İNGİLİS ORDUSUNUN KOMANDANI 1919-İLDƏ NAXÇIVAN BARƏDƏ NƏ YAZIB? –“Azərbaycan adı dəyişdirilməlidir” (TARİX)

photograph

“BBC News”-ün Birtaniya arxivlərindən əldə edərək yayımladığı Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid sənədlərdə maraqlı məqamlar var. 

Bu sənədlər əsasən ingilis diplomatların təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlardır. Bu məktublarda Azərbaycan Demokratik Respublikasına və onun liderlərinə həm inamsızlıq, həm etimad var.

Azpost.info arxivdən götürülmüş bir məxfi teleqramı oxucularına təqdim edir.

Xatırladaq ki, Britaniyann Salonik Qüvvələrinin Baş Komandanı, general G. F. Milne  tərəfindən Zaqafqaziya barədə 1919-cu ilin fevral ayında hazırlanan bu hesabat region barədə Britaniyanın ətraflı ilkin mənbələrindən biridir. Bu sənəd Britaniya üçün prioritetləri və narahatlıqları əks etdirir və müstəqilliyini yeni qazanmış Qafqaz ölkələri barədə maraqlı müşahidələri göstərir.

Sənəd həmçinin Azərbaycan və digər Qafqaz respublikalarının öz müstəqilliklərini beynəlxalq cəmiyyətə tanıtdırmasının nə dərəcə çətin olduğunu nümayiş etdirir.

***

MƏXFİ

İmperyia Ordusunun Baş Qərargahına

Müharibə Nazirliyi, London SW1

Naxçıvan Rayonu

Şimal və cənub sərhədləri hələ müəyyən edilməyən bu rayonun əhalisi əsasən azərbaycanlılardır və Ermənistan Respublikasının iddialarına baxmayaraq, heç vaxt onların effektiv nəzarəti altında olmayıb.

Son zamanlar baş verən hadisələrə görə burada Britaniya Hərbi Hakimiyyətinin təsis olunması lazım gəlib və onlar yerli azərbaycanlıların fövqəladə hökuməti və yerli icraçı şura ilə əməkdaşlıq edirlər. Bu qurumların birlikdə necə işləyəcəyini yalnız zamanla biləcəyik.

Hər bir kişi başdan ayağa silahlıdır və mənim hələ az məlumatım olan bir hərbi qüvvənin də mövcud olduğu deyilir. Münaqişənin yaranması təhlükəsi Ermənistan Respublikasındaki səviyyədədir, tək fərq burada azərbaycanlıların çoxluq təşkil etməsidir və bu səbəbdən burada sabitliyi təmin etmək daha çətin olacaq.

Yaz yaxınlaşdıqca, onlar sürülərini Ermənistan Respublikasının ərazisindəki torpaqlara aparmağa səy göstərəcəklər. Bu səbəbə görə, mən düşünürəm ki, burada bir piyada batalyonu və iki süvari dəstəsinin saxlanması çox vacibdir.

Azərbaycanda vəziyyət

Azərbaycan Respublikası 1918-ci ilin mart və ya aprel ayında, ermənilərlə bolşeviklərin müsəlmanları Abşeron yarımadasından məcburən çıxarmalarından sonra yarandı.

Azərbaycan öz hökumətini əvvəla anti-bolşevik və pan-İslamçı hakimiyyət olaraq Elizavetpolda yerləşdirdi. Amma Azərbaycan, yalnız Bakının türklər tərəfindən ələ keçirilməsi və türklərin müdafiəsilə Bakıya köçdükdən sonra bir idarəedici qüvvəyə çevrildi.

AZƏRBAYCAN adı, əslində İranın şimal-qərbindəki bir rayonun adıdır və bu ad yeni Respublikaya türklərin və pan-islamçı “Müsavat” cəmiyyətinin təşviqi ilə qoyulub. İran Azərbaycanında da eyni dildə danışılır və əhalinin əksəriyyəti eyni müsəlman icmasındandır. Pan-islamçıların ümidi uğurlu Türkiyə və Almaniyanın köməyilə İranın bir müddət praktiki olaraq rusların nəzarətində olan bu hissəsini özünə əlavə edərək Xəzərin sahilində böyük azərbaycandilli bir respublika yaratmaq idi. Azərbaycan respublikası hər hansı bir şəkildə mövcud qalacaqsa, onun adının dəyişdirilməsini tövsiyə edirəm.

Hazırda parlamentdə rus icmasını təmsil edən rus əhalisi tərəfindən tanınmayan Slavyan Cəmiyyətidir və Rusiya Milli Şurası hakimiyyətdə iştirak etməkdən imtina edir. İndiyədək ermənilər əməkdaşlıqdan imtina ediblər, lakin son məlumatlara görə, onlar artıq fikirlərini dəyişməyə başlayırlar.

Bu səbəbdən hakimiyyət, demək olar ki, tamamilə keçmiş Bakı sakinləri olan şəxslərdən ibarətdir və onların çoxunun şəhərdə maraqları var. Hərb nazirindən başqa heç bir hökumət üzvü əvvəl icraedici bir vəzifə tutmayıb: bunun nəticəsini özünüz də təssəvvür edə bilərsiniz.

 

Foto: İngilis əsgərləri Biləcəridə. 1919-cu il.

Siyasi baxımdan ruslar erməniləri tamamilə dəstəkləyirlər və gəlişimizdə bizdən onlara azərbaycanlılarla istədiklərini etməyə icazə verəcəyimizi gözləyirdilər. Bizim hazırkı hökumətlə iş qurmağımız onları təəccübləndirib və deyilənlərə baxmadan, onlar Britaniyanın Azərbaycanı ələ keçirib Bakı neftini oğurlamaq niyyətində olduğunu düşünürlər.

Rusların arasında kəskin anti-Britaniya hissi var və bu, keçmişdə Britaniya tərəfindən maliyyələşən General Biçarkovun ordusu və donanmasında mərkəzləşir. Biçarkovun özü şəxsən çox Britaniya yönümlüdür.

Bu səbəbdən bu ordunun yox edilməsi lazımdır. Britaniyanın dəstəyilə hazırki hökumət iddiası olduğu əraziləri idarə etməyi bacaracaq. Ümid edirik ki, ruslar və ermənilər getdikcə bunu qəbul edib ticarətlə məşğul olacaqlar. Bizə qarşı baş təbliğatçı Rusiyanın Tehrandaki nümayəndəsi cənab Minorskidir.

Azərbaycanlıların lideri təhsilli vəkil Xan Xoyskidir. O anlayır ki, ölkəsinin müstəqilliyinə yeganə ümid Böyük Britaniya vasitəsilədir və ona qarşı olanlar hələ də Müttəfiqlərin qələbəsini qəbul etməyən Müsavat partiyasının pan-islamçı fanatlarıdır.

Son zamanlar Şuşada bu partiyanın təşviq etdiyi təxribatlar Azərbaycan ordusu tərəfindən dayandırılmışdı və nəticədə Bakı şəhərində bolşevik tendensiyaları olan Müsavat liderləri getdikcə ruslarla birgə anti-Britaniya siyasəti yeritməyə meyllidirlər.

Azərbaycanın ümumi vəziyyəti, demək olar ki, tamamilə Bakı şəhərindən asılıdır. Bu sual həll olunandan sonra Azərbaycanın digər hissələrində müzakirələr yalnız ermənilərlə azərbaycanlılar arasında kənd təssərüfatı məsələləri üzərində olacaq…

FOTO: Britaniya Saloniki Qüvvələrinin baş komandanı, general Milne

Ümumi nəticələr

Yuxarıdakı məlumat göstərir ki, Azərbaycandaki vəziyyət Gürcüstandakından daha mürəkkəb və təhlükəlidir.

Təhlükələr bunlardan ibarətdir:

1) Əhalinin etimadına sahib çıxa bilən və idarəçiliyi bacaran insanların olmaması;

2) Britaniya hökumətinin Bakını Rusiyadan ələ keçirmək niyyətində olduğuna inanan, əməklə məşğul olan və aşağı təbəqələrin anti-Britaniya mövqeyi;

3) Əhalinin silahlı olması;

4) Bolşevik ordusunun yaxın olması və onların dəstəyinə olan ümid. Güclü bolşevik təbliğatı mövcuddur;

5) Minlərlə insanın işsiz olması və təbii ki, nəticədə şuluqluq yaratmaları.

Müttəfiqlərin Zaqafqaziya üzrə rəsmi siyasətinin bəyanı bu çətinliklərin çoxunu həll edə bilər. Lakin bu siyasətin həyata keçirilməsi hərbi qüvvələrdən istifadəni tələb edə bilər. Gürcüstan və Azərbaycan öz müstəqilliklərini təmin etməyə cəhd göstərir, amma Zaqafqaziyadaki ruslar burada hansısa bir rus hökumətinin olmasını istəyir və Ermənistandan kənarda yaşayan ermənilərin də bu mövqeyi bir qədər paylaşdıqlarını demək olar.

Nə qərar verilirsə verilsin, bu kiçik dövlətlərin tamamilə müstəqil qalmaları şübhə altındadır. Bu dövlətlər arasında bir dəmir yolu xətti, poçt və teleqraf sistemləri vasitəsilə azad ticarət qurmaları onlar üçün çox vacibdir, çünki ölkələrin rayonları bir-birlərindən asıdılır. Burada əsas təsiri göstərən Bakının neft yataqlarının motiv qüvvəsilə tam inkişaf üçün lazım olan pula sahib olmasıdır.

Baş Qərargah: Konstantinopol

6 fevral, 1919

G.F. Milne

General, Britaniya Salonika Qüvvələrinin Baş Komandanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan azad edildi

Sonrakı məqalə

“Qazaxstan prezidenti Rusiyaya evakuasiya edilməyib”