İranda öldürülən Rusiya səfiri Qriboyedovun diplomat həmkarı Dadaş bəy kim olub? –Bir portretin tarixçəsi

Bu məqaləni 1984-cü ildə yazmışdım. Dövrün populyar  ədəbi orqanı sayılan  “Ədəbiyyat və incəsənət” qəzetinə təqdim etdim. Bir müddət redaksiyanın qovluğunda qaldı.

Sonda mövzunun bir az cəncəl xarakter daşıdığını nəzərə alıb A.Bakıxanov irsinin tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Ənvər Əhmədova göndərdilər. Mərhum Ənvər müəllim xəstəxanada ağır əməliyyat ərəfəsində olsa da, yazını oxuyub rəy vermişdi. Onun müsbət rəyindən sonra məqalə müəyyən “redaktə” və ixtisarlarla çap olundu.  Bu günlərdə kağızlarımı qaydaya salarkən qarşıma çıxdı. Mövzunun  aktuallığını və  maraq doğuracağını nəzərə alıb tam versiyasını “525-ci qəzet”ə təqdim etməyi qərara aldım.

V.Q.

Mənim fikrimcə, məqaləni çap etmək olar və lazımdır. Çox maraqlı məsələyə həsr olunmuşdur. Xüsusən qriboyedovşünasları maraqlandıracaqdır. Həm də azərbaycanlılar haqqında xeyli məlumat verilir. Lakin məqalənin bircə, həm də mühüm qüsuru vardır. Orada portreti muzeyə verən (1922-ci ildə, Tiflisdə) Səttarzadə ilə A.S.Qriboyedovun yanında xidmət etmiş (1828-ci ildə, Təbrizdə) Dadaşov arasında əlaqə (körpü) görünmür. Bəs nə üçün portretin Dadaşovlar ailəsi yolu ilə muzeyə verilməməsi sualına cavab tapılmır? Mənə elə gəlir ki, həmin körpünü fərziyyə şəklində də olsa, salmaq lazımdır.

Ə.Əhmədov

6.V.1984-cü il

Vilayət Quliyev

***

Məşhur “Ağıldan bəla” komediyasının müəllifi, dramaturq, diplomat və ictimai-siyasi xadim  A.S.Qriboyedovun (1795-1829) Gürcüstan Dövlət İncəsənət Muzeyinin Şərq Ölkələrinin Mədəniyyəti fondunda tədqiqatçıların diqqətini o qədər də cəlb etməyən  bir portreti saxlanır. Şərq miniatür sənəti ilə müəyyən uyarlığı olan və daha çox gələcək tablo üçün hazırlıq eskizlərini xatırladan əsər  sənətkarlıq xüsusiyyətləri ilə seçilmir. Burada hələ  Qriboyedovun sağlığında  E.Robilyar, N.Utkin, V.Moşkov, A.Qoryunov, P.Karatıgin və digər tanınmış rus rəssamları tərəfindən çəkilmiş  portretlərində öz əksini tapan yüksək texnikanı, rənglər qammasını, xarakter fərdiliyi və tamlığını axtarmaq da əbəsdir. Lakin bir cəhət diqqətəlayiqdir – bu, yazıçı-diplomatın naturadan çəkilmiş son portretidir və naməlum rəssam işini başa çatdıra bilməsə də, qəhrəmanının yaşadığı həyəcanlı hisslərin, narahatlıq və təşvişin bəzi şrtixlərini əks etdirə bilmişdi.

1828-ci ilin oktyabrında Rusiyanın səlahiyyətli səfiri – “Vəziri-Muxtar” kimi Təbrizə gələn Qriboyedov qəribə bir sövq-təbii ilə qarşıda özünü gözləyən fəlakəti hiss etmişdi. Səfər ərəfəsində dostu S.İ.Beqiçova məktubunda yazmışdı: “Hiss edirəm ki, İrandan salamat qayıtmayacağam”. Digər yaxın tanışı K.A.Polevoyla söhbətində isə demişdi: “İrana getmək heç ürəyimdən deyil. Oradakı köhnə “tanışlarımı” görməyi əsla istəməzdim”. Bu təşviş dolu etiraf üçün kifayət qədər əsası vardı. Qriboyedov-diplomat Şimali Azərbaycanın Rusiyaya ilhaqın başa çatdıran   Türkmənçay müqaviləsinin əsas müəlliflərindən idi. Təbii ki, Qacar əyanları, xüsusən də şahın kürəkəni, keçmiş sədr-əzəm Allahyar xan Əsəfüssəltənə rus səfirinə nifrət bəsləyirdi və bunu qətiyyən gizlətmirdi.

Təsadüfi deyil ki, Təbrizdəki Britaniya səfirliyinin katibi kapitan Kempbell səfər qabağı Qriboyedova xəbərdarlıq edib demişdi: “Özünüzü qoruyun! Türkmənçayı sizə bağışlamayacaqlar”. Vəziyyətin partlayış xarakteri aldığı şəraitdə Rusiya xarici işlər nazirliyi  öz təmsilçisinə danışıqlarda güzəştsiz mövqe tutmaq, müqavilənin şərtlərinə əsasən ödənməli olan 600 min tümən təzminatı son realına qədər almaq, əsirlər mübadiləsini sürətləndirmək  haqda təlimat vermişdi. Son otuz ildəki İran-Rusiya müharibələrinin məğlubiyyətlə bitdiyi, ölkədə antirus əhval-ruhiyyəsinin  gücləndiyi bir vaxtda belə sərt, güzəştsiz tələblər əslində, səfiri və diplomatik missiya üzvlərini ciddi təhlükə qarşısında qoymaq idi.

Siyasi reallıqdan baş çıxaran, 1820-ci illərdəki fəaliyyət dövrünün təcrübələri əsasında  İran gerçəkliyinə yetərincə bələd olan Qriboyedov qarşıda özünü və həmkarlarını gözləyən təhlükələri hamıdan yaxşı görürdü. Naməlum rəssam portret eskizləri üzərində işləyərkən Vəziri-Muxtarın narahatlıq və əndişəsini bacardığı qədər dəqiq ifadə etməyə çalışmışdı.

Portret, daha doğrusu, eskiz çox güman ki, 1829-cu ilin payızında Təbrizdə çəkilib. Son illərin gərginlikləri – dekabristlər qiyamı ilə bağlı həbsi, təhlükəli diplomatik missiyalarda iştirak, tez-tez xəstələnməsi, yaradıcılıqdan uzaq düşdüyü üçün keçirdiyi sarsıntılar Qriboyedovun səhhətinə təsirsiz qalmamışdı. 35 yaşı olmasına baxmayaraq, o, əvvəlki şuxluğunu, enerjisini itirib sürətlə qocalmağa başlamışdı. Bunu “Vəziri-Muxtarın ölümü” romanının müəllifi Y.Tınyanovun təsvirlərindən də sezmək mümkündür. İrana yola düşməzdən əvvəl anası ilə vidalaşmağa gələn Aleksandr qəflətən başını qaldırır və ana “tamamilə başqa bir adamla – yorulmuş, qocalmış Saşa ilə” ilə qarşılaşır. Qriboyedovun portretini çəkən naməlum  rəssam, yaxud rəsm həvəskarı da onun məruz qaldığı sarsıntıları, zahirən uğradığı təbəddülatı  bəsit, lakin səciyyəvi cizgilərlə əks etdirə bilmişdi.

A.S.Qriboyedovun sonuncu portreti ilə yazıçı-diplomatın taleyi arasında qəribə bir bənzərlik var. Tehranda qəzəblənmiş kütlə tərəfindən qətlə yetiriləndən  altı ay sonra (tanınmaz hala düşmüş cəsədi əlindəki duel yarası ilə müəyyən etmişdilər) Tiflisə gətirilib Mtasminda dağının ətəklərində, David monastırında dəfn olunan yazıçının özü kimi sonuncu portreti də təxminən bir əsrlik keşməkeşli yol keçəndən sonra ikinci vətənində – Tiflisdə qərar tutmuşdu. Araşdırmalar nəticəsində aşkara çıxdı ki, portreti 1922-ci ildə Gürcüstan İncəsənət Muzeyinə haqqında yetərincə bilgimiz olmayan Səttarzadə soyadlı bir nəfər satıb. Uzun illər Tiflisdə yaşayan, İran konsulluğunda tərcüməçi işləyən Səttarzadə mahir kolleksiyaçı imiş. Portret onun əlinə haradan düşmüşdü? Bu barədə muzeydə heç bir məlumat saxlanmamışdır.

Bu barədə bir qədər sonra. İlk öncə qeyd edim ki, Qriboyedovun rəhbərliyi ilə Təbrizə yola düşən missiya milli tərkibinə görə rəngarəng idi. Burada ruslarla yanaşı, almanlar, Azərbaycan türkləri, gürcülər, ermənilər, ləzgilər, çeçenlər və b.  təmsil olunmuşdular. Texniki tərkib, mühafizə, tərcüməçilər əsasən qeyri-rus millətlərdən ibarət idi. Ümumilikdə isə XIX əsrin birinci yarısında Rusiyanın Şərq ölkələrindəki diplomatik missiyalarında müxtəlif xalqlara və dinlərə, eləcə də imperiyanın tərkibinə yeni qatılmış ölkələrin nümayəndələrinə rast gəlmək  mümkün idi. Aralarında rus dilinə yiyələnən və hərbi-diplomatik sahədə çalışan tək-tük azərbaycanlılar da vardı. Xüsusən, 1828-ci ildə Təbrizə göndərilən heyətdə  region xalqlarının təmsilçilərinin olmasına xüsusi diqqət yetirilmişdi. Bu da ilk növbədə həmin şəxslərin dil bilgisi, yerli xüsusiyyətlərə bələdlikləri,  İranda müəyyən qohumluq və tanışlıq əlaqələinə malik olmaları ilə bağlı idi.

Elçiliyin ikinci katibi K.Adelunqun Təbrizdən atasına  göndərdiyi məktubda   “tatar xanlarının İrəvanda Qriboyedovun şərəfinə dəbdəbəli ziyafət” vermələrindən, Şərur düzündə təşkil olunmuş cıdır yarışmasından bəhs edilirdi. Güman ki, bu ünsiyyət Vəziri-Muxtarı yerli əhaliyə  inamla yanaşmağa, gürcü və ermənilərlə yanaşı, azərbaycanlıları da missiyaya cəlb etməyə həvəsləndirmişdi.

Onun  etibar etdiyi şəxslərdən biri də soydaşımız Dadaş bəy Dadaşov (XIX əsrin birinci yarısındakı bütün  həmvətənləri kimi, Dadaş bəyin də rus sonluğu ilə bitən soyadı yox idi. “Dadaşov” familiyası da çox güman, adından düzəldilmişdi) idi. Əvvəl diplomatik heyətin xəzinədarı vəzifəsini yerinə yetirən Dadaş bəy Tehrana səfər ərəfəsində Rəştə konsul təyin olunmuşdu. Türkmənçay müqaviləsinin VI bəndinə əsasən, Rusiya İranda qeyri-məhdud sayda konsulluq aça bilərdi.  İranın Rusiya və Avropa ilə ticarət yolu üzərindəki  strateji əhəmiyyətli Rəştə təyinat Dadaş bəyə böyük etimaddan xəbər verirdi.

Missiyanın fəaliyyəti ilə bağlı bir sıra vacib məsələlərin həlli də Dadaş bəyə etibar olunurdu. Məsələn, imperator I Nikolayın Fətəli şah Qacara göndərdiyi hədiyyələrin  Ənzəlidən Tehrana gətirilməsi bu qəbildən idi. Səfir Qriboyedov Rusiya Xarici İşlər nazirliyi Asiya Departamentinin direktoru K.K.Rodofinkinə 10 iyul 1828-ci il tarixli şifrəli məktubunda yazırdı: “Xahiş edirəm, hədiyyələrin Ənzəliyə nə zaman gəlib çatacağını xəbər verəsiniz ki, mən etibar etdiyim məmuru, dəqiq desəm, Dadaşovu ora göndərə bilim”. Rus diplomatik heyətinin Təbrizdə qaldığı üç aya yaxın müddət ərzində o, səfirin etibarlı köməkçisi kimi işlərin uğurla aparılmasına yardımını əsirgəməmişdi.

Qriboyedovun son portretinin  günümüzə  gəlib çatması da  Dadaş bəyin adı ilə bağlıdır. 1828-ci ilin dekabrında Qriboyedov etimadnaməsini təqdim etmək və bəzi məsələləri Fətəli şahla (şah xarici siyasətə rəhbərliyi üçüncü oğlu, vəliəhd Abbas Mirzəyə tapşırmışdı. Qacar xanədanı ilə diplomatik əlaqələri olan  ölkələrin elçiləri Abbas Mirzənin iqamətgahının yerləşdiyi  Təbrizdə qalır, yalnız  zərurət yarananda paytaxt Tehrana – şahın hüzuruna  gedirdilər)  müzakirə etmək üçün Tehrana yola düşdü. Dadaş bəy yenidən Təbrizə qayıtmamaq üçün şəxsi əşyalarını birbaşa Rəştə göndərmişdi. Növbəti 1829-cu il yanvarın 30-da səfir də daxil  rus missiyasının bütün üzvləri Tehranda öldürüləndən sonra (Ənzəli limanından yalnız yanvarın 29-da hədiyyələrilə  Tehrana gələn Dadaş bəy də  qətlə yetirilənlərin arasında idi) onun əşyaları Rəştdən doğma şəhəri Bakıya qaytarılmışdı. A.S.Qriboyedovun sonuncu portreti də beləcə mühafizə edilmişdi.

Hər iki tərəfdən onlarla adamın ölümü ilə başa çatan “diplomatik qırğını” yalnız Tehran qaragüruhunun vəhşiliyi kimi qələmə vermək düzgün olmazdı. Əslində, missiyaya hücumun təşviqində Qriboyedov və ətrafındakı adamların  da müəyyən rolu vardı. Əvvəla, rus səfiri  diplomatik etiketə müğayir hərəkətləri ilə şaha meydan oxumuşdu.  XIX əsrdə Qacar sarayında obrazlı şəkildə “corab diplomatiyası” adlanan protokol qaydası mövcud idi. Yəni heç kəs şahın hüzuruna  ayaqqabılı girə bilməzdi. Təbii ki, qayda  diplomatlara da şamil idi. Qriboyedov isə bunu bildiyi halda şahın hüzuruna uzunboğaz süvari çəkmələrində gəlmişdi. Bu da azmış kimi, şahla üzbəüz alçaq taxtda oturmaq istəməmiş, kreslo gətirilməsini tələb etmişdi. Kreslo şahın taxtından hündür olduğu üçün rus səfiri təbəələrinin “Allahın kölgəsi” saydıqları Fətəli şaha yuxarıdan aşağı baxmışdı. Beləliklə, şah bir neçə dəqiqənin içində iki dəfə ağır şəkildə təhqir edilmişdi.

Səfirin ətrafındakı ermənilər və missiya başçısının onlara rəğbətli münasibəti  də faciəni doğuran  amillər arasında idi. Qriboyedov sarayın maliyyə işlərinə və xəzinəyə baxan, hökmdarına xəyanət edib rusların yanına qaçan erməni əsilli Xacə Yaquba (Yaqub Markaryan) səfirlikdə sığınacaq vermişdi. Fətəli şah xacənin bütün sirləri açacağından qorxur, qətiyyətlə geri qaytarılmasını tələb edirdi. Rus elçisi isə saymazyana  şəkildə tələbdən boyun qaçırdı. Belə olanda şah Xacə Yaqubun xəzinədən oğurluq etdiyini, cinayətin izini itirmək üçün rus səfirinin himayəsinə sığındığını bildirdi. Lakin Qriboyedov  inadından dönmədi. Əksinə, mövqeyini daha da sərtləşdirib  Allahyar xanın hərəmdən qaçmış erməni əsilli iki arvadını da himayəsinə götürdü. Necə deyərlər, qaradan tünd rəng olmazdı. Artıq Tehranın bütün məscidlərində fitvalar verilir, cihad sədaları eşidilirdi.

Yanvarın 30-da rus missiyasının ətrafında gavurları cəzalandırmaq istəyən on minlərlə adam toplanmışdı. Vəziyyət nəzarətdən çıxmışdı. Hətta hökumət istəsəydi də, kütlənin qarşısını almaq mümkün deyildi. Nəticə faciəvi oldu: səfir də daxil  missiyanın 37 əməkdaşı qəddarcasına qətlə yetirildi.

A.S.Qriboyedovun diplomatik fəaliyyətindən bəhs edən elmi ədəbiyyatda təbii ki, digər əməkdaşlarla yanaşı, Dadaş bəyin adı çəkilsə də, indiyə qədər  şəxsiyyəti və milli mənsubiyyəti haqda dəqiq bilgi verilməyib. Məsələn, “Qriboyedov-diplomat” kitabının müəllifi O.Popova əsərinin bir yerində (s.148) Dadaş bəyin  gürcü, digər yerində  erməni (s.185) olduğunu yazır. “Qriboyedov və Şərq”, “Qriboyedov və Gürcüstan” kitablarının müəllifi İ.Yenikolopov isə Dadaş bəydən danışarkən nədənsə onu Vasili Dadaşov adlandırır və fikrini əsaslandırmaq üçün heç bir məxəz  göstərmir.

Maraqlıdır ki, O.Popova Dadaşbəyin milli mənsubiyyətindən bəhs edərkən  Yenikolopovun şifahi məlumatına əsaslanır. Həmin məlumata görə Vasili Dadaşovun kiçik qardaşı Abram da missiyada xidmət etmiş, səfirliyə hücum zamanı təsadüfən sağ qalmış və sonradan qardaşının şəxsi əşyalarının geri qaytarılması məqsədi ilə iddia qaldırmışdı.

Əvvəla qeyd edim ki, sağ qalan əməkdaşlar (yalnız üç nəfər – birinci katib İ.S.Maltsev, kuryerlər Arutyun Qazratov və Hambartsum xilas ola bilmişdilər) arasında Abram Dadaşov adlı şəxsə təsadüf edilmir. Üstəlik, Qacar xanədanı həlak olanların ailələrinə dəyən ziyanı ödəmiş, onların şəxsi əşyaları qeyd-şərtsiz geri qaytarılmışdı. Dadaş bəyin Təbrizdən Rəşt şəhərinə apardığı bütün şeylər də öz növbəsində Bakıya – ailəsinə göndərilmişdi.

İ.Yenikolopov O.Popovaya verdiyi şifahi məlumatda irreal Abramın qardaşı Vasili Dadaşovun əmlakını geri almaq üçün Qafqazın baş hakimi feldmarşal Paskeviçə yazılı müraciətini Tiflis arxivlərindən birində tapdığını demişdi. Ortaya təbii sual çıxır: belə bir mühüm sənədi aşkara çıxaran tədqiqatçı nə üçün ondan özü istifadə etmir? Sadəcə olaraq maraqlı tapıntı barəsində başqasına  danışmaqla kifayətlənir? Niyə özü bu barədə yazmır?

Gürcüstan Mərkəzi Dövlət arxivində  axtarış nəticəsində qraf Paskeviçə ünvanlanan müraciət mətnini aşkara çıxarmaq mümkün oldu. Məlum oldu ki, ərizəni İ.Yenikolopovun iddia etdiyi kimi Abram Dadaşov deyil, rus missiyasının keçmiş kuryeri, Marağa sakini Arutyun Qazratovun dilindən sıravi əsgər Vasili Yakov yazıb. Müraciətdə deyilir: “Mən Qacar sarayında, səlahiyyətli səfir Qriboyedovun yanında kuryer idim. Səfirlik İranın paytaxtı Tehrana yola düşəndə mərhum səfirin xüsusi tapşırıqlar üzrə məmuru Dadaş bəy Dadaşovla birlikdə İran şahına göndərilən dövlət hədiyyələrini qəbul edib Tehrana gətirmək üçün Qəzvindən Gilana yollandıq. Oradan Dadaşbəy məni məktubla mərhum Qriboyedovun hüzuruna göndərdi. Sonra yenidən Gilana qayıtdım, deyilən hədiyyələri də götürüb Dadaş bəylə Tehrana gəldik.  Şəhərə çatdığımız günün sabahı Qriboyedovla bağlı məşum hadisə baş verdi. Mən qorxumdan səfirliyin baş pristavı Nəzərəli xanın otağına qaçdım. Özümü xəstəliyə vurdum, yorğana bürünüb  küncdə uzandım. Xanın xidmətçisi həyatımı xilas etdi. Lakin əynimdəki paltardan başqa nəyim varsa, hamısını itirdim”. Arutyun Qazratovun (Abram Dadaşov yox!) müraciəti cavabsız qalmamışdı. Paskeviçin əmri ilə ona 60 manat gümüş pul verilmişdi.

Başqa bir cəhət də diqqəti cəlb edir. O.Popova  islamı qəbul etmiş gürcü Rüstəm Bejanovun Dadaş bəylə birlikdə istər Tehrana qədərki səfər müddətində, istərsə də paytaxtda yerli əhalini incitdiyini, bu hərəkətləri ilə onları rus missiyasına qarşı qaldırdıqlarını yazır. Hadisələrin iştirakçısı olmuş Arutyun Qazratov isə Dadaşbəyin hələ Qəzvində səfirklikdən ayrıldığını və qiyama bir gün qalmış Tehrana qayıtdığını təsdiq edir. Qriboyedovun təqdimatı ilə Dadaşnəyin Qacar dövləti tərəfindən İran ordeni və bahalı şalla mükafatlandırılması da onun səfirliyinin yaxşı əməkdaşlarından olduğunu düşünməyə əsas verir.

XIX əsr rus diplomatiyası tarixində Dadaşovlar nəslinin digər bir üzvünün də adına rast gəlmək mümkündür. Dadaş bəyin qardaşı oğlu Əbdülsalam Dadaşov  əmisinin yolu ilə gedərək təxminən 30 il ərzində Rusiyanın  İrandakı müxtəlif diplomatik missiyalarında çalışmışdı. 1885-ci ildə Tehrandakı rus səfirliyində fəaliyyətə başlayan Ə.Dadaşov 1901-ci ilə qədər Mazandaran əyalətinin Bolfruş şəhərindəki ticarət nümayəndəliyində işləmiş, 1905-ci ildə Astarabada konsul agenti təyin edilmişdi. 1914-cü ildə isə artıq Astarabaddakı Rusiya baş konsulluğunun vitse-konsulu idi. Ə.Dadaşovun taleyi də müəyyən dərəcədə əmisinin taleyini xatırladır. O, qabaqcadan hazırlanmış sui-qəsdin qurbanı olmuş, 1914-cü ildə Bolfruş şəhərində qətlə yetirilmişdi.

Tanınmış tacik tarixçisi, akademik Ə.Muxtarov 1962-ci ildə Tacikistan EA-nın “Xəbərləri”ndə Dadaşovların ailə relikviyası – Fətəli şah Qacara məxsus nadir ornamentli daraq haqda məqalə çap etdirmişdi. Darağı Ə.Muxtarova Dadaşovlar nəslinin Düşənbədə yaşayan nümayəndəsi – Ə.Dadaşovun oğlu Məhəmmədəli Dadaşov göstərmişdi. Həmin dövrdə Düşənbə Qadın Pedaqoji İnstitutunun müəllimi vəzifəsində çalışan M.Dadaşov öz ailəsində, xüsusən də Bakıda yaşayan qohumlarında 1828-ci il rus diplomatik missiyasının İrandakı fəaliyyəti ilə bağlı bəzi materiallar olduğunu demişdi. Onun bildirdiyinə görə, sənədlərin mühüm qismi Dadaşovlar nəslindən olan və Bakıda yaşayan Baxşı Dadaşovda toplanıb. Təbii ki, həmin məxəzlərin aşkara çıxarılması bir tərəfdən XIX əsrin ilk Azərbaycan diplomatlarından olan Dadaş bəy Dadaşovun fəaliyyətini hərtərəfli işıqlandırmağa, digər tərəfdən isə dövrün Azərbaycan-rus ictimai-siyasi əlaqələrini yeni fakt və sənədlər əsasında öyrənməyə imkan verərdi.

“Qriboyedov və Azərbaycan” mövzusunun bütün aspektlərinin araşdırılması yaradıcı ziyalılarımızın məşhur yazıçı və diplomatın həyatında, formalaşmasında oynadıqları rolu aşkara çıxarmaq baxımından da faydalı olardı. Diplomatik fəaliyyətə hazırlaşan A.S.Qriboyedov Sankt-Peterburq universitetində azərbaycanlı professor M.C.Topçubaşovun rəhbərliyi altında fars dilinə yiyələnmişdi. “Ağıldan bəla” müəllifinin Qafqazda yaxından tanış olub dostlaşdığı, kömək və məsləhətinə ehtiyac duyduğu yerli ziyalılardan biri də görkəmli Azərbaycan maarifçisi, şair və ictimai xadim A.Bakıxanov olmuşdu. Qriboyedov və rus missiyasının üzvlərinə Tehranda divan tutulmasının iki ölkə arasında yaratdığı gərginliyi aradan qaldırmaq məqsədi ilə Peterburqa göndərilən “üzrxahlıq missiyasının” tərkibində isə görkəmli Cənubi Azərbaycan şairi Fazil xan Şeyda da var idi. “Dövlətimizin üzünü günahkarlıq tozu bürüyüb, onu ancaq sizin lütf edəcəyiniz şəfqət suları yuya bilər” – Qacar heyətinin başçısı Xosrov Mirzənin çar I Nikolaya dediyi  bəlağətli sözlər də yəqin ki, Fazil Mirzənin düşüncəsinin məhsulu idi. Şahzadənin “qan  bahası” kimi gətirdiyi 88,7 karatlıq məşhur “Şah” almazını qəbul edən çar  lütfkarcasına “xoşagəlməz hadisənin unudulduğunu elan eləmiş, borcun ödənməmiş hissəsini Qacarlara bağışlamışdı.

Nəhayət, A.S.Qriboyedovun 1860-cı ildə Rusiya EA tərəfindən nəşr olunan əsərlərinin ilk akademik nəşrinə izah və şərh yazanlardan biri də azərbaycanlı alim, Sankt-Peterburq universiteti şərqşünaslıq fakültəsinin dekanı Mirzə Kazım bəy idi.

Yazıçı-diplomatı Yaxın Şərqlə tanış edən, onunla dostluq əlaqələri saxlayan, yaradıcılıq irsini araşdıran M.C.Topçubaşov, A.Bakıxanov və Mirzə Kazımbəydən fərqli olaraq Dadaş bəy Dadaşov məşhur Vəziri-Muxtarı şəxsən tanımış, rəhbərliyi altında işləmiş,  son nəfəsdə də yanında olmuşdu.

Vilayət Quliyev 

525-ci qəzet

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib

Sonrakı məqalə

Prezident İlham Əliyev Naxçıvanda bir sıra obyektlərin açılışında iştirak edib