İƏT Ölkələri Gənc Sahibkarlarının Beynəlxalq Forumu keçirilir

İƏT
İƏT

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası “Selet” Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Sahibkarların 11-ci Beynəlxalq Forumu öz işinə başlayıb.

Selet-Batır Gənclər Mərkəzində baş tutan Forumun açılış mərasimində Tatarıstan Respublikası başçısının köməkçisi Timur Suleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov, Çuvaş Respublikasından bələdiyyə sədri Rudof Selivanov, bu respublikanın Gənclər Siyasəti departamentinin sədri Kiril Lukin, “Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova iştirakçıları salamlayaraq, onlara uğurlar arzu ediblər. Çıxışlarda İƏT Gənc Sahibkarlar Forumunun artıq ənənə xarakter aldığı, ən əsası, bir çox layihələrə investisiyalar cəlb olunaraq  onların uğurla həyata keçməsi xüsusi vurğulanıb.

İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov öz çıxışında təşkilatın Tatarıstan Respublikası hökuməti, bu regionun Gənclərlə İş Nazirliyi ilə  əməkdaşlıq etməsindən məmnun olduğunu nəzərə çatdıraraq, Forumun əhəmiyyətindən bəhs edib, eləcə də gənc iş adamlarının müəllifi olduğu startap layihələrinin stimullaşdırlması, onların davamlı olması baxımından Forumun işinə yüksək dəyər verib.

Açılış mərasimindən sonra startap nümayəndələri arasında şəbəkələşmə sessiyası keçirilib. Növbəti mərhələdə nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.

Artıq 10 ildən çoxdur həyata keçirilən İƏT Gənc Sahibkarlar Beynəlxalq Forumunun əsas məqsədi İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, eləcə də gənc sahibkarların fəaliyyətlərini stimullaşdırmaq, qloballaşan dünyada yeni biznes ideyalarının yaranmasını təşviq etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, hər il Forumun son günü ekspertlərdən ibarət beynəlxalq jüri müvafiq qiymətləndirmə kriteriləri əsasında qalib startap layihələrinin maliyyələşdirilməsi ilə bağlı qərarlar verir.

İƏT ölkələri, eləcə də Rusiyanın müxtəlif regionlarını təmsil edən 25 startap layihəsinin qatıldığı beynəlxalq forum öz işini işçi qruplar səviyyəsində 3 gün ərzində başa vuracaq. Forum iştirakçıları həmçinin mədəni proqramlara qatılmaqla, Tatarıstanın sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər edəcəklər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.