İranlı rejissor Cəfər Pənahi Tehranda həbs edilib.
Azpost.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Pənahi digər iranlı rejissor Məhəmməd Rəsulofun işi üzrə ifadə vermək üçün dəvət olunduğu prokurorluqda saxlanılıb.
“İran İnternational” xəbər verir ki, Pənahi kinorejissorlar Məhəmməd Rəsulof və Mustafa Ələhmədin həbs olunmasına etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün həbs edilib. 300-dən çox sənət adamı rejissorların azadlığa buraxılması ilə bağlı bəyanat imzalayıb.
Məhəmməd Rəsulof sosial şəbəkədə İranın hüquq-mühafizə orqanlarını silahı yerə qoymağa və insanlara təzyiqləri dayandırmağa çağıran müraciətindən sonra saxlanılıb. Onu 70 kinorejissor dəstəkləyib. Söhbət bu ilin əvvəlində 41 nəfərin öldüyü Abadan şəhərindəki “Metropol” biznes mərkəzinin dağılmasından sonra iğtişaşların sərt şəkildə yatırılmasından gedir.
Hadisədən sonra insanlar yerli hakimiyyət orqanlarını “Metropol”un tikintisində korrupsiya və məsuliyyətsizlikdə ittiham edərək etiraz aksiyasına çıxıblar. Etirazçıları dağıdan İran polisi gözyaşardıcı qazdan istifadə edib. Nəşr əlavə edir ki, Cəfər Pənahi saxlanıldığı prokurorluqda həmkarının müdafiəsi üçün çıxış edib.
Cəfər Pənahi dəfələrlə beynəlxalq film festivallarında iştirak edib və mükafatlar qazanıb.
2010-cu ildə Pənahi hökumət əleyhinə fəaliyyətə görə məhkum edilib. O, 2009-cu ildə İranda keçirilən seçkilərdən sonra etiraz aksiyalarında iştirak edib.
Rejissor bir neçə il ev dustaqlığında olub. 20 il ərzində ona film çəkmək, müsahibə vermək qadağan edilib. Lakin o, gizli şəkildə rejissorluq fəaliyyəti ilə məşğul olub. Pənahi “Kann” kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib. Film İrandan tortun içinə gizlədilmiş yaddaş kartında aparılıb.
Azpost.info
