ABŞ-da həkimlər arasında keçirilən ilk sistemli sorğu göstərib ki, tibb ictimaiyyəti insan beyninin gələcəkdə uğurla qorunub saxlanılması və sonradan bərpa edilməsi ehtimalını orta hesabla 25,5 faiz qiymətləndirir.
Tədqiqatçılar vurğulayırlar ki, konnektomun kriokonservasiyası texnologiyaları inkişaf etdikcə, tibb bu cür xidmətlərin palliativ yardım çərçivəsində göstərilməsi üçün normativ-hüquqi və etik bazanın hazırlanmasına başlamalıdır.
Azpost.info bildirir ki, bu barədə IFL Science nəşri məlumat yayıb.
Sorğunun nəticələri və mütəxəssislərin rəyi
Tədqiqatda 334 amerikalı tibb işçisi iştirak edib. Onlardan 150-si ümumi praktika həkimi, 184-ü isə nevroloq, reanimatoloq, anestezioloq, psixiatr və patoloq kimi müxtəlif ixtisas sahələrinin nümayəndələri olub.
Sorğu iştirakçılarının təxminən 27,9 faizi qorunub saxlanılan beynin gələcəkdə bərpası konsepsiyasını kifayət qədər real hesab edib.
Maraqlıdır ki, daha əvvəl neyrobioloqlar arasında keçirilən sorğuda optimizm səviyyəsi daha yüksək olub. Həmin mütəxəssislər uğur ehtimalını 40 faiz qiymətləndiriblər.
Tədqiqat müəllifləri qeyd ediblər ki, beynin qorunub saxlanılması üsullarını dəstəkləməyə daha çox meyilli olanlar ölüm ayağında olan xəstələrlə müntəzəm işləyən və müasir texnologiyaların elmi əsaslarını yaxşı bilən həkimlərdir.
Tədqiqatın rəhbəri doktor Ariel Zeleznikov-Constonun fikrincə, bəzi həmkarlarının skeptik münasibəti metodların çatışmazlığından deyil, biologiya sahəsində əldə olunan nailiyyətlər barədə məlumatlarının az olmasından qaynaqlanır.
Konnektomun qorunması və yeni palliativ protokollar
İnsan şəxsiyyətinin gələcəkdə bərpası konsepsiyası konnektom hipotezinə əsaslanır. Konnektom insan beynindəki neyronlar arasında mövcud olan unikal əlaqələr şəbəkəsidir. Hesab olunur ki, insanın xatirələri və fərdi xüsusiyyətləri məhz bu əlaqələr sistemində kodlaşdırılır.
Ənənəvi dondurma üsulundan fərqli olaraq, toxumalarda buz kristallarının yaranması və onların zədələnməsi ilə nəticələnən prosesin qarşısını almaq üçün müasir texnologiyalardan istifadə olunur.
Bu metodlardan biri aldehidlə stabilləşdirilmiş kriokonservasiya və vitrifikasiyadır. Bu texnologiya beyin strukturlarını sinapslar səviyyəsində qoruyub saxlamağa imkan verir.
Bununla əlaqədar sorğuda iştirak edən həkimlərin 70,7 faizi ölümündən əvvəl xəstələrə xüsusi preparatların, məsələn, antikoaqulyantların verilməsini dəstəkləyib. Bu dərmanların məqsədi xəstəni müalicə etmək deyil, beynin qorunub saxlanılması keyfiyyətini yaxşılaşdırmaqdır.
Bundan başqa, mütəxəssislərin 44,3 faizi evtanaziya zamanı qoruma prosedurlarına xəstə huşunu itirdikdən dərhal sonra, lakin ürək fəaliyyəti dayanmamışdan əvvəl başlanmasını dəstəkləyib.
Heyvanlar üzərində aparılan tədqiqatlara görə, bu yanaşma neyron şəbəkələrinin qorunma səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
Nadir Talıblı