Xəbər verildiyi kimi, 25 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhərində yerləşən bazarda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, habelə yanğının mürəkkəbliyi nəzərə alınaraq Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr dərhal əraziyə cəlb olunub.
Dəstək məqsədilə əlavə yanğınsöndürmə qüvvələrinin zamanında tətbiqi və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğının daha da genişlənməsi və vura biləcəyi daha böyük ziyanın qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində ümumi sahəsi 20000 kv.m. olan bazarda, təqribən 2400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub.