Həftə içi az və nizamsız yatmaq, hətta istirahət günlərində “yuxunu kompensasiya etməyə” çalışmaqla belə, orqanizmin qlükoza mübadiləsinə mənfi təsir göstərir. AzPost bildirir ki, Sinqapur Milli Universitetinin Yong Loo Lin Tibb Məktəbinin alimləri bu nəticəyə yeni tədqiqatdan sonra gəlib. Araşdırmanın nəticələri SLEEP jurnalında dərc olunub.
Tədqiqatda 21–35 yaş aralığında olan 48 sağlam könüllü iştirak edib. İlk mərhələdə onlar iki gecə normal — yəni tam uzunluqda yuxu alıblar və bu, qlükoza və insulin göstəricilərinin baza səviyyəsini ölçməyə imkan verib. Daha sonra iştirakçılar iki həftə ərzində üç fərqli yuxu rejimindən birinə əməl ediblər: stabil qısa yuxu, dəyişkən qısa yuxu və tam yuxu rejimi. Bütün qruplar eyni tip qidalanma menyusuna riayət ediblər.
Stabil qısa yuxu qrupunda könüllülər həftə içi yalnız 6 saat, istirahət günlərində isə 8 saat yatıblar.
Dəyişkən yuxu qrupunda isə həftə sonu 8 saat yuxu qorunsa da, həftə içi yuxu müddəti 4–8 saat arasında dəyişib.
Nəzarət qrupu isə hər gecə tam 8 saat yatıb.
Araşdırmada müəyyən edilib ki, həftə sonu uzun yatmaq bədənin həftə içi yuxu çatışmazlığını kompensasiya etməsinə kömək etmir. Həm stabil, həm də dəyişkən qısa yuxu qruplarında qlükozaya qarşı orqanizmin reaksiyası pisləşib.
Stabil qısa yuxu rejimində olanlarda insulinə davamlılıq müşahidə olunub — orqanizm qanda şəkərin artımını çoxlu insulin buraxmaqla kompensasiya etməyə çalışsa da, qlükoza normadan yüksək qalıb.
Dəyişkən yuxu qrupunda vəziyyət daha da ağır olub — qanda şəkər daha yüksək qalxsa da, insulin səviyyəsi demək olar ki, artmayıb. Alimlər qeyd edir ki, bu vəziyyət mədəaltı vəzin β-hüceyrələrinin fəaliyyətində ilkin pozuntuların əlaməti ola bilər.
Nəzarət qrupunda isə qlükoza metabolizmi bütün tədqiqat müddətində stabil qalıb.
Araşdırmanın rəhbəri Çi-Yan Lo Cun bildirib: “Həftə sonu daha çox yatmaqla həftə içi yuxu çatışmazlığının nəticələrini aradan qaldırmaq mümkün deyil. Xroniki yuxu azlığı tədricən ikinci tip diabet riskini yüksəldir.”
Mütəxəssislər sağlamlıq üçün yuxu rejiminin ən azı qidalanma qədər vacib olduğunu vurğulayır və hər gün 7–8 saat fasiləsiz, keyfiyyətli yuxunu tövsiyə edirlər.