İcbari tibbi sığortaya görə xəstəxanalara axın başlayıb

Azərbaycanda bu ildən icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin qərarına əsasən icbari tibbi sığorta 4 mərhələdə həyata keçirilir.

2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta ilk mərhələdə 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin yanvarın 23-nə qədər 265 min 335 müraciət qeydə alınıb.

Fins.az xəbər verir ki, icbarı tibbi sığortanın tətbiq edildiyi rayonlardan biri olan Göyçayda yanvarın 1-dən 31-dək rayon mərkəzi xəstəxanasına 11 min 7 müraciət daxil olub. Vətəndaşlara 28 min 657 adda müxtəlif tibb xidmətləri göstərilib, 269 nəfər stasionar müalicəyə cəlb edilib.

Göyçayda 205 çarpayılıq rayon mərkəzi xəstəxanası, uşaq poliklinikası, Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi, təsərrüfat hesablı stomatoloji poliklinika, 1 kənd sahə xəstəxanası, 16 kənd həkim məntəqəsi və 31 tibb məntəqəsi fəaliyyət göstərir.

Mərkəzi xəstəxanada fəaliyyət göstərən mama ginekoloji, reanimasiya, terapiya, cərrahiyyə, təcili yardım, yoluxucu xəstəliklər, pediatriya və şüa diaqnostika şöbələrində ən müasir avadanlıqlar və cihazlar yerləşdirilib. Xəstəxanaya müraciət edən sakinlər terminaldan növbə biletini alır, adını ekranda gördükdən sonra qeydiyyat stoluna yaxınlaşırlar. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra isə seçdiyi həkimin növbə sırasına dayanırlar.

Rayon sakinləri icbari tibbi sığortanın tətbiqindən razı qalıblar. Göyçay rayon Çayarxı kənd sakini Rəhilə Məmmədova icbari tibbi sığorta sistemindən çox razı qaldığını deyib: “Biz əvvəllər də xəstəxanaya gəlmişik. Düzdür, onda da pis deyildi, amma indiki kimi belə şərait yox idi. İndi hansı həkimi istəyirsənsə, növbəyə dayanmaqla rahatlıqla onun qəbuluna düşmək olur”.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və sair), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya, cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və sair), müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə kimi xidmətləri əldə edə bilərlər. Xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli Qərarı ilə təsdiq edilib. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı viza vermək şərtlərini dəyişdi

Sonrakı məqalə

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası…