“İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin İran iş adamlarının ziyarəti üçün təmir edilib, fars məscidi kimi təqdim olunması erməni saxtakarlığının və vandalizminin bariz nümunəsidir“.
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının İrəvan Qazısının fəaliyyətinin bərpası ilə bağlı keçirilən iclasında deyib.
Şeyxülislam bildirib ki, məscid, ibadətgah binalarına həqarət edərək mənşəyinə uyğun olmayan məqsədlər üçün istifadə etmiş ermənilər bu gün də İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında bilərəkdən alkoqol satışı həyata keçirirlər:
“Halbuki biz münaqişə davam etdiyi illərdə belə paytaxtımızın ən mərkəzi hissəsində erməni kilsəsinin binasını təmir edərək tarixi-mənəvi abidə kimi qoruyub saxlamış, kitabxanasını mühafizə etmişik. Qarabağda uydurma, dırnaqarası “erməni tarixi-mədəni irsini məhv etməkdə” bizi günahlandıran erməni dairələri Azərbaycanın dini-mənəvi irsinə qarşı həyata keçirdikləri vandalizm aktlarını, barbarlıq əməllərini unudurlar.
Bu həqiqətlərin beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində son illər olduqca mühüm addımlar atılır. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xəttilə azad Qarabağda bütün dinlərə məxsus ibadət məkanları xüsusi diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur”.