İran səfiri müdafiə naziri Zakir Həsənovla görüşüb –Hərbi əməkdaşlıq müzakirə olunub (FOTO)

Yanvarın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov Vətən müharibəsində İranın Azərbaycanın mövqeyini dəstəklədiyinə görə səfirə minnətdarlığını bildirib, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə, müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə salamlarını çatdırmasını xahiş edib.

Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə başçılarının görüşlərinin mühüm rol oynadığını qeyd edərək hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Diplomat Vətən müharibəsində qazanılan Qələbə münasibətilə ölkəsi adından Azərbaycan xalqını və dövlətini təbrik edib, şəhid hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

O, dost ölkə olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etməsinin regional təhlükəsizliyin təmin edilməsində vacib amil olduğunu vurğulayıb.

Tərəflər hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və hər iki ölkənin hərbi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, həmçinin regional problemlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə ICESCO-nun Baş direktoru ilə görüşdü

Sonrakı məqalə

KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edildi