İraqda koronavirusa minlərlə insan yoluxub

03 Aprel 2020 - 10:16

Testlər prosesində yaxından iştirak edən üç həkimin və Səhiyyə Nazirliyi rəsmisinin bildirdiyinə görə, İraqda COVID-19-un təsdiqlənmiş halları xəbər verildiyi kimi 772 deyil, minlərlədir.

Mənbələrin hamısı adlarının gizli saxlanması şərtilə danışıb. İraq hökuməti tibb işçilərinə mediaya danışmamağı tapşırıb.

İraqın yeganə rəsmi orqanı olan Səhiyyə Nazirliyindən COVID-19 xəstəliyi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Reuters xəbər agentliyi nazirliyin təsdiqlənmiş yoluxma hallarının bildirildiyindən daha çox olub- olmadığı barədə məlumat vermədiyini deyir.

Səhiyyə Nazirliyinin cümə axşamı son açıqlamasında İraqda 772 yoluxma halının qeydə alındığı, 54 nəfərin öldüyü bildirilib.

Lakin Bağdadda koronavirusa yoluxmada şübhəli bilinənlərin testlərdən keçməsinə yardım edən üç həkim tibb işçiləri arasında aparılan müzakirələrə əsaslanaraq təsdiqlənmiş yoluxma hallarının 3000-lə 9000 arasında olduğunu deyir.

Yeni COVID-19 sınaqlarında iştirak edən Səhiyyə Nazirliyinin rəsmisi digər bölgələrdə və əyalətlərdə də yoluxma hallarının sayının artdığını, təkcə Bağdadın şərqində 2000-dən çox təsdiqlənmiş halın olduğunu deyib.