İpoteka krediti üzrə sığorta ödənişləri ilə bağlı növbəti narazılıq ortaya çıxıb. Vətəndaş Elşən Orucov bildirib ki, 9 il əvvəl apreldən hesablanmaqla Pasha Bank-dan 10 illik ipoteka krediti götürüb və hazırda müqavilənin başa çatmasına 1 il 1 ay qalıb.
AzPost xəbər verir ki, onun sözlərinə görə, bu mərhələdə Pasha Sığorta tərəfindən ona 3 illik əmlak sığortası müqaviləsi göndərilib və sənədin imzalanması tələb olunub. Müqavilə şərtlərinə əsasən, vətəndaş əvvəlcədən 1 illik sığorta haqqını toplu şəkildə ödəməli, eyni zamanda həmin illik məbləğin aylara bölünmüş hissəsini hər ay köçürməlidir.
Elşən Orucov bildirir ki, kreditin bitməsinə bir ildən bir qədər artıq müddət qaldığı halda 3 illik sığorta müqaviləsinin təqdim olunması ona məntiqsiz görünür. O, məsələ ilə bağlı banka müraciət etdiyini, lakin bank tərəfindən bunun sığorta şirkətinin səlahiyyətində olduğu bildirildiyini deyir. Sığorta şirkəti isə sistemlərinin bu qaydada işlədiyini və ödənişlərin məcburi xarakter daşıdığını qeyd edib. Şirkət nümayəndələrinin sözlərinə görə, kredit tam bağlandıqdan sonra artıq qalan sığorta məbləğinin geri qaytarılması üçün vətəndaş ərizə ilə müraciət edə bilər.
Şikayətçinin iddiasına görə, təqdim edilən sənəddə digər uyğunsuzluq da mövcuddur. Belə ki, banka qalan borc məbləği və müqavilə üzrə göstərilən məbləğ faktiki qalıq borcdan təxminən 1000 manat artıq qeyd edilib.
Vətəndaş məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına rəsmi şikayət etdiyini və hazırda müraciətə baxıldığını bildirib. O, araşdırma yekunlaşana qədər müqaviləni imzalamayacağını qeyd edib.
Mövzu ilə bağlı qarşı tərəfin rəsmi mövqeyini əldə etmək mümkün olmayıb. Qeyd edək ki, ipoteka kreditləri üzrə əmlak sığortası kredit müddəti ərzində qüvvədə olmalıdır. Lakin sığorta müddətinin kredit öhdəliyindən artıq müəyyən edilməsi halları mübahisə doğura və əlavə hüquqi qiymətləndirmə tələb edə bilər.