bağlı müraciətlər kütləvi xarakter daşımır.  Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3 qat sürət tariflərinə keçirilib və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər.

İnternetin zəif olmasına əsas səbəb bir çox yerlərdə hələ də müasir texnologiyaların tətbiqinin ləngiməsi, fiber optik kabellərdən istifadə olunmamasıdır.

İT mütəxəssisi Fərhad Mirəliyevin sözlərinə görə, istifadəçilərin İnternet sürətindən narazılıqları haqlıdırlar. Belə vəziyyətin yaranmasının başlıca səbəbi rəqabət mühitinin olmamasıdır. İnternet istifadəçilərinin böyük əksəriyyəti dövlət provayderlərinin əlində cəmləşib. Provayderlər İnterneti əsasən birinci əl milli İnternet provayderi “Delta Telecom”dan alırlar. Bu zaman qiymətlər alış həcminə görə tənzimləndiyindən, daha çox həcmdə internet alan provayderlər nisbətən münasib şərtlərlə müqavilə bağlayır. Beləliklə, hələ başlanğıcda dövlət provayderləri üstünlük əldə edir.

Sağlam rəqabətdə və bazarın formalaşdırdığı qiymətlərdə maraqlı olmayan provayderlər keyfiyyətli internet xidmətləri təklif edə bilmir. Bu çatışmazlıq xüsəsən də pik saatlarda müşahidə edilir. Provayderlər İnternetin keyfiyyəti ilə bağlı zəmanət verə bilmir. Xərclərə qənaət məqsədi ilə provayderlər abunəçi sayına uyğun həcmdə İnternet tədarük etmir. Nəticədə isə pik saatlarda İnternet “aclığı” yaranır.

Ötən illər ərzində bu istiqamətdə qəbul olunan bir neçə dövlət proqramı hələ də tam olaraq icra olunmamış qalır və ya proses çox ləng gedir.

İKT üzrə ekspert Fərid Kazımovun sözlərinə görə, Azərbaycanda dəfələrlə mobil internetin trafiki artsa da, çoxluğun olduğu yerdə sürətin azalmasının şahidiyik.

“Amma etiraf edək ki, öncəki illərlə müqayisədə bu istiqamətdə iş aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2022-2023-cü illər üçün proqram qəbul edib. Bu proqramda müxtəlif regionların geniş zolaqlı internetlə təminatı məsələsi də yer alıb. Bu proses artıq başlayıb. Ümid edirik ki, cari ilin sonu, yaxud da gələn ilin əvvəlinədək regionlarda yaşayış məntəqələrində genişzolaqlı internet olacaq” – deyə o əlavə edib.

Ekspertlərin fikrincə, qlobal reytinqlərdə geri qalmağımızın əsas səbəbi regionlarda internetin zəif olmasıdır.

“Cable” beynəlxalq İKT portalının analizinə görə, Azərbaycan internetin sürətinə görə 221 ölkə arasında 155-ci yerdə qərarlaşıb. Həmin cədvəldə Canada 34, Almaniya isə internet sürətinə görə 42-ci yerdədir.  Azərbaycanda 2020-ci ildə 1 GB mobil internet istifadəsi üçün ödənən orta məbləğ 1.86 dollardır (3,17 manat).  Bu məbləğ Almaniyada 4.06 dollar, Kanada da isə 12.55 dollardır.

Qeyd edək ki, mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu – 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, regionda indiyədək əsas magistral telekommunikasiya infrastrukturu Delta Telekoma məxsus olub.

Aztelekom indiyədək Delta-nın magistral xətlərindən istifadə edərək internet və telekom xidmətləri göstərirdi.

Alternativlərin olmaması zaman-zaman burada müəyyən problemlər yaradırdı. Azərbaycanın telekommunikasiya infrastrukturunun alternativlər üzərində qurulması, dayanıqlıq və təhlükəsizlik baxımından atılan addımlar  faydalı hesab oluna bilər.

Osman Gündüzün fikrincə, İKT sektorunda uzun illərdi ki ən problemli məsələ xidmətlərin keyfiyyəti olub. Xüsusən də uzun illərdi ki, internetin keyfiyyəti aktual məsələ olaraq qalır.

Son bir neçə ildə internetə və digər telekom xidmətlərə əlçatanlıq da getdikcə artır və keyfiyyət məsələsi daha da əhəmiyyət kəsb edəcək.

Bu sahəyə cavabdeh qurum isə RİNN-nin İnformasiya Komminikasiya Texnologiyaları Agentliyi telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarəti gücləndirmək niyyətindədir.

İKTA sektorda göstərilən xidmətlərin keyfiyyət standartlarının hazırlandığını da açıqlayıb. Qurum tərəfindən beynəlxalq təcrübə əsasında “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda”lar hazırlanıb.

Osman Gündüzün sözlərinə görə, indiyədək ölkə üzrə 1 milyondan çox ailə, yəni 47% ev təsərrüfatı geniş zolaqlı internetlə təmin edilib. Cari ilin yarısında 431 min ailəyə internet çəkilib. Cari ilin sonuna isə ölkə üzrə 55% ev təsərrüfatına keyfiyyətli  internet çəkilişi gözlənilir.

“Eyni zamanda onu da demək lazım ki, regionlarda bəzən işlərin, layihələndirmənin, rabitə dirəklərinin  basdırılması və kabel çəkilişinin, evlərə internet qoşulmalarının lənğ aparıldığı müşahidə edilir. Bəzən podratçıların seçiminə Aztelekom-da ciddi yanaşılmır və işlər keyfiyyətsiz görülür. Eyni zamanda Aztelekom çevik , cəlbedici tarif siyasəti aparmaqda çətinlik çəkir.

Məsələn, özəl provayderlərdə daha cəlbedici və sərfəli tariflər olduğu halda Aztelekom hətta  öncədən elan olunan aşağı tarifləri heç Nazirliyin və tənzimləyici qurumun xəbəri olmadan ləğv edib.  Hələlik təbii inhisarçı və dövlət operatoru hesab olunan Aztelekom istifadəçiləri üçün sərbəst tarif seçimi problemi hələ də öz həllini tapmayıb.

Fikrimcə, Aztelekom və Baktelekomun faktiki olar bir qurum kimi idarə olunması,  lakin hüquqi olaraq ayrı qurumlar kimi fəaliyyət göstərməsi də işlərə mənfi təsir edir”.

Ekspert hesab edir ki, RİNN yalnız dövlət – özəl tərəfdaşlığı gücləndirməklə,  “Onlayn Azərbaycan” layihəsinə nəzarəti gücləndirməklə, adı çəkilən qurumların birləşməsini sürətləndirməklə  və dövlət operatorunun daha əlçatan tarifləri ilə öz vədini yerinə yetirə biləcək.

Bu ilin may ayında Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi (“Azərkosmos”) ilə “Space X” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədə əsasən “Space X” şirkətinə məxsus “Starlink” peykləri Azərbaycanda da internet təchizatı həyata keçirə biləcək.

Ötən ilin dekabrıda “Space X” şirkəti “Starlink Azerbaijan” MMC-ni təsis edib. Bu internet xidmətindən əsasən Azərbaycanın fiber-optik internet şəbəkəsi çəkilməsi çətin olan dağlıq və dağətəyi ərazlərində istifadəsi effektiv hesab edilir.

Ümid edirik ki, bu layihələr ölkədə internet xidmətində keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq.

G.Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə  “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Peşə təhsili müəssisələrinə qəbul olanların nəzərinə

Sonrakı məqalə

“Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu regionumuzun səmasında uçacaq” –