“Dünən bu saatlarda (19 iyul-red) hava limanında idik. Səni yola salırdım Bakıya: övladının, ailənin, səni sevdiklərinin yanına. Əslində, iyulun 27-də Bakıya bərabər getməli idik, amma qəfil halı pisləşdi. Həkim məni otağına çağırdı və həyatımda ən ağır sözləri eşitdim: “Son günlərini, bəlkə də, saatlarını yaşayır. Dostunuzu ailəsinin yanına göndərin. Son”.
Bunu ANS-in sabiq əməkdaşı, “Palmali”nin sözçüsü Fidan Quliyeva tanınmış aparıcı Natəvan Babayevanın vəfatı ilə bağlı yazdığı statusda qeyd edib.
“Yer ayağımın altından getdi sanki. Boğularaq otaqdan çıxdım. Yorğun, ağrılı, halsız gözləri mənim üzümə, hər cizgimə diqqətlə baxırdı. Mən heç nə olmamış kimi, “Natəvan, bir həkim Bakıya uçur, səni onun nəzarətində Bakıya göndərək” dedim. Yanında zəng edib bilet aldım və sən demə, son 2 bilet imiş. Natəvan mənə dedi: “Bu, lap nağıl kimi oldu. Həkim, son biletlər, qan köçürülür mənə… Bu nə deməkdi, Fidan?” Dedim, səni Allah çox sevir, Natəvan, yolunu açır, gedəsən, uşağını görəsən. Bütün dərmanları buradan göndərəcəyik. Həmişə olduğu kimi”.
Müalicəsini artıq bir neçə il idi ki, Mübariz Mənsimov qarşılayırdı. Hava limanına gəldik və mən onu sonuncu dəfə yola saldım. Qucaqlaya bilmirdim, o qədər zəif idi… Xəstəlikdən bir dəri, bir sümük qalan çiyninə, əlinə toxunub bərk-bərk tutdum. Özümdən aslı olmayaraq, bəlkə də, onu incitdim o vaxt… Mən bilirdim ki, onu bir daha görməyəcəm… Gözümün içinə baxdı… Vidalaşdıq… “Qorxmuram, narahat olma. Çatanda yazacağam sənə” dedi.
İndi mən Sənə yazıram, Natəvan…
Xatirələrimiz, şəkillərimiz, video, səsli mesajlarımız o qədər çoxdur ki… Amma sən yoxsan… Getdin. Mən də sənin üçün qorxmuram amma… Bilirəm, məkanın cənnətdir. Gözəl, ürkək ürəkli dostum…” – Fidan Quliyeva qeyd edib.
Azpost.info